Sentyabrın 17-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurasının növbəti iclası keçirilib. Şura üzvlərinin 10 nəfəri muzeyin iclas zalında toplansa da, digər üzvlər iclasa videokonfrans vasitəsilə qatılıblar. İclasın gündəliyindəki ilk məsələ Nizami muzeyinin 80 illiyi bağlı görülən işlər haqqında hesabat və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Muzeyin direktoru, Elmi şuranın sədri, akademik Rafael Hüseynov bildirib ki, hazırlıq işləri nəzərdə tutulan qrafikə uyğun olaraq uğurla həyata keçirilir. Onun sözlərinə görə, yubiley münasibətilə nəzərdə tutulmuş nəşrlər artıq çapdan çıxıb, muzeyin 80 ildə keçdiyi yolu əks etdirən 2 seriyalı tammetrajlı sənədli publisistik film hazırlanıb.

Direktor əlavə edib ki, yubiley ərəfəsində nümayiş etdiriləcək "Nizaminin salamı" və "Yaddaş körpüsü" adlı filmlər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də istehsal olunub. Bundan əlavə, muzeyin 80 illiyinə həsr edilən ayrıca plakat da buraxılıb.

Akademik R.Hüseynov qeyd edib ki, muzeyin 80 illik yubileyi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi konfransa hazırlıq işləri də davam etdirilir. Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrindən, həmçinin bir sıra xarici ölkələrdən təşkilat komitəsinə xeyli məruzələrin mətnləri daxil olub: "Koronavirus pandemiyası ilə əlaqədar konfransın nə cür keçiriləcəyi haqqında qəti qənaət yoxdur. Vəziyyətdən asılı olaraq elmi məclisin əyani, yaxud videokonfrans şəklində keçirilməsi haqqında qərar veriləcək. İstənilən halda isə ilin sonunadək konfransın materialları nəşr etdiriləcək".

Daha sonra Elmi şuranın iclasında təşkilati məsələlər müzarə olunub. Muzeyin əməkdaşı, Əməkdar rəssam Elçin Axundov Elmi şuraya üzv qəbul edilib.

Həmçinin muzeyin Bədii tərtibat və bərpa şöbəsinin vəfat etmiş müdiri, Elmi şura üzvü, respublikanın Əməkdar rəssamı Stanislav Şatikovun xatirəsi ehtiramla anılıb.

Sonda Şura üzvləri çapa hazırlanan və muzeyin əsas elmi nəşri olan "Risalə" araşdırmalar jurnalının 19-cu sayının məqalə tərkibi ilə əlaqədar rəy və təkliflərini səsləndiriblər.

nizamimuseum.az