AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti nömrələri çapdan çıxıb.

“Əlyazmalar yanmır” elmi məqalələr toplusunun bu nömrəsində “Mətnşünaslıq”, “Ədəbiyyatşünaslıq”, “Mənbəşünaslıq”, “Tarixşünaslıq”, “Kitabşünaslıq”, “Dilçilik”, “Keçmişdən gələn səslər” və “Yubileylər” rubrikaları yer alır. Bu nömrədə filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun, filologiya üzrə elmlər doktoru Kamandar Şərifovun, o cümlədən bir çox tədqiqatçıların məqalələri dərc olunub.

“Elmi əsərlər”in bu nömrəsində yer alan məqalələr ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq, kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiyaşünaslıq sahələrini əhatə edir. Mövzular üzrə yerli, o cümlədən Rusiya, Belarus, Özbəkistan və Ukraynadan olan tədqiqatçıların araşdırmaları bu nömrədə təqdim olunur. Azərbaycan alimlərindən filologiya üzrə elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayevanın, eləcə də digər tədqiqatçıların məqalələri bu nömrədə işıqlandırılıb.

Xatırladaq ki, hər iki jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.

manuscript.az