Fevralın 19-da YUNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin fəaliyyətinə dair onlayn görüş keçirilib. Görüşdə YUNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinin I katibi Ülkər Əlibəyli, Komitənin sədr müavinləri – Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, koordinatoru akademiyanın Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı və katibi Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, idarənin rəis müavini Günel Məmmədova və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Bünyamin Seyidov iştirak ediblər.

Tədbiri giriş sözü ilə E.Əlirzayeva açaraq iştirakçılara gündəlikdə duran məsələlər barədə məlumat verib. Müzakirə olunan ilk məsələ YUNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin əsasnaməsi və tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı olub. Əsasnaməyə əlavə və dəyişikliklər müzakirə olunub, Milli Reyestrin yaradılmasının əhəmiyyəti vurğulanıb, təkliflər əsasında layihə təkmilləşdirilib. Qeyd olunub ki, səlahiyyət müddəti 4 il müəyyən olunan Komitənin tərkibinin yarısı 2 ildən bir, digər yarısı isə 4 ildən sonra dəyişdirilə bilər.

İclasın gündəliyində yer alan məsələlərdən biri də Əlyazmalar İnstitutunun fondlarında saxlanılan nadir əlyazma nümunələri ilə bağlı olub. Bu barədə Nigar Babaxanova çıxış edərək 2020-ci ildə Xurşidbanu Natəvanın “Gül dəftəri” albomunun YUNESKO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilməsi ilə əlaqədar görülən işlər haqqında ətraflı məlumat verib. N.Babaxanova 27 iyul-21 avqust 2020-ci il tarixlərində YUNESKO-nun Cənubi Koreya Milli Komitəsinin təşkilatçılığı ilə keçirilən onlayn tədbirlərdə təqdim olunan əlyazma haqqında həm əsas, həm də plenar iclaslarda çıxışlar edib, namizəd əlyazmanın unikallığı, elmi, tarixi, bədii əhəmiyyəti ilə bağlı institutun mövqeyini və obyektiv qiymətləndirməyə yardım edəcək mötəbər arxiv sənədlərini ekspertlərin diqqətinə çatdırıb.

Əlyazmalar İnstitutunun təşkilatçılığı nəticəsində Xurşidbanu Natəvanın “Gül dəftəri” ilə bağlı 2020-ci il oktyabrın 21-də AzTV kanalında “YUNESKO – Dünya Yaddaşı Reyestrinə daxil olan Azərbaycan əlyazmaları” mövzusunda veriliş yayımlanıb. Həmçinin institutun əməkdaşları ötən il ərzində “Azərbaycan şairələrinin əlyazmaları”ndan ibarət videoçarx (10 şəkil) və “Xurşidbanu Natəvanın “Gül dəftəri” albomu (M-117)”nun tanıtımı məqsədilə Azərbaycan və ingilis dillərində materiallar hazırlayıblar.

İclasda Arzu Məmmədxanlı 2021-ci ilin Novruz bayramı ərəfəsində Əlyazmalar İnstitutunda saxlanılan və YUNESKO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilən əlyazmaların sərgisi (2021-ci il mart-aprel ayları) haqqında məlumat verib və bu mövzuda vurtual sərginin hazırlanmasına dair qərar qəbul olunub.

Tədbirdə, həmçinin Dünya Yaddaşı Proqramının Bakıda keçirilməsi təklif edilən 3-cü regionlararası konfransına dair müzakirələr aparılıb.

Sonda iştirakçılar Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin fəaliyyəti ilə əlaqəli respublika daxilində tədbirlərin keçirilməsinin və müxtəlif ölkələrin Milli Komitələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Xatırladaq ki, indiyədək Əlyazmalar İnstitutunda saxlanılan 4 unikal əlyazma - Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” və Məhəmməd Füzulinin anadilli “Divan”ı Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilib.

science.gov.az