Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” adlı onlayn beynəlxalq elmi konfrans keçirilib. Dahi özbək şairi, görkəmli dövlət xadimi Zahirəddin Məhəmməd Baburun anadan olmasının 538 illiyinə həsr olunan konfransda Özbəkistanın və Əfqanıstanın Azərbaycandakı səfirləri də iştirak ediblər. Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” konfransından sonra M.Baburun yubileyinin qeyd olunmasını qardaşlıq əlaqələrinə mühüm töhfə kimi qiymətləndirib. Özbəkistanın ölkəmizdəki səfiri Bəhram Əşrəfxanov çıxışında Baburu öz dövrünün ensiklopedik şəxsiyyəti adlandıraraq onun elm, ədəbiyyat, hərbi, diplomatiya sahəsində göstərdiyi xidmətlərdən söz açıb.

Tədbirdə çıxış edən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov ölkələrimiz arasında elmi, ədəbi əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz açıb. Alimin konfransda təqdim etdiyi “Baburun rübailəri” mövzusunda məruzə böyük maraqla qarşılanıb. Tədbirdə, həmçinin Əfqanıstanın ölkəmizdəki səfiri Amanulla Ceyhun, Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə birinci müavini Nadir Xalbutayev, filologiya elmləri doktorları Almaz Ülvi, Yaşar Qasımbəyli, Cəlaləddin Curayev, Bəsirə Əzizəliyeva və Xürrəm Rəhimov, filologiya üzrə fəlsəfə doktorları Şəhla Məcidova, Obidaxan Fayzullayeva, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin şöbə müdiri, professor Nurbay Cabbarov və digərləri çıxış ediblər.

manuscript.az