11 fevral 2019-cu ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, akademik Teymur Kərimli açaraq, elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovu 60 illik yubileyi münasibətilə təbrik edib, ona elmi, ədəbi-bədii yaradıcılığında uğurlar arzu edib. O, Paşa Kərimovun yaradıcılıq diapozunun geniş olduğunu, orada elm, poeziya və publisistikanın vəhdət təşkil etdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, akademik P.Kərimovu daha çox əlyazmaşünas, mətnşünas alim kimi, ədəbiyyatımızin saralmış, ovulub-tökülmüş vərəqlərdəki nadir nümunələrinin tədqiqatçısı kimi dəyərləndirib. O, Paşa Kərimovun öz həyatını 1982-ci ildən bu insitituta bağladığını, heç zaman buradan getmək fikrində olmadığını, ədəbiyyat xəzinəmizin zənginləşməsi üçün son dərəcə səmərəli fəaliyyət göstərdiyini bildirib. T.Kərimli P.Kərimovun laborantdan başlayıb institut direktorluğuna qədər yüksələn yoluna geniş nəzər salıb. O həm də P.Kərimovun Azərbaycanın böyük şairi Əli Kərimin yadigarı olduğunu xatırladıb. Akademik P.Kərimovun təkcə ədəbiyyatşünas alim olmadığını, həm də istedadlı şair olduğunu qeyd edib. T.Kərimli P.Kərimova gələcək fəaliyyətində daha böyük uğurlar arzu edib. Bundan sonra P.Kərimovun yaradıcılığı haqqında məruzə etmıək üçün söz filologiya üzrə elmlər doktoru Raqub Kərimova verilib. R.Kərimov P.Kərimovun yeni dövr ədəbiyyatımıza böyük töhfələr verdiyini, yeni-yeni ədəbi simaları araşdırıb üzə çıxarmaqla ədəbiyyatımızın sıralarını genişləndirdiyini vurğulayıb. Raqub Kərimov Paşa Kərimovun zəhmətkeş əlyazmaşünas, istedadlı tədqiqatçı olmaqla bərabər, həm də qayğıkeş şöbə müdiri, səmimi dost olduğunu bildirib. Alimin iş rejiminə toxunan həmkarı P.Kərimovun şənbə, bazaar günləri də iş başında olduğunu qeyd edib.

Daha sonra söz Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoyluya verilib. O, çıxışına tanınmış şərqşünas alim Kraçkovskinin “əlyazmalar üzərində iş insanı nəcibləşdirir” ifadəsi ilə başlayıb. M.Nağısoylu uzun illər P.Kərimovla bir yerdə işlədiyini, onun hər zaman öz işinə məsuliyyətlə yanaşdığını deyib. Onu da vurğulayıb ki, direktor müavini kimi P.Kərimovun qapısı həmişə institut əməkdaşlarının, əlyazmalarla maraqlanan hər bir insanın üzünə açıq olub. Akademik öz həmkarına gələcək işlərində də uğurlar diləyib.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva Kəngərli Paşa Kərimovu görkəmli tədqiqatçı, istedadlı mətnşünas, ədəbiyyatımızın və ədəbiyyatşünaslıq elmimizin yorulmaz təbliğatçısı kimi onların hər bir problem ilə maraqlandığını qeyd edib və alimi ürəkdən təbrik edib.

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov P.Kərimovu səmimi bir həmkar, yaxın bir dost kimi dəyərləndirib. Onun tədqiqatlarının ədəbiyyatşünaslıq elmimizin inkişafında mühüm rol oynadağını bildirən Ə.Nəcəfov P.Kərimovun şeirlər kitabının da yaxın vaxtlarda nəşr ediləcəyinə ümid etdiyini deyib. O, çıxışının sonunda P.Kərimovun elmi fəaliyyətinin dövlət və hökumətimiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib və alimə gələcək işlərində daha böyük uğurlar arzu edib.

manuscript.az