AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının yeni naməlum əlyazma nüsxəsinin surətini əldə edib. 134 vərəqdən, müxtəlif janrlarda yazılmış şeirlərdən ibarət olan bu divanın əvvəlində kitabın görkəmli mütəsəvif Hacı Bəktaş Vəlinin ardıcılı, bəktaşi təriqətinə məxsus Mömin Dədə təkyəsinə vəqf edildiyi, geniş oxucu kütələsinin istifadəsi üçün bağışlandığı barədə qeyd vardır. Nəsiminin həyatının müəyyən dövründə bəktaşilərlə yaxınlaşdığı barədə məlumat vardır. Bu nüsxədəki qeyd göstərir ki, Nəsimi bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olmuş, onun şeirləri bu mühitdə sevilərək oxunub. Əlyazma nüsxəsinin bir özəlliyi də onun əvvəlində “Kitabı-Seyyid Nəsimi əl-Hüseyni” sözlərinin yazılıb. Bu fakt göstərir ki, şairin “Hüseyni” təxəllüsü kifayət qədər geniş oxucu kütləsinə məlum olmuşdur.

manuscript.az