Əlyazmalar İnstitutu “Türk əlyazmaları kataloqu” seriyasından “Naməlum müəlliflərin folklor abidələri və əlyazmaları” adlanan I cildini rus dilində nəşr etdirib. Folklor nümunələrinin təsviri və tərtibi fil.ü.f.d. Əli Məmmədbağıroğlu tərəfindən hazırlanıb. Kitabın redaktoru fil.ü.e.d. Paşa Kərimovdur. Kitabı Azərbaycan dilindən rus dilinə tərcümə edən İnstitutun əməkdaşı Tahirə Əliyevadır. Kitaba Əlyazmalar İnstitutunda mühafizə olunan folklora dair müəllifsiz türk əlyazmalarının elmi-paleoqrafik təsviri daxildir. Təsvir olunan əlyazmalar əsasən XVII, XVIII, XIX və XX əsrin əvvəllərini əhatə edir. 375 ədəd yazılı nümunəyə dastanlar (“Kitabi-Koroğlu”, “Qəşəm xan və Gülüstan xanım”, “Şəhriyar və Sənubər”, “Dastani-dəvə” və s.), rəvayətlər (“Kəllənamə”, “İsmayılnamə”, “Möcüzəti-Nəbi”, “Hekayəti-Qureyş xan” və s.), nağıllar (“Padşahın oğlanları”, “Kəlilə və Dimnə”, “Tülkü və sağsağan” və s.), eləcə də müxtəlif məzmunlu şifahi xalq ədəbiyyatı nümunələri aiddir.

Sözügedən kataloq yalnız ölkədə deyil, digər türkdilli dövlətlərdə də böyük maraq doğurub.

manuscript.az