O, həftənin şənbə və bazar günləri də daxil olmaqla bütün günlərini, hətta, yay məzuniyyətini də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu binasının ikinci mərtəbəsində yerləşən həcmcə kiçik, lakin kitablarla zəngin olan iş otağında keçirən əsl elm fədaisidir. Onun üçün Əlyazmalar İnstitutu müqəddəs məbədgah, iş otağı isə ximəgahı, ibadət yeridir...

Haqqında söhbət açacağım insan yüksək erudisiyası, dərin zəkası, əxlaqi-mənəvi keyfiyyətləri, zəhmətsevərliyi, xeyirxahlığı, geniş yaradıcılıq diapazonu ilə onu tanıyanların qəlbində yer tutan Paşa Əli oğlu Kərimovdur (Paşa Əlioğlu). Yuxarıda sadaladığımız keyfiyyətlərinə görə onun adı ədəbiyyat tariximizin inkişafında və formalaşmasında xüsusi yeri və çəkisi olan Həmid Araslı, Araz Dadaşzadə kimi görkəmli alimlərlə bir sırada çəkilməyə layiqdir. Paşa müəllimi bu səviyyəyə ucaldan birinci növbədə peşəsini dərin məhəbbətlə sevməsi, zəhmətsevərliyi, ədəbiyyat elminə bağlılığı olmuşdur. Həyatda çox az insanlar tapılar ki, ali məktəbi bitirdikdən sonra iş yerini bir neçə dəfə dəyişməsin, xoş güzəran, rahatlıq naminə vəzifə, mənsəb axtarışında olmasın. Paşa müəllimin Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra 1982-ci ilin fevral ayından günümüzə qədər, 37 il eyni müəssisədə - AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışması və heç bir maddi çətinliyə, işin ağırlığına baxmayaraq, səbrlə, dözümlə sevimli peşəsini davam etdirməsi dediklərimizə əyani sübutdur. Bu illər ərzində onun 20-dən çox kitab və 200-ə qədər elmi məqaləni ərsəyə gətirməsini elmin zirvələrinə ucala bilməsini mənəvi sərvət xəzinəmiz olan Əlyazmalar İnstitutuna bağlılığı, yazılı abidələrimizə, mən deyərdim, fanatikcəsinə vurulması ilə izah etmək lazımdır.

