Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 noyabr – Zəfər gününə həsr olunmuş “Qanla yazılan tarix” adlı tədbir keçirilib. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya üzrə elmlər doktoru Paşa Kərimov müharibədə şəhid olmuş qəhrəman və qazilərin ailələrinə göstərilən diqqət və qayğıdan bəhs etmişdir. O, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənə layiqli cavab verildiyini qeyd edərək vurğulayıb ki, Qarabağ savaşında qazanılan şanlı qələbə xalqımızın və ordumuzun dövlət başçısı, müzəffər Ali baş komandan ətrafında birləşməsinin bariz nəticəsidir. Tədbirdə həmçinin Əlyazmalar İnstitutu Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifli, Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Günaydın və Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadə çıxış edərək iştirakçıları möhtəşəm Zəfər günü münasibətilə təbrik etdilər, mənfur düşmən üzərində əldə olunan qələbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin mühüm rol oynadığını bildirdilər.

Tədbirin sonunda Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən kitab sərgisinə baxış keçirildi.

manuscript.az