Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr edilən “Həmid Araslı və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən institutun direktoru, akademik Möhsün Nağısoylu Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamını xatırladıb. Qeyd edib ki, Sərəncama əsasən ölkəmizdə və AMEA-nın digər elmi müəssisələrində yubileylə bağlı müxtəlif tədbirlər keçirilir.

M.Nağısoylu deyib: “H.Araslının Azərbaycan ədəbiyyatşünaslığının, dilimizin, ədəbiyyat tariximizin, folklorşünaslığımızın inkişafında misilsiz xidmətləri olub. O, Azərbaycan ədəbiyyatşünaslığının korifeyi, zirvəsidir. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan H.Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib. Görkəmli akademik xalqımızın ölməz abidəsi olan “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk tədqiqatçısı kimi tanınıb. O, 1939-cu ildə “Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə böyük xidmət göstərib. Həmid Araslı 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə isə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb”.

Diqqətə çatdırılıb ki, alim digər Şərq xalqlarının ədəbi irsinə də böyük maraq göstərib. O, Firdovsi, Cami və Hafizin, xüsusilə böyük özbək şairi Əlişir Nəvainin irsini tədqiq edib, orta əsrlər ədəbiyyatımızın əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi məşhurlaşıb.

Sessiyada professor Sevil Mehdiyevanın “Həmid Araslı və Azərbaycan ədəbi dilinin tarixi”, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun “Həmid Araslı yazılı abidələrimizin görkəmli tədqiqatçısı kimi” mövzularında məruzələri dinlənilib. Məruzəçilər H.Araslını görkəmli ədəbiyyatşünas və mətnşünas alim kimi səciyyələndirib, onun bütün əsərlərinin gənc ədəbiyyatşünaslar üçün etibarlı mənbə olduğunu qeyd ediblər.

Bildirilib ki, H.Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri idi. O, həm tədqiqatlarında, həm də dərsliklərində klassik şeirimizin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirib, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökümüzlə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməyib. Alim məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər uğurlu şəkildə əlaqələndirib, ölkənin mədəni-ictimai həyatında da yaxından iştirak edib. AMEA sistemində onun fəaliyyəti bir çox qurumları əhatə edir.

Professor İsmayıl Məmmədli, filologiya üzrə elmlər doktorları Nəriman Seyidəliyev, İlhami Cəfərsoy və digər çıxış edənlər Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində ədəbiyyatşünas alimin xidmətlərindən söz açıblar.

Görkəmli alimin qızı, AMEA-nın müxbir üzvü Nüşabə Araslı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərinə minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevin H.Araslının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il 11 fevral tarixli Sərəncamını xüsusi qeyd edib. Vurğulayıb ki, bu Sərəncam dövlətimiz tərəfindən ədəbiyyatşünaslığımızın inkişafına göstərilən böyük diqqət və qayğıya bariz nümunədir.

dilcilik.az