XX yüzilliyin əvvəllərindən ömrünün sonuna - 1977-ci ilə qədər ədəbiyyatımızı artıq pafosdan uzaq səmimi şeirləri, yaddaqalan obrazları ilə zənginləşdirmiş, əsərlərində istedad möhürü olan Əhməd Cəmilin poeziyası ədiblərimiz tərəfindən çox yüksək dəyərləndirilmişdir.

Böyük Nazim Hikmət yazırdı: “Onun poeziyası səhər mehi kimi dərhal adamın canına hopur... Onun lirik qəhrəmanı pafossuz danışır. Lakin bu pıçıltı da deyil. Mən şeirdə məhz bu cür dili sevirəm. Şair oxucularla nə barədə söhbət edirsə, etsin - Ə.Cəmilin bir çox şeirləri elə əsl dost söhbətini yada salır - onun ahəngi, demək olar ki, dəyişmir, özünün əvvəlki mülayimliyində və yapışıqlığında qalır”. Özü də M.Şəhriyarın ifadəsi ilə desək, “ilhami şeirləri” ilə oxucuların qəlbini fəth etmiş Xalq şairi Səməd Vurğun Əhməd Cəmilin poetik yaradıcılığını iki cəhətinə görə dəyərləndirirdi:əsərlərinin əsl ilhamın məhsulu olması, sözə qarşı hörmətçilliyi və diqqətçiliyi. “Şairin eşqi” adlı məqaləsində S.Vurğun yazır: “Mən şair Əhməd Cəmilin şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir. Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır, ilk baharın gülləri kimi ətir saçır. Bu nəğmələrdə zorlanmamış, heç bir təzyiq altına alınmamış bir qəlbin, həm də həqiqi bir şair qəlbinin çırpıntıları səslənir! Mən həqiqi şair dedim. Bu həqiqi ilham deməkdir. Əsl ilham könüllər yolçusu, könüllər aşiqi olan bir şairin hünəridir”.

Əli Kərim isə Ə. Cəmilin təkrarsız şeirləri barədə belə yazmışdır: “Bu şeirlərdə gurultu yerinə insan səsi, parıltı yerinə ürəyi qızdıran bir hərarət vardır. Onlarda xılt, yerinə düşməmiş kəlmə tapmaq çətindir. Əhməd Cəmil bu cəhətdən bizim ədəbiyyatımızda nadir sənətkardır. Yağışdan sonrakı bahar havası kimi şəffaf, ətirli şeirlər müəllifi olan şairin kəmiyyətcə az yazmasının səbəbi də budur”. Şairin II Dünya müharibəsi illərində yazdığı əsərlərini yüksək dəyərləndirən akademik Bəkir Nəbiyev deyir: “Ə.Cəmil müharibə dövrü Azərbaycan poeziyasını yaradanların şərəfli cərgəsində öz əbədi yerini tutmuşdur”.

Şairin yaradıcılığı haqqında deyilənlərə nəyi isə əlavə etmək çətin məsələdir. Çünki bu deyilənlərdə onun yaradıcılığını gələcəyə aparan, unudulmağa qoymayan əsas cəhətlər göstərilmişdir. Fikrimizcə, “Ə.Cəmilin poetik obrazlar aləmindən qısaca da olsa danışmağımız yerinə düşərdi. Onun şeirlərinin səmimiliyindən, dilinin sadəliyindən danışırdıq. Şairin poetik obrazlarının özünəməxsusluğunu da xüsusi olaraq qeyd etmək istərdik. “Zəmilər” şeirində dərin müşahidə qabiliyyətinin, assosiativ təfəkkürünün məhsulu olan obrazlar bir-birinin ardınca gəlir. Asfalt yollar dağların sinəsinə yazılmış günəşli misralara, lalələr dağların süfrəsinə düzülmüş al piyalələrə bəzədilir. Əsən küləyin yırğaladığı, əmin-amanlıq, bolluq rəmzi sünbüllər gülməkdən özünü ayaq üstündə saxlaya bilməyən adamlara oxşadılır:

Sünbüllər səssizcə uğunub gedir,
Gülməkdən özünü ayaq üstündə
Saxlaya bilməyən adamlar kimi.

Bu şeir insanın sadəcə həyatdan, yaşamaqdan, təbiətdən, əmin-amanlıqdan sevinməsinin ifadəsidir:

Yayın günəşi bol, günləri uzun,
Dağ-daş əkinidir bütün kolxozun...
Kənd yaman axışıb biçinə bu il!

Zil gülüş səsləri gəlir zəmidən...
Dönürəm-bu dəfə sünbüllər deyil,
Başına qırmızı ləçək bağlanmış
qızlardır gülən.

Bu şeiri 1960-cı ildə yazan Əhməd Cəmil əmin-amanlığın, buludsuz səmanın qədrini çox gözəl bilirdi. Çünki İrəvanın tanınmış seyid nəslindən olan şair uşaq ikən, 1918-ci ildə erməni faşistlərinin törətdikləri vəhşiliklərin nəticəsində ailəsi ilə birlikdə vətənini tərk edib Gəncəyə köçməyə məcbur olmuşdu. Türkiyədə olduğuna görə həbsə salınmış qardaşı orada vəfat etmişdi. II Dünya müharibəsi illərində Krımda və Şimali Qafqazda törədilən müharibə dəhşətlərini öz gözləri ilə görmüşdü. Tədqiqatçıların gözlərindən yayınan və ya görüb nəzərə çatdırmadıqları bir cəhəti qeyd etmək istərdik. Əhməd Cəmil şeirlərində alman faşistlərinin cinayətlərindən danışarkən, uşaqlıq xatirələrini canlandıraraq adını çəkmədən erməni faşistlərinin cinayətlərindən də söz açmışdır. Şairin tərcümeyi-halından, daxili dünyasından xəbərdar olan adam onun “Qaçqınlar” şeirini oxuyanda bunu hiss edə bilər.

