Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə dos. Mehmet Nuri Çınarcının "AMEA M. Füzuli adına Əlyazmalar İnstitutundakı Türkcə Əlyazmaları" kitabının təqdimatı keçirilmişdir. Tədbiri Bakı Yunus Əmrə İnstitutunun müdiri dos. dr. Cihan Özdemir açaraq kitabın xalq ədəbiyyatı nümunələrinin, XIX və XX əsrlərin Azərbaycan divan ədəbiyyatına aid əlyazmaların önəmli mənbə olduğunu qeyd etmiş, Şimali və Cənubi Azərbaycanın divan şairlərinin əsərlərinin türkcə əlyazmalarının kataloqunun hazırlanmasında müəllifə və Əlyazmaları İnstitutunun direktor müavini Dosent. dr. Paşa Kərimova təşəkkürünü bildirmişdir.

Kitabın müəllifi dos.dr.Mehmet Nuri Çinarcı çıxış edərək əsər üzərində illər öncə çalışmağa başlayaraq M.Füzuli adına Əlyazmaları İnstitutunda türkcə əlyazmalarla tanış olub araşdırma apardığını,bu işdə ona yardımçı olan Əlyazmaları İnstitutuna və toplanmış əlyazmaların kitab halında nəşrinə dəstək göstərən Yunus Əmrə İnstitutuna təşəkkür və minnətdarlıq etmişdir.

Mərasimin sonunda Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Türk dili müəllimləri Mehmet Nuri Çinarcı və Funda Buganın dərs verdiyi Osmanlıca kursi bitirən Bakı Dövət Universitetinin tələbələrinə Sertifikatlar təqdim edilmişdir.

Afət Sadıqoğlu,

”Xalq qəzeti”

xalqqazeti.com