AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktoru, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclənməsində göstərdiyi xidmətlərindən danışıb. O, bildirib ki, Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan elminin inkişafında da müstəsna xidmətlər göstərmiş bir siyasi xadim olub.

Ümummilli liderin bütün sahələrdə olduğu kimi Azərbaycan elminə, elm adamlarına göstərdiyi diqqət və qayğıdan, eləcə də onun usaqgörən siyasətinin verdiyi töhfələr haqqında institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov və institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov öz çıxışlarında bəhs ediblər.

Əlyazmalar İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva “Ümummilli lider Heydər Əliyev və gənclər siyasəti” adlı məruzəsində Heydər Əliyevin yürütdüyü gənclər siyasətinin prioritet istiqamətlərindən ətraflı məlumat verib.

Filologiya üzrə elmlər doktoru Kamandar Şərifov ümummilli lider Heydər Əliyevin Əlyazmalar İnstitutuna göstərdiyi diqqət və qayğını xüsusilə vurğulayıb. Tədbirin gedişatında institutun akt zalında ümummilli liderin həyat və yaradıcılığını işıqlandıran kitabların sərgisi nümayiş olunub.

Tədbirin sonunda institutun kollektivi sərgi zalında ümummilli lider Heydər Əliyevin portreti qarşısında xatirə şəkli çəkdiriblər.

www.manuscript.az