Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi professor Raqub Kərimovun elmi və pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan bəhs edib. Daha sonra sözü Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimliyə verib. Akademik yubilyarın zəngin elmi irsi, fədakar pedaqoji və məhsuldar elmi-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verib, Raqub Kərimovu 75 illik yubileyi münasibətilə təbrik edib, ona yeni nailiyyətlər diləyib.

Tədbirdə akademik Möhsün Nağısoylu, Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov, yazıçı-publisist Mustafa Çəmənli, filologiya elmləri doktoru Yaqub Babayev, İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Firidun Qurbansoy, İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədova, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri Elnurə Babayeva, həmin şöbənin əməkdaşı Novruz Bəkirov, İrs komissiyasının sədri, əlyazmaşünas Sona Xəyal və İnstitutun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov çıxış edərək yubilyara öz ürək sözlərini və təbriklərini çatdırıblar.

Alim də öz növbəsində tədbir təşkilatçılarına və mərasim iştirakçılarına təşəkkür edib, yaradıcılığına verdikləri yüksək dəyərə görə minnətdarlığını bildirib. Tədbirin sonunda yubilyara gül dəstəsi təqdim olunub, xatirə şəkli çəkilib. Qeyd edək ki, Raqub Kərimov 1982-ci ildə “XIX əsrin ikinci yarısı farsdilli Azərbaycan poeziyası” mövzusunda namizədlik, 2017-ci ildə “Qasım bəy Zakir: həyatı, dövrü, mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, “Farsdilli Azərbaycan poeziyası (XIX əsərin II yarısı)” və “Qasım bəy Zakir və müasirləri” monoqrafiyalarının, “Abdulla bəy Asinin həyat və yaradıcılığı” və digər elmi əsərlərin müəllifidir.

manuscript.az