Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli dilçi, mətnşünas alim, professor Cahangir Qəhrəmanovun ilk dəfə 1970-ci ildə işıq üzü görmüş “Nəsimi “Divan”ının leksikası” kitabı çapdan çıxıb. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, 650 səhifəlik əsərdə Nəsiminin anadilli şeirlərinin ədəbi dilimizin inkişafındakı rolu hərtərəfli araşdırılır.

Monoqrafiyanın elmi redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.

Paşa Kərimov kitaba yazdığı “Professor Cahangir Qəhrəmanovun mətnşünaslıq fəaliyyəti” adlı “Ön söz”də alimin Nəsiminin ədəbi irsinin tədqiqi sahəsindəki fəaliyyəti barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında müvafiq Sərəncamına əsəsən nəşr olunmuş bu monoqrafiya Nəsimi yaradıcılığının tədqiqinə həsr edilmiş ən fundamental elmi əsərlərdən sayılır.

azertag.az