“Qələmdir nizeyi-gülgunimiz meydan günü, Qövsi” (Qövsi Təbrizi) “Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.” (Abdulla Şaiq)

“Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisi edir” – Böyük Azərbaycan yazıçısı Nəcəf bəy Vəzirovun bu dəyərli fikrini qədim əlyazma kitablarına şamil edərkən, bu varisliyin həm də nə qədər böyük bir mirasa – maddi-mənəvi xəzinəyə sahiblik olduğunu dərk edirik. Uzaq əsrlərdən bugünümüzə miras qalan milli-mənəvi xəzinəmiz olan əlyazma kitablarında ulu əcdadımızın, babalarımızın, nənələrimizin duyğu və düşüncələrinin, elmi-nəzəri, təcrübi biliklərinin, ədəbi-bədii təfəkkürünün təcəssümü, ruhlarının hərarəti, əl izləri, silinməz imzaları yaşamaqdadır. Bu gün artıq 70 illik yubileyini qeyd etməyə hazırlaşan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun zəngin xəzinəsində qorunub saxlanılan əlyazma kitablarını tədqiq edən dəyərli alimlərimiz həm də mənəvi irsimizin fədakar keşikçiləridir. Belə fədakar alimlərimizdən biri də filologiya elmləri doktoru Paşa Kərimovdur. Görkəmli mətnşünas alim, ədəbiyyat tariximizin ləyaqətli tədqiqatçısı, filologiya elmləri doktoru Paşa Əli oğlu Kərimov 1959-cu ildə Bakı şəhərində anadan olub. Şair ailəsində dünyaya göz açıb. Sözdən, poeziyadan özünə əbədi səltənət quran, bənzərsiz poeziyasının cazibəsi ilə təkcə dünənin deyil, bu günün, hətta “gələcək zamanların şairi” olan Əli Kərimin Sözlə, ədəbiyyatla nəfəs alan layiqli varisi, əziz övladıdır Paşa müəllim. 1982-ci ildən, Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirəndən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışır. Hal-hazırda Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, “Multidistiplinar əlyazmalar və çap kitabları” şöbəsinin müdiridir. 1991-ci ildə “Əlican Qövsi Təbrizinin “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” mövzusunda fəlsəfə doktorluğu, 2012-ci ildə isə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib. Uzun illərdir, klassik ədəbi abidələrimizin filoloji, tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğuldur. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Yusif bəy Ustaclu və b. türkcə divanlarını, XVII əsrin sonları, XVIII əsrin əvvəllərində yaşamış Təsir Təbrizinin, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra başqa əlyazma abidələrimizi çap etdirib. Nəşrə hazırlayıb ədəbi ictimaiyyətə təqdim etdiyi kitablar içərisində “XVII əsr Azərbaycan lirikası” antologiyası və Nəcəfqulu bəy Şeydanın “Gülşəni-maarif” təzkirəsinin də özünəməxsus yeri var. Bu günədək 5 monoqrafiyası, tərtib edib nəşrə hazırladığı 30-a yaxın kitabı, 500 – dən artıq elmi və elmi-kütləvi məqaləsi işıq üzü görüb, 60 kitabın isə elmi redaktorudur. Dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanılan, Azərbaycan elm və mədəniyyət tarixində əhəmiyyətli rola malik, sayı 40-a yaxın qiymətli əlyazma əsərinin surətinin AMEA Əlyazmalar İnstitutuna gətirilməsinə nail olub. Paşa Kərimov UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Şurasının sədr müavinidir. Özbəkstan, Türkmənistan, Türkiyə, Əfqanıstan, İtaliya və b. ölkələrdə keçirilən çoxsaylı beynəlxalq konfransların iştirakçısıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ədəbi yaradıcılığa şeirlə başlayan Paşa Əlioğlu bədii tərcümə ilə də məşguldur. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin elmi-bədii şurasının üzvüdür. “Azərbaycan”, “Filologiya məsələləri”, “Multikulturalizm” və b. jurnalların redaksiya heyətinin üzvüdür. Bu səmərəli elmi-ədəbi yaradıcılığı həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə bir sıra mükafatlara layiq görülüb. Kamal Tahirin “Yorğun Savaşçı” romanının tərcüməsinə görə Azərbaycan Yazıçılar Birliyinin “Tofiq Bayram” adına mükafatına (2001) , məhsuldar elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının “Fəxri Fərman”ına (2010) , Ümumtürk ədəbiyyatına xidmətlərinə görə Türk Ədəbiyyatı Vəqfinin “Türk ədəbiyyatına xidmət baratı” mükafatına (2012) və Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalına ( 2015) və İqtisadi Əməkdaşlıq Təşkilatının Pakistanda keçirilən sammitində “Elm və texnologiya” mükafatına (2017) layiq görülüb. Mükafatı alimə Pakistan Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif təqdim edib.

Paşa Kərimovu mətnşünas alim kimi dəyərləndirərkən, hər şeydən öncə, onun “Əlican Qövsi Təbrizi “Divan”ının tekstoloji tədqiqi” monoqrafiyasının ön sözündə görkəmli şərqşünas Y.E.Bertelsdən mətnşünaslıqla əlaqədar gətirdiyi sitatı xatırlatmaq istərdim. “Belə düşünmək lazım deyildir ki, klassik mətni nəşr etmək üçün bir neçə qədim əlyazma seçib, sonra onlardan bir mətn tərtib etmək kifayətdir. Abidənin nəşri nə mexaniki, nə də texniki işdir. Bu, mürəkkəb tədqiqat işinin xüsusi növüdür. Bu işə girişmədən öncə nəşr edilən müəllifi öyrənməyə çalışmaq, onun ədəbiyyat tarixindəki yerini və hazırlanan abidənin onun bütün yaradıcılığındakı yerini müəyyən etmək, həmin müəllifin lüğət tərkibi, onun üçün səciyyəvi üslub haqqında təsəvvür əldə etmək lazımdır. …Filoloq həm tarixçi, həm ədəbiyyatçı, həm də dilçi olmalıdır”. Zənnimcə, təkcə Bertelsin bu qiymətli fikirlərləri belə, uzun illər əlyazma mətnləri üzərində yorulmadan çalışan, zəhmətkeş bir alimin elmi fəaliyyətini düzgün dəyərləndirməkdə hörmətli oxucularımıza kömək edər.

Paşa müəllimi “yazılı abidələrimizim yorulmaz tədqiqatçısı”, “elm fədaisi “, “fədakar əlyazmaçı” adlandıranlar haqlıdır. Ömrünün 38 ilini böyük bir sevgiylə, yorulmadan əlyazma abidələri üzərində çalışmaqla keçirən bu gözəl alim də atası, sevimli şairimiz Əli Kərim kimi Söz adlı sönməz bir şamın cazibədar işiğının pərvanəsidir. Sözə aşiq olan, onun işığına can atanlar – Söz şəminin pərvanələrindən danışarkən, Paşa müəllimin tədqiq və nəşr etdirdiyi Qövsi Təbrizi “Divan”ından bir beyti xatırladım:

“Heç şəm ilə ram olmaz pərvanələriz bizlər,

Zəncirə baş əydirmən, divanələriz bizlər”.