Hələ tələbəlik illərində genetik olaraq şeirə maraq göstərən və yaradıcılığı şeirlə başlayan dünya ədəbiyyatından tərcümələr edən Paşa müəllim çox keçmədən klassik irsimizin tədqiqinə böyük maraq göstərmiş və ilk olaraq görkəmli dramaturq Cəfər Cabbarlının şəxsi arxivinin tədqiqinə başlayaraq onun yaradıcılığının qaranlıq məqamlarına aydınlıq gətirən bəzi əsərlərini üzə çıxarmışıq. Tədqiqata uğurla başlayan Paşa müəllim qısa zaman ərzində ardıcıl olaraq maraqlı məqalələr yazmaqla özünü tədqiqatçı alim kimi təsdiq etdi. Onun bu uğurları həmin illərdə Əlyazmalar İnstitutunun Türkdilli Əlyazmaların tədqiqi şöbəsinin müdiri vəzifəsində çalışan akademik Həmid Araslının diqqətini cəlb etdi və akademik ona öz qayğısını əsirgəmədi. Böyük ustadın ona qayğı ilə yanaşmasından ruhlanan Paşa müəllimin qarşısında yeni perspektivlər açıldı, elmin zirvələrinə ucalmaq üçün daha əzmlə çalışmağa başladı. Bunun üçün o, ilk növbədə, Həmid Araslının iş prinsipini öyrəndi və onun kimi əldə olan bütün vasitələrdən istifadə edərək ədəbiyyat tariximizin bütün dövrlərdəki mənzərəsini bərpa etməyə çalışdı. Lakin ədəbiyyatın, xüsusilə, ilk mənbələrin məhdud dərəcədə olması, mühüm əhəmiyyət kəsb edən bir sıra yazılı abidələrimizin obyektiv və subyektiv səbəblərdən dünya kitabxanalarında yatıb qalması, əlimizə çatmaması həmin dövrün mənzərəsini tam şəkildə bərpa etmək imkanını olduqca məhdudlaşdırırdı. Həmid Araslı məhdud sayda əldə olan əlyazma nüsxələrindən, müxtəlif mənbələrdən istifadə edərək 1956-cı ildə “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı monoqrafiyasını nəşr etdirmişdi. Akademikin dərin erudisiyası, zəngin elmi təfəkkürü nəticəsində ərsəyə gələn bu əsər dövrü üçün son dərəcə aktual olsa da, bir müddət sonra əldə olan yeni mənbələr həmin dövrü yenidən işləmək, tədqiq etmək zərurətini meydana gətirdi. H.Araslının layiqli davamçılarından olan tədqiqatçı Araz Dadaşzadə bu missiyanı öz üzərinə götürərək yeni mənbələr əsasında 1980-ci ildə “XVIII əsr Azərbaycan lirikası” adlı monoqrafiyasını yazaraq çap etdirdi. Əsər geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandı. Bu mövzuda doktorluq dissertasiyası müdafiə edən alim XVIII əsr ədəbiyyatımıza mənbələr əsasında yeni prizmadan yanaşaraq onu yeni tələb və imkanlarından çıxış etməklə daha mükəmməl şəkildə araşdıra bildi, xüsusilə, araşdırılan dövrün poetik nümunələrinin mövzu dairəsində, janr iyerarxiyasında baş verən dəyişikliklər barədə ciddi elmi fikir söylədi. Lakin iş bununla bitmirdi, ədəbiyyatımızın inkişaf tarixində mühüm rol oynayan XVII əsr ədəbiyyatı hələ də tam şəkildə öyrənilməmiş qalırdı. Əksər tədqiqatçılar bu dövrü ədəbiyyatımızın ən yoxsul mərhələsi kimi səciyyələndirir, onun yenidən tədqiq olunmasına ehtiyac duymurdular. Çox zaman onlar akademik Həmid Araslıdan sonra bu mövzuya qayıtmağı lüzumsuz hesab edirdilər. Bu mənzərənin şahidi olan Paşa Əlioğlu isə başqa cür düşünürdü. O, mötəbər elmi toplantılarda çıxış edərək söyləyirdi ki, yeni-yeni abidələr alınaraq tədqiqata cəlb edildikcə ədəbiyyat tariximizi vaxtaşırı yenidən yazmaq zərurəti qarşıya çıxır. Bu məqsədlə Paşa Əlioğlu XVII əsr Azərbaycan ədəbiyyatı mövzusunda monoqafiya yazmağı qarşısına məqsəd qoydu. Bu son dərəcə çətin və məsuliyyətli bir məsələ idi. Çünki XVIII əsrə aid ədəbiyyat nümunələrinin əksəriyyəti Əlyazmalar İnstitutunda mövcud olduğu halda, XVII əsr ədəbiyyatımıza dair ədəbi qaynaqların əksəriyyəti ölkədən xaricdə, dünyanın müxtəlif kitabxanalarında, əlyazma xəzinələrində mühafizə olunurdu. Onları əldə etmək, toplamaq, hər birini diqqətlə araşdırmaq tədqiqatçıdan böyük zəhmət, zəngin elmi təcrübə və səbr tələb edirdi. Bu xüsusiyyətlərin hər üçünü özündə ehtiva edən Paşa Əlioğlu əvvəlcə 1991-ci ildə XVII əsrin tanınmış şairi Əlican Qövsi Təbrizi ilə bağlı apardığı geniş tədqiqat işini tamamladı. Xatırladırıq ki, hələ 1958-ci ildə akademik H.Araslı Qövsinin divanının iki əlyazması əsasında tərtib edərək 145 səhifə həcmində oxuculara təqdim etmişdir.

Elm fədaisi - Paşa Əlioğlu Paşa Əlioğlu isə şairin divanının London, Tiflis, Bakı, İstanbul nüsxələri əsasında elmi-tənqidi mətnini ərəb əlifbası ilə tərtib etmiş, 150 səhifəlik tədqiqat işinə 800 səhifəlik mətn əlavə edərək kitab halında nəşr etdirmişdir. Tədqiqatçı 2005 və 2012-ci illərdə Qövsi divanının Təbriz, Tehran və Məşhəd nüsxələrindən də istifadə edərək onun 4700 beytdən ibarət anadilli divanının tam mətnini müasir əlifbada nəşr etdirmişdir. Məlum olduğu kimi, XVII əsr anadilli poeziyamız Qövsi Təbrizi ilə məhdudlaşmır. P.Əlioğlu 2008-ci ildə tərtib edərək geniş ön sözlə nəşr etdirdiyi (M.Hüseyni ilə) “XVII əsr Azərbaycan lirikası” antologiyasında şeir topluları dünyanın müxtəlif kitabxanalarında saxlanan, Səfəvilərin hakimiyyəti dövründə, XVII yüzillikdə yaşamış Sadiq bəy Əfşar, Rəhməti Təbrizi, Şah Abbas Kəbir, Şah Abbas Sani, Mürtəzaqulu xan Zəfər, Tərzi Əfşar, Saib Təbrizi, Vəhid Qəzvini, Vali Qəzvini, Vali, Hacı Abbas bəy Kəsvəti, Müsahib Gəncəvi, Məczub Təbrizi, Qövsi, Mövci Əhəri, Mirzə Saleh Təbrizi, Məlik bəy Avcı, Vaiz Qəzvini, Səfiqulu bəy Səfi, Mürtəzaqulu Sultan Şamlu, Təsir Təbrizi, Şükri və bir sıra başqalarının anadilli şeirləri, barələrində qısa məlumat təqdim edilmişdir. Qeyd edək ki, tədqiqatçı bunlardan başqa Kəsbi Ərəşi, Şüğli və Rövnəqi adlı həmin dövrdə yaşamış şirvanlı şairlərin əsərlərini də Əlyazmalar İnstitutundakı qaynaqlardan taparaq tədqiqatlarında istifadə etmişdir.

2012-ci ildə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edənə qədər P.Əlioğlu Qövsidən başqa Mürtəzaqulu xan Zəfər, Vəhid Qəzvini, Sadiq bəy Əfşar və Təsir Təbrizinin, müdafiə etdikdən sonra Məczub Təbrizinin (M.Məhəmmədi ilə) anadilli divanlarını geniş ön sözlə nəşr etdirdi. Faktiki materialın zənginliyi özünü elmi işin keyfiyyətində göstərməkdədir. Dissertasiyanı yazarkən tədqiqatçının gəldiyi əsas qanaətlər onun “XVII əsr anadilli Azərbaycan lirikası” və “XVII əsr anadilli Azərbaycan poeziyası” adlı monoqrafiyalarında əksini tapmışdır. Paşa Əlioğlu Səfəvilərin 235 illik hakimiyyəti dövrünün (1501-1736) ikinci əsrində inkişaf edən anadilli Azərbaycan ədəbiyyatının yayılma coğrafiyası, bu dövrdə Azərbaycan türkcəsinin Səfəvilər sarayında və yüksək dairələrdə mövqeyi, ədəbiyyatın, poeziyanın ən səciyyəvi xüsusiyyətləri, mövzu dairəsinin genişliyi, xüsusilə bu zaman vətənpərvərlik, tarixi mövzularda əsərlər yazılması, ənənə və yenilikçiliyin münasibəti, şifahi xalq poeziyası, Nəvai və Füzuli yaradıcılığı ilə əlaqə, Azərbaycan-özbək, Azərbaycan-Türkiyə ədəbi əlaqələri, “hind üslubu”nda yazılan anadilli şeir nümunələri, poeziyanın janr və forma xüsusiyyətləri, bədii ifadə vasitələri, dil və üslub xüsusiyyətləri və s. barədə yeni elmi fikir söyləyə bilmiş, bununla da ədəbiyyat tariximizə dəyərli töhfə vermişdir. Onun Səfəvilərin hakimiyyətinin birinci əsrində - XVI yüzillikdə yaşamış Yusif bəy Ustaclunun divanının surətini Londonun Britaniya muzeyindən əldə edərək 2012-ci ildə əsəri geniş ön sözlə çap etdirməsi dövrün poeziyasının bəzi məsələlərini işıqlandırmağa kömək edir. Alim Yusif bəy Ustaclunun, bəzi başqa şairlərin əsərlərinə istinadən göstərir ki, XVI əsrin ortalarında anadilli ədəbiyyatımızda böyük nüfuz sahibi olan özbək şairi Əlişir Nəvai təsirinə Füzuli təsiri əlavə olunur, zaman keçdikcə Füzuli təsiri Nəvai təsirini üstələməyə başlayır. Əgər XVI əsrdə Füzuli kimi dahi bir şairimiz meydana çıxmasaydı, XVI-XVII əsrlərdə ədəbiyyatımızda Nəvai təsiri və bunun nəticəsi kimi ədəbi dilimizdə cığatay (orta əsrlər özbək ədəbi dili) elementləri daha çox olardı. Alimin 2013-cü ildə çap etdirdiyi “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” adlı monoqrafiyası o cəhəti ilə diqqəti cəld edir ki, burada görkəmli şair, rəssam, alim və xəttatın türkdilli yaradıcılığı Azərbaycan, cığatay və osmanlı dillərində yazdığı şeir və məktubları dünya kitabxanalarındakı əlyazmalardan götürülərək təqdim edilmiş, hərtərəfli araşdırılaraq Sadiq bəyin ədəbiyyat tariximizdəki mövqeyi barədə fikir söylənmişdir. Təbii ki, şairin əsərləri ortada olmadan, onlar ətraflı araşdırılmadan bu mövzuda danışmaq mümkün olmazdı.

