9 dekabr 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Heydər Əliyevin vəfatının 18-ci il dönümünə həsr edilmiş “Heydər Əliyev Nizaminin liderlik təliminin örnəklərindən biri kimi” mövzusunda elmi sessiya keçirilib. Tədbir Ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Elmi sessiyanı Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açaraq Ulu öndərin bütün ömrünü Azərbaycanın tərəqqisinə, onun elmi potensialının yüksəlməsinə, maddi və mənəvi mədəniyyətinin inkişaf etdirilməsinə həsr etdiyini bildirib, dahi şəxsiyyətin Nizami Gəncəvi irsinin tədqiqi və təbliğində misilsiz xidmətlərindən bəhs edib. Alim Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və mənəviyyatına qayğı və diqqət yetirən, himayə edən böyük şəxsiyyət olduğunu xüsusi vurğulayıb, Əlyazmalar İnstitutunun məhz onun qayğı və diqqəti sayəsində formalaşdığını qeyd edib.

Elmi sessiyada institutun baş elmi işçisi, fil.e.d., professor Qaley Allahverdiyevin “Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, institutun baş elmi işçisi, tarix.e.d. Tahirə Həsənzadənin “Heydər Əliyev və Azərbaycanın sərhəd təhlükəsizliyi strategiyası”, institutun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent İbrahim Quliyevin “Heydər Əliyevin multikulturalizm siyasəti” mövzusunda məruzələri dinlənilib. Sonra məruzələr ətrafında çıxışlar olub. İnstitutun icraçı direktoru, fil.e.d., dosent Paşa Kərimov və elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov milli dövlətçilik tariximizdə Heydər Əliyevin Nizami irsinə, onun yaradıcılığına münasibəti ilə bağlı dəyərli fikirlərini bölüşüblər. Tədbirin sonunda institutun “Kitabxana və elmi informasiya” şöbəsinin Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibəti ilə hazırladığı kitab sərgisi nümayişi olunub.

manuscript.az