Paşa Əlioğlu gözəl alim olmaqla yanaşı, həm də gözəl insandır. Yaşından və vəzifəsindən asılı olmayaraq, demək olar ki, bütün həmkarlarına böyük həssaslıq və qayğıkeşliklə yanaşan bu sadə və səmimi insanın, inşallah, hələ qarşıda nə qədər görüləcək işləri, yazılacaq kitabları var. Həzrət Mövlananın – Mövlana Cəlaləddin Ruminin sözləridir: “Bilik – ucsuz-bucaqsız, sahilsiz bir dənizdir, onu diləyən isə dənizlərdə dalğıclıq edənə bənzər”. Bəli, bu ucsuz-bucaqsız, sahilsiz dənizin dalğıcı, qəvvası olmaq asan deyil; hünər istər, zəhmət istər, yorğun gündüzlər, yuxusuz gecələr, bir ömür istər – Alim ömrü! Hələ dənizin dərinliklərindən tapıb gün üzünə çıxardığı inciləri cilalamaq, bir-bir ipə düzmək… Nə qədər ki tədqiqini gözləyən qiymətli əlyazmalarımız var, “Yorğun savaşçı”nın tərcüməçisi, “yazılı abidələrimizim yorulmaz tədqiqatçısı” yorulmadan savaşmaqda, Söz cəbhəsində döyüşməkdədir. Bu yorulmaz fəaliyyətin isə mükafatı, sözsüz ki, böyükdür. Hər şeydən öncə, gözünün nuru, ürəyinin işığı bahasına tədqiq etdiyi , gün işığına çıxardığı mənəvi xəzinəmizi – əlyazmalarımızı bizə miras qoyan müəlliflərin, klassiklərimizin – Qövsi Təbrizinin, Mürtəzaqulu xan Şamlunun, Nəcəfqulu bəy Şeydanın, Vəhid Qəzvinin, Sadiq bəy Əfşarın və b. xeyir-duaları onunladır. Bir də ki, şeirlərini, kitablarını nəşrə hazırlayıb yenidən həyat verdiyi o əziz və unudulmaz atanın – Əli Kərimin əvəzsiz xeyir-duaları da var, axı. Paşa Əlioğlunun bu günəcən aldığı mükafatlar içində ona həyat eşqi, yaşamaq həvəsi verən bir mükafatı da var – nəvəsi balaca Süleyman! Onu gənclik illərindəki kimi yenidən şeir yazmağa ruhlandıran balaca Süleyman hələ yenicə dil açmağa başlayıb. Babasını həmişə kitablar içində görən nəvə ona “Tab ( yəni, Kitab) baba”, – deyir.

İşdən evə qayıdır

Əlində kitab baba

Ona görə adını

O, qoyubdur “Tab baba”,

Yəni ki, Kitab baba!”

“Göyərçin “ jurnalının ötənilki ilk sayında uşaqlar Paşa Əlioğlu adlı yeni bir uşaq şairi ilə tanış oldular. O şeirləri yazdıran, o şeirlərin qəhrəmanı isə balaca Süleymandır. Paşa müəllimin şeir yaradıcılığıyla ilk tanışlığım “Qar” şeiriylə olub. Vaxtilə Azərbaycan Radiosunun “Şəbəkə” bədii-informasiya proqramında haqqında hazırladığım reportajın sonunda çox xoşladığım həmin şeirini də səsləndirmişdim. Bu günsə balaca nəvəsinin dünyaya gəlişiylə şair babanın könlündə, ruhunda çiçəklər açıb:

“Gəlişi baharın xoş sədasıdır,

Mənim ilk balamın ilk balasıdır.

Sardı qəlbimizi sevinc dənizi,

Ruhumuz onunla sağalasıdır”.

İnsan ruhunun şəfası, illərin ruhumuzda iz qoyduğu yaraların sağalması gözəldir! Bu sətirləri yazarkən həm də ümumxalq dərdimizi, milli ruhumuzun yaralarını düşünürəm. Və düşünürəm ki, ruhumuzu sağaldan müjdəli günlər yaxındadır, inşallah. Bu yaxınlarda internet saytlarından birində – www.mustaqil.az saytında Paşa Əlioğlunun bir şeirinə də rast gəldim. Ötən ilin bu ayında – noyabrında dərc edilib. Unudulmaz şairimiz Xəlil Rza Ulutürkün:

“ Ana sənin övladın

döyüşlər qoynundadır,

Döyüşlərin dalğası onun

fil boynundadır.

