Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” (görkəmli ədiblər Hüseyn Cavid, Əhməd Cavad və Abdulla Şaiqin Cümhuriyyət dövrü yaradıcılığı əsasında) mövzusunda Respublika elmi konfransı keçirilib. Tədbir Hüseyn Cavidin Ev Muzeyi və Abdulla Şaiqin Mənzil Muzeyi tərəfindən birgə təşkil olunub.

Hüseyn Cavidin Ev Muzeyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı böyük ədiblər Hüseyn Cavid, Əhməd Cavad və Abdulla Şaiqin Cümhuriyyət dövrü yaradıcılığından danışıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavinləri, filologiya elmləri doktorları Paşa Kərimov, Aybəniz Əliyeva-Kəngərli, Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə mövzu ilə bağlı fikirlərini bildirib, görkəmli ədiblərin Cümhuriyyət dövründə ədəbiyyatımızın inkişafına töhfələrindən söz açıblar.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Abdulla Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadənin rolu”, “Romantik qəhrəmanlar sosial ədalət axtarışında”, “Hüseyn Cavidin yaradıcılığında türkçülüyün, cümhuriyyətçiliyin tərənnümü”, “Abdulla Şaiq Cümhuriyyət illərində” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

azertag.az

huseyncavid.az