Dekabrın 11-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə ümummilili liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli tədbiri açıq elan edərək Heydər Əliyev dühası haqqında giriş nitqi söyləyib. Akademik bildirib ki, Əlyazmalar İnstitutu bilavasitə Heydər Əliyevin diqqət və qayğısı ilə bağlı olan bir müəssisədir. Belə ki, bu müəssisənin bir institut kimi formalaşması və layiqli bir binada yerləşdirilməsi Heydər Əliyevin xidmətidir. Heydər Əliyev mədəni-mənəvi irsimizin gözəl bilicisi, klassik ədəbiyyatımızın himayəçisi olub deyə, Teymur Kərimli vurğulayıb.

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov çıxışında ümummilli lideri müasir və gələcək Azərbaycanın memarı adlandırıb. Bildirib ki, hələ fond kimi fəaliyyət göstərən müəssisəmizə dəfələrlə baş çəkən Heydər Əliyevin buranın instituta çevrilməsində, instituta dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adının verilməsindəki rolu əvəzedilməzdir. Professor Kitabi Dədə Qorqudun yubileyinin keçirildiyi dövrü yada salaraq qeyd edib ki, Heydər Əliyev bütün türk dünyasının Bakıya toplaşmasının təşəbbüskarı olub və biz onun sayəsində Dədə Qorqud abidəsinin əsl varisi olduğumuzu beynəlxalq aləmdə sübut edə bilmişik. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Heydər Əliyevin Sovet rejimində Azərbaycan mədəniyyəti uğrunda apardığı mücadilələrdən və bu mücadilələrdən üzüağ çıxmasından bəhs edib.

Ümummilli liderin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə göstərdiyi qayğıdan söz açan digər çıxışçı – tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə Heydər Əliyevin Əlyazmalar İnstitutuna yüksək qiymət verdiyini xüsusilə vurğulayıb. Bütün çıxışçılar bugünkü firavan Azərbaycanın ümummilli lider Heydər Əliyevin əsəri olduğunu və onun xatirəsinin hər zaman əziz tutulacağını vurğulayıblar.

manuscript.az