Noyabrın 6-da Xəzər Universitetinin "Xəzər”in ədəbiyyat səyyahları” ədəbi-fəlsəfi məclisi “Poeziyamızda Əli Kərim izi” mövzusunda onlayn seminar keçirib. AZƏRTAC xəbər verir ki, tədbir Əli Kərimin 90 illiyi münasibətilə təşkil edilib. Universitet müəllimlərinin, Humanitar, Təhsil və Sosial elmlər, Təbiət elmləri və Mühəndislik fakültələri tələbələrinin, həmçinin Cəlilabad rayon Alar kəndi 1 noyabr orta məktəb və Lənkəran şəhər Peşə Liseyi müəllimlərinin də qatıldığı geniş formatda keçirilən bu tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın katibi İntiqam Yaşar iştirak edib.

Əvvəlcə Əli Kərimin öz səsində dillər əzbəri olan “İki sevgi” və “Atamın xatirəsi” şeirləri səsləndirilib. Tədbirin moderatoru Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı seminarın Zəfər Günü və Bayraq Günü ərəfəsində keçirildiyi bir vaxtda Əli Kərim yaradıcılığını Azərbaycan poeziyasının zəfəri kimi mənalandırıb, şairi poeziyamızın qalib bayraqdarlarından biri hesab etdiyini dilə gətirib, şeirlərindən nümunələr söyləyərək, əslində, Əli Kərim şeirinin yeni bir pillə, bir mərhələ təşkil etdiyinə diqqət çəkib.

Unudulmaz şairin oğlu dosent Paşa Kərimov 44 günlük Vətən müharibəsindən qalib çıxan xalqın övladı kimi Əli Kərimin “Qaytar ana borcunu” şeirinin diqqət edilsə, elə “Qaytar Vətən borcunu” demək olduğunu söyləyib, Əli Kərimin yaradıcılıq bioqrafiyasından maraqlı məqamlara toxunaraq, onun böyük türk şairi Nazim Hikmətlə görüşündən, şairin şeirlərindəki dərin psixologizmdən söz açıb.

Şair İntiqam Yaşar Əli Kərimi poeziyamızda hadisə kimi dəyərləndirərək, ona olan sevgisinin məktəbli yaşında ikən oxuduğu “Babəkin qolları” şeiri ilə yarandığını dilə gətirib, şeirlərindən misallar çəkərək, iştirak etdiyi görüşlərdə oxuculara həmişə şairin kitablarını da hədiyyə etdiyini söyləyib.

Dosent Günay Qarayeva Əli Kərim yaradıcılığının bir özəlliyinin də şairin həyatı dərindən dərk etməsində olduğunu deyib, onun şəxsiyyəti ilə yaradıcılığı arasında müvazilik gördüyünü vurğulayıb. “Adi bir detalı süjetə, poetik obraza çevirmək ustalığı vardı, obrazı mətnə çevirirdi, amma bu mətn də genişlənmirdi, elə öz “bətnində” ümumiləşirdi”,– deyə bildirib. G.Qarayeva üslub polifonizminə rəğmən şairin fərdi üslubla, metaforik kontrastlarla meydana çıxdığını, bir çox şeirlərinin təzadlar üzərində qurulduğunu bildirib. Bu kimi orijinal məziyyətlərini Əli Kərimin bənzərsiz poetik istedadı ilə əlaqələndirib.

Dillər və ədəbiyyatlar departamentinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Gülşanə Xudiyeva şairin “Həmişə səfərdə”, “O qıza” adlı məşhur şeirlərini özünəməxsus intonasiya ilə tədbir iştirakçılarına çatdırıb.

Cəlilabad rayon Alar kənd 1 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şövqi Hüseynzadə şairi Nazim Hikmətlə müqayisə edib və təkcə “Qaytar ana borcunu” şeirinin deyil, “Azərbaycan”, “Babəkin qolları”, “Şəhidliyin zirvəsi” şeirlərinin də dərsliklərə salınmasının faydalı olduğunu söyləyib.

Lənkəran Peşə Liseyinin müəllimi Etibar Nəhmətli çıxışında “obraz” sözünün etimologiyasına, mahiyyətinə vararaq, Əli Kərimin həyatdakı obrazları “simalandırıb, sürətləndirib” gözlənilmədən poetik obrazlara çevirdiyindən danışıb, şeirlərinin gənclər tərəfindən öyrənilməsinin əhəmiyyətindən söz açıb.

Bir qədər fərqli formatda keçən seminarda Təbiət elmləri və Mühəndislik fakültəsinin tələbələrindən Zöhrə Həmidova, Səmanə Nəhmətzadə, Nuranə Şabılı, Zərbab Nəsirli şairin şeirlərini səsləndirib, onun yaradıcılığı ilə bağlı suallar ünvanlayıblar.

Sonda Paşa Kərimov suallara cavab verib, tədbirin təşkilatçılarına minnətdarlıq ifadə edib.

Kimya-biologiya ixtisası üzrə təhsil alan I kurs tələbələri Cəmalə Yadigarova, Gülnaz Hüseynzadə, Zöhrə Həmidova, Zəhra Sadıqzadə, Arzu Azayeva Əli Kərimə həsr etdikləri təqdimatları "Xəzər”in ədəbiyyat səyyahları” ədəbi-fəlsəfi məclisinin elektron kitabxanasına hədiyyə ediblər.

azertag.az