AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Filologiya Problemləri üzrə Elmi Şuranın bu il üçün sonuncu – 11-ci iclası keçirilib. İclasda 4-ü elmlər doktorluğu, 25-i isə fəlsəfə doktorluğu hazırlığı üzrə ümumilikdə 29 dissertasiya mövzusu müzakirə edilib.

Akademik Rafael Hüseynovun rəhbərliyi ilə aparılmış müzakirələrdə şuranın sədr müavini prof. Əskər Rəsulov, şuranın katibi prof. Aida Qasımova və şuranın digər üzvləri filologiya üzrə elmlər doktorları, professorlar Cəlil Nağıyev, Bədirxan Əhmədov, Rəhilə Qeybullayeva, Fəxrəddin Veysəlli, Paşa Kərimov, Şəfəq Əlibəyli, Qorxmaz Quliyev, Bilal İsmayılov, İmamverdi Həmidov, Ramiz Əsgər, Nadir Məmmədli, Qulu Məhərrəmli və b. çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Mövzusunun müzakirəsi və təsdiqi üçün elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Lalə Həsənovanın “Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsrin tipologiyası və inkişaf mərhələləri”, Azərbaycan Dillər Universitetinin doktorantı Vüsalə Mirzəyevanın “ABŞ ədəbiyyatında magik realizm: tarixi və tipologiyası” mövzuları olduğu kimi saxlanılıb, Azərbaycan Dillər Universitetinin dissertantı Mehman Əliyevin “Müstəqillik dövrü Azərbaycan nəsrində bədii-estetik özünəməxsusluqlar və inkişaf perspektivləri” və Sumqayıt Dövlət Universitetinin dissertantı Törə Məmmədovanın “Çağdaş Azərbaycan sosial-fəlsəfi romanının inkişaf problemləri” mövzuları isə ixtisas indekslərinə uyğun olmadığından təsdiq edilməyib.

Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə “İngilis dilində sosial kulturoloji metaforların struktur-semantik xüsusiyyətləri”, “Qədim türk dastanları və eposçuluq ənənələri”, “Müstəqillik dövrü Azərbaycan nəsrində psixologizm (2000-2010-cu illər)”, “Müasir rus və Azərbaycan dillərində “Qarabağ” diskursu”, ““Qutadğu bilig” əsərində feillərin qrammatik və semantik xüsusiyyətləri”, “Yemək mədəniyyəti konseptsferi”, “XX əsr Güney Azərbaycan ədəbiyyatı çağdaş milli nəzəri fikir kontekstində”, “”Ədalət” konseptinin linqvo-kulturoloji xüsusiyyətləri” “İngilisdilli ədəbiyyatlardan Azərbaycan dilinə tərcümələrdə lakunaların verilməsi problemi (postsovet dövr tərcümələri əsasında)”, “Türk dillərində onomastikanın tədqiqi istiqamətləri” “Mir Cəlal yaradıcılığında folklor motivləri” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

İclasda müzakirə olunmuş 29 dissertasiya mövzusundan 6-sının adında dəyişiklik edilməklə, ümumilikdə 18 mövzu təsdiq edilib.

science.gov.az