Əhməd Cəmili şəxsən tanıyanlar bilirlər ki, o, xasiyyətcə şeirlərinə bənzəyib, çox sakit adam olub, daxilindəki təlatümlərin üzə çıxmasına yol verməyib, hiss və həyəcanlarını ifadə edərkən təbii olaraq dövrünün qadağalarını da nəzərə almağa məcbur olub. Onun dövrün tələbi ilə yazdığı, Sovet bayramlarına, əmək qəhrəmanlarına həsr etdiyi şeirlərində də bir səmimilik, istilik, həlimlik var, pafosdan əsər-əlamət yoxdur. Xəzər neftçilərinə o, aşağıdakı misraları həsr etmişdir:

Baxma sular çox dərindir,
Baxma göylər dumandır.
Xəzər sənin öz mehriban
Doğma, əziz anandır.

Dalğa döyən hər buruğun
Gündüz göyə dayaqdır,
Gecə yanan min ulduzun
Min göz qırpan mayakdır.

Əhməd Cəmilin II Dünya Müharibəsi illərində yazdığı şeirlərin bu gün də təsir gücünü itirməməsinin əsas səbəblərindən biri şairin bu hadisələrin canlı şahidi olmasıdır. Əlbəttə, ondan da vacib səbəb istedaddır.

İstedadlı şair, yazıçı şəxsən görmədiyi hadisəni onun şahidindən daha təsirli təsvir edə bilər. Məlum fakdır ki, məsələn, onun “Can nənə, bir nağıl de!” şeiri müharibədə iştirak edən azərbaycanlı əsgərlərin də, arxa cəbhədəkilərin də dillər əzbəri olub. Şair sonrakı illərdə də müharibə mövzusuna qayıtmışdır. Onun 1976-cı ildə qələmə aldığı “Mamay kurqanında” şeirində döyüşlərdə həlak olmuş əsgərlər bu gün də bir-biri ilə ancaq özlərinin anladığı dildə danışır, şahidi olduqlarını, necə öldüklərini anladırlar. Müəllif müharibə qurbanlarının acısını gənc yaşlarında həlak olmuş əsgərlərin qısa dialoqları vasitəsi ilə ifadə edir, bu təəssüf hissi oxucuya sirayət edir:

- Volqa qəmli çaydı...
Kədərli çaydı....

Orda gəmimizi bombaladılar,
Çarpanaq qolumu aparmasaydı,
Mən üzüb çıxardım....
Üzməyə nə var?!

Əhməd Cəmil poeziyasının bir çox cəhətləri bundan sonra da araşdırılmalı, onun yaradıcılığının ayrı-ayrı məsələlərinə dair dissertasiyalar yazılmalıdır. Özündən sonrakı nəslin nümayəndəsi olan şairlərin yaradıcılığına təsir etmiş, Ə.Cəmil poeziyası XX əsr Azərbaycan ədəbiyyatının dəyərli səhifələrdən birini təşkil edir. Ömrünün son günlərində yazdığı şeirlərindən birində şair o, dünyadan köçdükdən sonrakı həyatı xəyalında canlandırmağa çalışır, əmin olduğunu bildirir ki, o zaman da xoş bir xatirə kimi insanların qəlbində yaşayacaqdır:

Gəzəcəkmi sözlərim
     yenə ağızda, dildə?!
İnanıram, bilirəm
Onda mən olmasam da
     qəlblərdə qalacağam,
Bir xəyala çevrilib
     buluda dolacağam;
Onların başı üstdən
Uçduqca
     uzaq şirin xatirə olacağam.

Ölümündən qırx il keçdikdən sonra Əhməd Cəmil poeziyasının zamanın sınağından keçdiyini deyə bilərik. Nə yaxşı ki son illərdə şairin ədəbi irsinin yeni əlifbada nəşri işinə başlanmışdır. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyi “Nurlan” nəşriyyatında onun “Dünyanın gözəlliyi” adlı şeirlər toplusunu nəşr etdirmişdir (Tərtibçi şairin qızı Sevil Cəmilzadədir). Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə şairin “Şərq-Qərb Nəşriyyat Evi”ndə şeirlər və məqalələr toplusunun birinci cildi işıq üzü görmüşdür (Tərtibçilər şairin övladları Sevil Cəmilzadə və Eldar Cəmilzadədir). Sevil Cəmilzadə kitaba yazdığı kiçik ön sözdə Ə.Cəmilin həyatı barədə qısa məlumat vermiş, kitabın tərtibi prinsipindən söz açmışdır. Sevil xanım bildirir ki, şairin indiyə qədər çapdan çıxmış kitablarında şeirlər mövzuya görə düzülmüşdü. Təqdim edilən yeni iki cildlikdə isə şeirlər xronoloji prinsip əsasında sıralanmışdır ki, bu da gələcək tədqiqatçıların işini xeyli asanlaşdıra bilər. Kitaba salınmış məqalə və müsahibələr şairin yaradıcılığını izləmək, araşdırmaq baxımından böyük əhəmiyyyətə malikdir.

XXI əsr oxucusunu Əhməd Cəmil yaradıcılığı ilə yeni görüş gözləyir.
525.az