Yanvarın 22-də Azərbaycanın görkəmli mətnşünas alimi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifovun 80 illik yubileyinə həsr olunmuş tədir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Teymur Kərimli bildirib ki, Kamandar Şərifovun yubileyi təkcə onun çalışdığı müəssisə və yaxınları üçün deyil, həm də Azərbaycan üçün əlamətdar gündür. Kamandar müəllim dünya şərqşünaslıq elminin ön sıralarında duran bir alimdir. Onun Azərbayan mətnşünslıq elminə bəxş etdiyi töhfələr ölkə səviyyəsində, eləcə də Əlyazmalar İnstitutu tərəfindən hər zaman yüksək qiymətləndirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov çıxışında əlyazmaların əldə edilməsində Kamandar Şərifovun müstəsna xidmətlər göstərdiyini, xüsusilə XIX əsrdə yaşamış görkəmli kitabşünas alim Əbdülqəni Xalisəqarızadınin şəxsi arxivinin Əlyazmalar İnstitutuna gətirilməsinin təşəbbüskarı olduğunu yüksək qiymətləndirib. Yazılı abidələrin dəyərli tədqiqatçısı Kamandar müəllimin həm də pedaqoji fəaliyyətindən söz açan P.Kərimov alimin eyni zamanda Azərbaycan dilinin təbliğinə də xüsusi diqqət ayırdığını vurğulayıb.

Fəlsəfə üzrə elmlər doktoru, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Zəkiyyə Əbilova Kamandar Şərifovun 80 illik ömür yoluna nəzər salıb, həyat və yaradıcılığından ətraflı bəhs edib.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Kamandar Şərifovla bağlı ötən illərin xoş xatirələrini bölüşüb, birgə addımladıqları elm yolunda Kamandar müəllimin çəkdiyi zəhmətlərdən danışıb. Professorun mətnşünaslıq elmində göstərdiyi xidmətlərdən bəhs açan M.Nağısoylu onun həm də həqiqi vətənpərvər bir alim olduğunu vurğulayıb.

Yubiley tədbirində iştirak edən qonaqlar – BDU-nun professoru İlham Əzizov, şərqşünas alim İmamverdi Həmidov, ədəbiyyatşünas alim Almaz Ülvi Binnətova, dilçi alim, professor İsmayıl Məmmədli və digər ziyalılar professor Kamandar Şərifovun elmi fəaliyyətindən, insani keyfiyyətlərindən söz açıblar, xatirələrini paylaşıblar, alimə can sağlığı və yeni-yeni uğurlar diləyiblər.

manuscript.az