Filologiya elmləri doktoru Paşa Əlioğlunun elmi yaradıcılığı yalnız Səfəvilər dövrü ədəbiyyatımızın tədqiqi ilə məhdudlaşmır. O, 1988-ci ildə XIX əsrdə yaşamış görkəmli satirik şair Mirzə İsmayıl Qasirin (T.Nurəliyeva ilə), 2018-ci ildə digər XIX əsr şairi Mirzə Baxış Nadimin (R.Kərimovla) şeirlər toplusunu ilk dəfə nəşr etdirmişdir. Nəcəfqulu bəy Şeydanın “Gülşəni-maarif” təzkirəsində istər təzkirəçiliyimiz, istərsə də XIX-XX əsrlər ədəbiyyat tariximiz barədə maraqlı məlumatlar vardır. Paşa Əlioğlu 2014-cü ildə həmin əsəri geniş ön sözlə müasir əlifbada nəşr etdirmişdir.

Paşa Əlioğlu uzun illərdir ki, elmi-təşkilati fəaliyyətlə məşğuldur. Əlyazmalar İnstitutunun elmi katibi, elmi işlər üzrə direktor müavini olmuş, iki ildən artiq bir müddətdə direktor vəzifəsini icra etmişdir. Hazırda direktor müavinidir və 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, dünyanın müxtəlif şəhərlərində keçirilən elmi tədbir və konfranslarında iştirak etmiş, 2011-ci ilin noyabr-dekabr aylarında İtaliyanın paytaxtı Romada və Vatikanda keçirilən Azərbaycan mədəniyyəti günlərində Mehriban xanım Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizi təmsil etmişdir. 2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı”na layiq görülmüş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2017-ci il mart ayının birində baş tutmuş İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində P.Əlioğlu bu təşkilatın “Elm və texnologoya” nominasiyası üzrə mükafatına layiq görülmüşdür.

Qeyd etdiyimiz kimi, Paşa Əlioğlu elmi fəaliyyətlə məşgul olduğu illər ərzində çalışdığı müəssisəyə qarşı sədaqəti ilə də bir nümunə olmuşdur. O, 1982-ci ildən bu günə qədər işlədiyi Əlyazmalar İnstitutunu heç bir zaman tərk etməmişdir, ilk günlərdən qarşısına qoyduğu elmi vəzifələri səbr və təmkinlə yerinə yetirməkdədir. P.Əlioğlunun ən böyük arzularından biri bütün dünyada saxlanan Azərbaycan əlyazmalarının surətlərinin toplanaraq ölkəmizdə yaradılacaq mərkəzdə yerləşdirilməsindən ibarətdir (Misir və Birləşmiş Ərəb Əmirliklərində ərəb əlyazmalarının surətlərinin toplanması artıq həyata keçırılmışdir). O, bu fikirdədir ki, XXI əsrdə alim-mütəxəssislərimiz dövlətin yardımı ilə bu vəzifənin öhdəsindən gəlməlidirlər. Bu bütün dünya azərbaycanşünaslarını bir yerdə - Bakıda toplamağa imkan verərdi.

