Yanvarın 17-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü və “Ümumxalq hüzn günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirini giriş nitqi ilə açan institutun direktoru, akademik Teymur Kərimli qəsbkar Sovet İmperiyasının tarix boyu Azərbaycan xalqına göstərdiyi zülmlərdən danışıb və İmperiya rəhbərlərinin xalqımıza növbəti dəfə yaşatdığı 1990-cı ilin qanlı 20 Yanvar hadisəsinin onların insanlığa sığmayan siyasətinin bir ssenarisi olduğunu qeyd edib. Teymur Kərimli vurğulayıb ki, 20 Yanvar şəhidlərinin mübarizəsi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı çoxillik mübarizənin zirvə nöqtəsi idi. Akademik Azərbaycan xalqının müstəqilliyə qovuşmasında 20 Yanvar şəhidlərinin müstəsna xidmətlər göstərdiyini xüsusilə vurğulayıb və onların qəhrəmanlıqlarının heç bir zaman unudulmayacağını söyləyib. Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov çıxışında bildirib ki, 20 Yanvar gecəsi xalqımızın tarixinə qızıl hərflərlə yazılan bir hadisədir. Qeyd edib ki, bu faciə Azərbaycan xalqının yeni tarixində sıfır nöqtəsi idi və həmin gündən etibarən hər şey yenidən başladı.

Həmin ərəfədə xarici ölkələrin birində fəaliyyət göstərdiyini deyən Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov qanlı hadisədən xəbər tutan soydaşlarımızın dərin sarsıntı keçirsələr də, qürbətdə həmrəylik nümayiş etdirdiklərini, müstəqillik uğrunda canını fəda edən şəhidlərimizlə qürur duyduqlarını bildirib. Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Günaydın 20 Yanvar hadisəsinin Cənubi Qafqazın erməniləşdirilməsinə növbəti cəhd olduğunu, Sovet İmperiyasının bu planının hələ XVII əsrə gedib çıxdığını, çarın fərmanlarında öz əksini tapdığını və XIX əsrin əvvəllərində həyata keçirildiyini bildirib və qeyd edib ki, Sovet hakimiyyətinin törətdiyi 20 Yanvar faciəsi eyni planın bir parçası olub. İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov 20 Yanvar hadisəsinin Azərbaycan xalqının təfəkkürünü dəyişdiyini söyləyib və vurğulayıb ki, bu dəyişikliyə səbəb olan şəxslərdən biri ümummilli lider Heydər Əliyev olub. Belə ki, Heydər Əliyev hadisədən bir gün sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək İmperiyanın siyasətini pisləyib və 20 Yanvar hadisəsini qətliam adlandırıb.

Sonra 20 Yanvar faciəsi ilə bağlı qısa sənədli film nümayiş etdirilib.

Yekun olaraq akademik Teymur Kərimli bildirib ki, ümumxalq hüzn günü kimi elan olunan 20 Yanvar hadisəsi həm də ümumxalq qürur günüdür, bu gün Azərbaycan xalqının tarixində şərəfli bir səhifə olaraq qalacaq.

www.manuscript.az