Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Şuşa ili”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Böyük Qayıdış” Gənclər Təşkilatının təşəbbüsü ilə “Şuşa ədəbi mühiti” mövzusunda elmi seminar keçirilib. Seminardan əvvəl gənclər İnstitutun ekspozisiya zalında nümayiş olunan “Şuşa Qarabağın incisidir” adlı sərgiyə tamaşa edib, burada Əlyazmalar İnstitutunun Əlyazma və şəxsi arxivlər fondunda mühafizə olunan Şuşa ədəbi mühitinin yetirmələrinin əsərlərinin əlyazma nüsxələri və mədəniyyət paytaxtına aid tarixi əhəmiyyətli sənədlərlə tanış olublar.

Daha sonra İnstitutun akt zalında seminarın açılışı olub. İnstitutun alimləri – “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov, icraçı direktor, filologiya elmləri doktoru Paşa Kərimov və elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə seminarda Qarabağ folkloru, Şuşanın poeziya nümunələrində əksi, Qarabağ ədəbi-mədəni mühitinin intibah dövrü, Şuşa ədəbi mühitinin ədəbiyyatımıza qazandırdığı simalar və başqa mövzular haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Tədbirin sonunda xatirə şəkli çəkilib. Qeyd edək ki, elmi seminar gənclər arasında Şuşa şəhərinin qədim tarixi və zəngin mədəni irsi haqqında məlumatlılığın artırılması məqsədi ilə təşkil olunub.

manuscript.az