“Neman ilə Simnarın əhvalatı” əfsanə, yoxsa tarixi reallıq? Bu suala AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun müəllifi olduğu kitabda cavab axtarılır. “Xəvərnəq qəsri: tarix və bədii həqiqət” adlı yeni nəşrin baş elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, rəyçiləri filologiya elmləri doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoydur.

Kitabda böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında yer alan “Simnar və Neman” əhvalatı tarixi mənbələrin fonunda təhlilə cəlb olunub. Xəvərnəq qəsri, Simnar və Neman obrazlarının prototipləri, şairin bu əsəri qələmə alarkən bəhrələndiyi ilkin mənbələr və s. haqqında ətraflı məlumat verilib. Yeni nəşrdə araşdırmanın əsas tədqiqat hədəfi olan hər iki şəxsi – Sinninmar (poemada Simnar) və Nümanı birləşdirən, onların adının tarixdə əbədiləşməsinə səbəb olan tikili Xəvərnəq qəsri ilə də bağlı maraqlı faktlar əks olunub.

Kitabda, həmçinin Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından parçalar, farsca orijinal mətn, Azərbaycan dilinə filoloji, poetik tərcümələr, eyni zamanda farscadan ingilis dilinə tərcümə yer alıb.

manuscript.az