Onu da qeyd etmək istərdim ki, hazırda Paşa müəllimin başçılıq etdiyi Əlyazmalar İnstitutunun Multidissiplinar əlyazma və çap kitabları şöbəsində elm tariximizə, orta əsrlər elminin müxtəlif sahələrinə dair əlyazmalar araşdırılmaqdadır. Son zamanlar şöbədə onun rəhbərliyi və elmi redaktorluğu ilə çap edilmiş, Əlyazmalar İnstitutunda saxlanan tibbə dair əlyazmalar kataloqu və Tarixə dair türkdilli əlyazmalar kataloqu elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. P.Əlioğlu dünyanın müxtəlif kitabxanalarından, əlyazma xəzinələrindən tariximizə, elm, ədəbiyyat, mədəniyyət, dil tariximizə dair onlarla, yüzlərlə əlyazmanın surətlərinin ölkəmizə gətirərək onların müəyyən hissəsini tədqiqata cəlb etmişdr. Paşa müəllimin mətbuat səhifələrində, radio və televiziya kanallarında çıxış edərək yazılı abidələrimizi, qədim tarix və mədəniyyətimizi yorulmadan təbliğ etməsi həqiqətən təqdirəlayiqdir. Fikrimcə, onun elmimiz qarşısındakı ən böyük xidmətlərindən biri yazılı abidələrimizi öyrənən əlyazmaşünas mütəxəssislərin yetişməsinə çoxlu vaxt sərf etməsindən ibarətdir. Bu cür mütəxəssislər illər, onillər ərzində yetişir və onların düzgün istiqamətdə inkişaf etdirilməsi gələcəyimizə ən böyük xidmətdir.

Sözümü tamamlayarkən Paşa müəllimin müxtəlif yığıncaq və tədbirlərdə təkrar etdiyi bir fikrini də geniş oxucu kütləsinə çatdırmaq istərdim: “Biz alimlər, ədəbiyyatımızın tarixi ilə məşğul olanlar əslində siyasətdən kənar olmalıyıq, sırf elmlə məşğul olmalıyıq. Lakin bizdən asılı olmayan məsələlər var. Milli varlığımızı, tariximizi, milli mədəniyyətimizi, ədəbiyyatımızı, ana dilimizin qədimliyini inkar edən qüvvələr bizə qarşı elə düşmən mövqedədirlər ki, orta əsrlərdə yazılmış hər hansı bir yazılı abidəmizin ortaya çıxarılması, bizim halal əsərimiz kimi təqdim edilməsi onların sərt etirazlarına səbəb olur. Milli mədəniyyətimizə, ədəbiyyatımıza dair nə iş görürüksə düşmənlərin hikkəli inkarı ilə qarşılaşmalı oluruq. Biz indi milli mübarizənin ön cərgəsindəyik. Bu mübarizədə yeganə silahımız sənədlər – yazılı mənbələr, uydurulmamış, saxtalaşdırılmamış əlyazma qaynaqlarıdır. Həqiqətə, sözün düzünə xidmət etdiyimizə görə qələbə çalacagımıza heç bir şübhə yoxdur”. Haqq işimizin qələbəsi üçün bir amil də lazımdır – həqiqətpərəstliyi ilə vətənpərvərliyi, yüksək amalları ilə dərin zəka və biliyi, elmi səviyyəsi uyğun gələn Paşa Əlioğlu kimi tədqiqatçıların, alimlərin olması. 60 yaşının tamam olduğu bu günlərdə görkəmli alimimiz, ədəbiyyat tariximizin, yazılı abidələrimizin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru Paşa Əlioğlu Kərimova Ulu Yaradandan uzun ömür, dünyanın ən şirin neməti olan möhkəm cansağlığı və möhtəşəm yaradıcılıq uğurları arzulayırıq.

Raqub Kərimov,

Professor

Təzadlar qəzeti