Onun başı altına gül yastıq

qoyma əbəs,

Oğulsa, yata bilməz”,

– misralarını epiqraf seçən Paşa Əlioğlunun, uzun illərdir düşmən tapdağı altında əsir qalan vətən torpaqlarımızla bağlı dərdimizi ümumbəşəri duyğularla çulğalaşmış bir şəkildə təqdim etdiyi həmin şeirində gözlərimiz qarşısında möhtəşəm poetik bir lövhə canlanır:

“Bütün əsir ölkələrdə

analar yuxusundan oyanıb

vətənini azad görəcək…

Qos- qoca torpaqlar

nəfəs alacaq

ulu savaş əsgərlərinin

yorğun və ağır

qanıyla bir.

Köhnə xəritələri

qiymətdən salacaq

igidlərin qanı.

Anam, o gün

gül yastığını qoyacağıq

ürəyi gülləli,

gözləri açıq

bir vətən əsgərinin başı altına.

Əsir torpaqlar

azad olacaq üfunətdən-

Dünya gül-çiçək qoxuyacaq.”

Şairin kədər, nisgil, amma ümid dolu bu misralarındakı gözəl arzuları bu gün artıq şanlı Azərbaycan ordumuz, igid vətən əsgərimiz həyata keçirməkdədir. Əsir torpaqlarımız addım-addım, qarış-qarış üfunətdən azad olur. Vətən torpaqlarımız yenidən gül-çiçək qoxuyacaq! İgid əsgərimizin hünəri ilə şanlı üçrəngli bayrağımız doğma Qarabağ torpaqlarında dalğalanır bu gün! Bir dövlətin və bir millətin varlıq rəmzi, şərəfi, ucalığı olan şanlı bayrağımız həmişə zirvələrdə dalğalansın! Dalğalansın ki, onun mübarək kölgəsi altında xalqımızın övladları azad və xoşbəxt yaşayıb-yarada bilsin. Xalqımızın elmi, ədəbiyyatı, tarixi – bir sözlə bütün varlığı, mənəviyyatı çiçəklənsin, dünya gül-çiçək qoxusun! Bu gün hər birimiz vətən əsgəriyik. Qələm əhlinin, söz adamlarının, elm və mədəniyyət xadimlərinin hər biri öz cəbhəsində vətən üçün bir yorulmaz “savaşçı”dır bu gün. Yalnız döyüş cəbhəsində deyil, informasiya cəbhəsində də qələbə qazanmaq, elmimizin, sözümüzün bayrağını da ucalarda dalğalandırmaq üçün! Bu şərəfli savaşda bütün qələm əhlinə, elm fədailərinə və onların ləyaqətli nümayəndələrindən biri olan dəyərli alim qardaşımıza – filologiya elmləri doktoru Paşa Əlioğlu Kərimova uğurlar arzulayır, “Qələminiz var olsun!” deyirəm. Çünki Əlican Qövsi Təbrizi demişkən:

“Qələmdir nizeyi-gülgunimiz meydan günü, Qövsi”.

P.S. Bu sətirləri yazarkən Şuşanın işğaldan azad olduğu xəbərini aldıq! Üçrəngli bayrağımız Şuşada dalğalanır! Gözün aydın, Azərbaycan! “Sardı qəlbimizi sevinc dənizi”! İnşallah, bütün “əsir torpaqlar azad olacaq üfunətdən – Dünya gül-çiçək qoxuyacaq”, Paşa Əlioğlu! Ulu əcdadımızın və vətən torpağımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu şad olsun! Xurşidbanu Natəvanın, böyük Üzeyir bəyin, Nəcəf bəy Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin və daha neçə-neçə Şuşa nisgilli böyüklərimizin sevinən ruhlarına, Cıdır düzünə, İsa bulağına, şəhidlərimizin mübarək qanından rəng alacaq Xarıbülbülə salam olsun!

Şəlalə Ana Hümmətli,

filologiya üzrə fəlsəfə doktoru, dosent.

turkustan.info