Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Filologiya Problemləri üzrə Elmi Şuranın cari il üçün növbəti – dördüncü iclası keçirilib.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şuranın sədri, akademik Rafael Hüseynov professor Aida Qasımovanın yenicə çapdan çıxmış “V-XIII əsrlər ərəb ədəbiyyatı” dərsliyi barədə məlumat verib, müəllifi bu dəyərli nəşr münasibətilə təbrik edib. Rafael Hüseynov kitabın nəşrini Azərbaycan ərəbşünaslığında diqqətəlayiq hadisə kimi dəyərləndirib. Akademik bu əsərin tələbələrin klassik ərəb ədəbiyyatını daha yaxşı öyrənməsinə əngəl törədən anadilli dərsliklər sahəsində boşluğu doldurmaqdan savayı, Şərq bədii sözünün tarixi ilə maraqlananlar üçün də dəyərli vəsait olduğunu bildirib.

İclasda dissertasiya işinə ikinci ixtisas indeksinin verilməsi üçün müraciət etmiş şəxslərin məsələsinə baxılıb, müzakirə edilərək müvafiq qərarlar verilib. Belə ki, elmlər doktorluğu hazırlığı proqramı üzrə müraciət etmiş AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı Elmira Məmmədova-Kekeçin “Türk xalqları ədəbiyyatında vücudnamələr: arxitektonikası və məzmun özəllikləri” mövzusu üçün “Türk xalqları ədəbiyyatı” – 5717.01 ilə yanaşı, “Folklorşünaslıq” – 5719.01 da əlavə ixtisas kimi müəyyən edilib və təsdiqlənib.

Eyni problemlə fəlsəfə doktorluğu proqramı üzrə sənədlərini təqdim edən Bakı Avrasiya Universitetinin dissertantı Qumru Quliyevanın “Edigey” dastanının variantları və tipologiyası” mövzusu üçün “Folklorşünaslıq” – 5719.01 ilə yanaşı, “Türk xalqları ədəbiyyatı” – 5717.01 ixtisası ikinci ixtisas kimi qeydə alınıb.

İclasın gündəliyindəki növbəti məsələ dissertasiya mövzularının qeydiyyatı ilə bağlı olub. Tədbirdə 9-u elmlər doktorluğu, 18-i isə fəlsəfə doktorluğu hazırlığı üzrə olmaqla, ümumilikdə 27 dissertasiya mövzusu müzakirə edilib.

Elmlər doktorluğu hazırlığı proqramı üzrə mövzusunun müzakirəsi və təsdiqi üçün müraciət etmiş şəxslərdən Bakı Slavyan Universitetinin doktorantı Zəhra Qulamovanın “Müasir rus və Azərbaycan media diskursunda “zaman” konsepti” və Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Elçin İbrahimovun “Müstəqil türk dövlətlərində dil siyasəti” mövzuları adlarında heç bir dəyişiklik edilmədən qeydə alınıb.

Naxçıvan Dövlət Universitetinin dissertantı Fəxriyyə Cəfərovanın “Azərbaycan aşıq poeziyasının dil və üslub xüsusiyyətləri” və Sumqayıt Dövlət Universitetinin doktorantı Dəyanət Cümənovun “Azərbaycan poeziyasında Səməd Vurğun ənənəsi” mövzularında araşdırılan problem elmlər doktorluğu üçün bəsit sayıldığından iddiaçılara müəyyən tövsiyələr verilib və mövzuları təsdiq edilməyib.

Azərbaycan Dillər Universitetinin dissertantı Yeganə Hacıyevanın “Oğuz qrupu türk dillərinin antroponimikası” mövzusuna bir neçə oxşar mövzu olduğundan kəsişən məqamların müəyyən edilməsi və müvafiq dəyişikliklər aparılması məsləhət bilinərək qeydiyyata alınmayıb.

Dilçilik İnstitutunun dissertantı Turan Hüseynovanın “Oğuz qrupu türk dillərində mürəkkəb cümlə” mövzusunun plan-prospektinin təkrar formalaşdırılması məqsədəuyğun hesab edilib və təsdiqi növbəti iclasa saxlanılıb. Həmçinin Gəncə Dövlət Universitetinin dissertantı Səba Namazovanın “XX əsrin əvvəlləri Azərbaycan publisistikasının inkişaf mərhələləri (Azərbaycan milli mətbuatının nümunələri əsasında)” mövzusunun adında müəyyən dəyişikliklər aparılaq yeni plan işlənməsinə ehtiyac olduğundan təsdiqi və qeydiyyatı növbəti iclaslara saxlanılıb.

Bakı Slavyan Universitetinin doktorantı Şahnaz Seyidovanın “A.P.Çexovun əsərlərinin Azərbaycanda tədqiqi və tərcüməsi” mövzusunun həm adı, həm də planının bir qədər təkmilləşdirilməsi tövsiyə olunaraq sonrakı iclasların birində təsdiqlənə biləcəyi qərara alınıb. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Fəridə Vəliyevanın “XIII-XV əsrlər türkdilli poeziyada bəşəri-ilahi eşqin tərənnümü və folklor motivləri” mövzusu “XIII-XV əsrlər türkdilli poeziyada folklor motivləri və eşq probleminin təqdimi prinsipləri” kimi təsdiq edilib.

Fəlsəfə doktorluğu proqramı üzrə isə “Müasir ingilis dilində fonetik səviyyədə yeni meyillərin yaranması”, “Oğuz Atayın yaradıcılığında postmodernizm və mədəniyyətlərin diskursu”, “Fransız ticari mətnlərində “gözəllik” konseptinin linqvistik ifadə vasitələri”, “Müasir türk və Azərbaycan dillərində tamamlıq budaq cümləsinin struktur-semantik təhlili”, “Azərbaycan nağıllarında zaman və məkan”, “Boris Pasternakın əsərlərinin Azərbaycan dilinə tərcüməsində orijinaldakı bədii qatın ifadə xüsusiyyətləri”, “XX əsr Azərbaycan lirikasında Füzuli ənənələri (Şərq poetikası baxımından)”, “İngilis tənqidi realizmi və Azərbaycan ədəbiyyatı” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrdə şuranın sədr müavini, professor Əskər Rəsulov, şuranın katibi, professor Aida Qasımova, şuranın üzvləri, filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan Əhmədov, Şəfəq Əlibəyli, Fəridə Əzizova, Bilal İsmayılov, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Mehdi Kazımov, Paşa Kərimov, Cəlil Nağıyev, Qorxmaz Quliyev, Nadir Məmmədli, Qulu Məhərrəmli, Fəxrəddin Veysəlli iştirak ediblər.

İclasda təsdiqi üçün müzakirə edilən 27 dissertasiya mövzusundan 6-nın adında dəyişiklik edilməklə, ümumilikdə 18 mövzu qeydə alınıb. 10 mövzu isə qeyri-məqbul sayılıb.

azertag.az