Akademik Rafael Hüseynovun sədrliyi ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Filologiya Problemləri üzrə Elmi Şuranın növbəti – 10-cu iclası keçirilib.

İclasda 6-sı elmlər doktorluğu, 23-ü isə fəlsəfə doktorluğu hazırlığı üzrə olmaqla ümumilikdə sənəd tədqim etmiş 29 nəfərin dissertasiya mövzusu müzakirə olunub.

Mövzusunun müzakirəsi və təsdiqi üçün elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş Bakı Slavyan Universitetinin dissertantı Əliş Ağamirzəyevin “Rus mühacirət ədəbiyyatının Azərbaycanda resepsiyası”, Bakı Dövlət Universitetinin doktorantı Fatima Dursunovanın “Türk xalqları ədəbiyyatında sosialist realizm: poetika və problematika”, Azərbaycan Dillər Universitetinin dissertantı Minaxanım Hacıyevanın “Media diskursunda manipulyativ strategiyanın linqvosemiotik və koqnitiv aspektləri”, Azərbaycan Dillər Universitetinin dissertantı Vəfa Quliyevanın “Diskurs ritorikası janrlararası aspektdə (fransız dili materialları əsasında)”, AMEA Ədəbiyyat İnstitutunun dissertantı Şərqiyyə Məmmədovanın “XX əsrin əvvəlləri Azərbaycan şeiri: ənənə və novatorluq (1900-1937)” və Naxçıvan Dövlət Universitetinin dissertantı Surə Seyidin “Azərbaycanda internet-jurnalistika: yaranması və inkişaf perspektivləri” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilib.

Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə isə “İngilis və Azərbaycan dillərində hava və su komponentli frazeoloji birləşmələr”, “Oğuz türkləri xalq nağıllarının leksik-semantik sistemi”, “Azərbaycan dilinin riyazi-statistik metodlarla tədqiqi məsələləri”, “XVI əsr Azərbaycan tərcümə əsəri “Şühədanamə”nin türk mənşəli arxaik leksikası”, “Feilin zaman kateqoriyasının linqvostilistik xüsusiyyətləri”, “XX əsrin əvvəllərində Azərbaycan bədii ədəbiyyatı və publisistikasında soyqırım problemi” və digər mövzuların adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilib.

Qeyd edək ki, bu mövzuların bəziləri əvvəlki iclaslarda müzakirə olunmuş və lazımi tövsiyyələr verilərək dəyişikliklər aparılmışdı.

Müzakirələrdə şuranın sədr müavini, prof. Əskər Rəsulov, katibi, prof. Aida Qasımova və şuranın digər üzvləri - filologiya üzrə elmlər doktorları, professorlar Cəlil Nağıyev, Bədirxan Əhmədov, Qəzənfər Kazımov, Fəxrəddin Veysəlli, Paşa Kərimov, Seyfəddin Rzasoy və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

İclasda 5-nin adında dəyişiklik edilməklə, 22-si isə olduğu kimi saxlanmaqla ümumilikdə 27 dissertasiya mövzusu təsdiq edilib, 2 mövzu isə məqbul hesab olunub.

science.gov.az