AMEA Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Əlyazmalar yanmır” (baş redaktor akademik T.Kərimli) və “Elmi əsərlər” (baş redaktor A.Əliyeva-Kəngərli) jurnallarının növbəti sayları işıq üzü görüb. Jurnalların yeni nömrəsində ədəbiyyatşünaslıq, dilçilik, mətnşünaslıq, mənbəşünaslıq, kitabxanaşünaslıq, kitabşünaslıq kimi sahələr üzrə bir sıra məqalələr, o cümlədən akademik Teymur Kərimlinin “Xətlərin izi ilə: Azərbaycanın görkəmli şəxslərinin avtoqraf və epistolyar irsinin axtarışında”, filol.ü.e.d. A.Əliyeva-Kəngərlinin ““Divani-lüğət-it-türk” Azərbaycan folklor kitabının qaynaqlarından biri kimi”, filol.ü.e.d. Paşa Kərimovun “Yusif haqqında ilk türk dastanı” adlı maraqlı yazıları dərc olunub. Jurnalların tam elektron mətni ilə İnstitututun www.manuscript.az ünvanlı portalında tanış olmaq olar. Xatırladaq ki, hər iki jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.

manuscript.az