Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Şuranın gündəliyində duran məsələlərdən biri görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarix elmləri doktoru, professor Həsən Həsənova İnstitutun “Fəxri doktoru” diplomunun təqdim edilməsi olub. Elmi Şuranın iclasını baş direktor, akademik Teymur Kərimli açaraq bildirib ki, sədrlik etdiyi şuranın bütün üzvlərinin yekdil qərarı ilə Həsən Həsənov İnstitutun “Fəxri doktoru” adına layiq görülüb. Daha sonra akademik sözü İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfova verib. Elmi katib iştirakçılara alimin ictimai-siyasi fəaliyyəti, elmi yaradıcılığı və Əlyazmalar İnstitutu qarşısındakı xidmətləri haqqında geniş məlumat verib.

İclasda İnstitutun icraçı direktoru, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə, Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yusif Bağırlı və Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov çıxış edərək Həsən Həsənovun bədii yaradıcılığından, ölkəmizdə və xaricdə elmi fəaliyyətindən, Gəncə şəhərinin yenidən qurulması və mədəniyyət abidələrinin mühafizəsindəki rolundan, Əlyazmalar fondunun İnstituta çevrilməsi sahəsində göstərdiyi xidmətlərindən bəhs edib, həmçinin onun Əlyazmalar İnstitutunun fəxri oxucusu olduğunu vurğulayıblar. Belə ki, Həsən Həsənov hələ Mərkəzi Komitədə işləməyə başladığı ilk illərdən institutumuzun fondunda mühafizə olunan materiallarla tanış olmuş və Mirzə Fətəli Axundzadənin şəxsi arxivini tədqiq edənlərdən biri kimi tanınmışdır. İclasın sonunda görkəmli xadim göstərilən bu etimada görə hər kəsə təşəkkürünü bildirib və öz növbəsində xarici ölkələrin kitabxana və muzeylərində qorunan azərbaycanlı müəlliflərin və Azərbaycana dair 50-dən çox əsərin nadir əlyazma nüsxəsini İnstitutun fonduna hədiyyə edib. Qeyd edək ki, iclasda tarix elmləri doktoru Həsən Həsənov Əlyazmalar İnstitutunun Elmi Şurasının üzvü seçilib.

manuscript.az