23 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov dahi şairin həyat və yaradıcılığı, dünya poeziyasında yeri, fəlsəfi baxışları, Azərbaycan xalqının mənəviyyat xəzinəsində tutduğu mövqe, şairin ədəbi irsinin tədqiqi sahəsində ölkədə görülən işlər barədə ətraflı məlumat verərkən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun da bu sahədə xüsusi rolunun olduğunu vurğulayıb.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə öz məruzələri ilə ədəbi-bədii gecədə iştirak ediblər. Məruzəçilər çıxışlarında Nəsimi irsinin tədqiqi, təbliği və tədrisi məsələlərinə toxunublar, şairin irsindən nümunələr səsləndiriblər.

Sonda Nəsiminin qəzəlləri muğam ifaçıları tərəfindən dinləyicilərə təqdim olunub.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması haqqında sərəncamları çərçivəsində baş tutub.

manuscript.az