AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Könül Bağırovanın “Azər Buzovnalının ədəbi irsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun elmi rəhbəri olduğu Könül Bağırovanın “Azər Buzovnalının ədəbi irsi” mövzusunda dissertasiyasının müdafiəsindəki çıxışı

Ədəbiyyat tarixçiliyimizin qarşısında duran ən vacib məsələlər aşağıdakılardır:

1) Dünya kitabxanalarında saxlanan abidələrimizin surətlərinin toplanılması;

2) Bu əsərlərin nəşri və tədqiqi;

3) Klassiklərimizin ədəbiyyat tarixində layiqli yerinin müəyyənləşdirilməsi.

Abidələrimizin surətlərini xarici ölkə kitabxanalarından alınması prosesi çətinliyi olsa da arası kəsilmədən getməkdədir. Lakin abidələrimizin tədqiqi, nəşri, klassiklərimizin ədəbiyyat tarixində layiqli yerinin müəyyənləşdirilməsi üçün bilikli, ərəb-fars dillərini bilən, səbrli, mümkün qədər asket, fanatik təbiətli kadrlar lazımdır. Təəssüf ki, belə kadrların sayı azdır və bu say azalmaqdadır. Alim olmaq istəyənlər çox, klassik ədəbiyyatı səbrlə araşdırmaq istəyən isə azdır. Fikrimcə, bu gün dissertasiyasının müdafiəsinə toplaşdığımız Könül Bağırovanın elmi işi ədəbiyyat tariximizin tədqiqi sahəsində dəyərli addımdır və o bundan sonra da ədəbiyyat tarixçiliyimiz qarşısında duran problemlərin həllinə qadir araşdırıcı kimi yetişmişdir. Onun bu gün müdafiəsinə toplaşdığımız “Azər Buzovnalının poetik irsi” adlı dissertasiyası əlyazmalar, arxiv materialları, nəzəri ədəbiyyat üzərində gərgin əməyin məhsuludur. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Könül Bağırova bundan öncə Azər Buzovnalının qeyri-mətbu 2 cildlik əsərlərini, onun Əlyazmalar İnstitutunda saxlanan arxivinin təsvirini çap etdirmişdir. Azər Buzovnalı ədəbiyyat tariximizə epiqonçu poeziyasının nümayəndələri sırasına düşmüşdür ki, bununla razılaşmaq olmaz. Ötən əsrin iyirminci illərində Azərbaycanda Sovet hakimiyyəti qurulan zaman klassik üslubda yazan bir çox sənətkarlarımız yazı üslubunu dəyişdirib sovet şairi olmadılar. Baxmayaraq ki, onlar cəmiyyətdə gedən bütün müsbət dəyişiklikləri, təhsildə gedən prosesləri alqışlayırdılar. Onlar yeni quruluşun təbliğ etdiyi 2 asiliyi qəbul edə bilmədilər: Allahla və əruz vəzninə asiliyi. Buna görə də çox şeylərdən məhrum oldular. İndiki nəzərlə baxdıqda görürük ki, bu şairlərin ədəbiyyatımızdakı xidmətlərini ədəbiyyat tariximizdə layiqli səviyyədə qeyd etmək lazımdır. Məsələn, nəzərə almaq lazımdır ki, böyük Mirzə Ələkbər Sabir Əbdülxaliq Cənnətinin şeirinə nəzirə-cavab yazmışdır. Azər Buzovnalının sovet hakimiyyətinin ilk onilliklərində yazdığı “Oğuznamə”, “Çingiznamə” poemaları onun ədəbi şəxsiyyətini dəyərləndirməkdə bizə kömək etməlidir.

Əminəm ki, K.Bağırova ədəbiyyat tariximizin digər səhifələrinin də tədqiqində, yeni naməlum səhifələrin açılmasında fəal iştirak edəcəkdir. O, artıq təcrübəli tədqiqatçı kimi yetişmişdir.

Könül Bağırovanın “Azər Buzovnalının poetik irsi” mövzusunda yazdığı dissertasiyası Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktorluğun qarşısında qoyduğu tələblərə cavab verir və o, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiqdir.