“Azərbaycan”-köhnə dost

“Azərbaycan” jurnalının tirajının on minlərlə hesablandığı dövrlərini də xatırlayırıq, maliyyə vəziyyətinin çətinləşdiyi, tirajının aşağı düşdüyü vaxtlarını da. Bütün bu müddət ərzində bir mətləb dəyişməz qalmışdır: Ədəbiyyatımız necədirsə, jurnal da elədir, dərgi ədəbiyyatımızın, poeziyamızın, nəsrimizin, ədəbiyyatşünaslığımızın, ədəbi tənqidimizin ümumi mənzərəsini güzgü kimi əks etdirməyə həmisə nail olub. Bu məsələdə “Azərbaycan”ın digər ədəbi jurnal və qəzetlərimizlə müqayisədə imkanları daha üstün olmuşdur. “Azərbaycan” on illərdir ki, iri həcmli əsərləri, romanları oxuculara çatdırmaq imkanına malik olan yeganə ədəbi orqanımızdır. Son dövrlərdə ayrıca bir nömrəsini xalq yazıçısı Elçinin həqiqi mənada nəsrimizdə yeni söz olan “Baş” romanına həsr etməsini jurnalın cəsarətli və uğurlu addımı hesab edirəm. Şəxsən mən bu əsəri jurnalın həmin nömrəsində oxumuşam.

“Azərbaycan” illərdir ki, biz müəlliflərin imzasını ölkəmizdə və xaricdə geniş oxucu auditoriyasına tanıtmaqdadır. Buna görə biz ona minnətdar olmalıyıq. Şəxsən mən 1980-ci ildən bu dərgidə çap olunuram. Bir əhvalatı danışmaq istəyirəm. 1983-cü ildə, erməni millətçiləri Qərbi Azərbaycan torpaqlarıdan həmvətənlərimizi sıxışdırıb çıxarmağa başladıqları dövrdə oralarda əlyazma və əski çap kitablarının olub-olmadığını öyrənmək məqsədi ilə öz təşəbbüsümlə ezamiyyətə getmişdim. O zaman Ədəbiyyat İnstitutunda işləyən tələbə dostum Arif Acalov isə həmin bölgələrin floklor materiallarını toplamaq üçün mənimlə səfərdə idi (Əslində bu səfərdə mən ona qoşulmuşdum). Ermənilər yaşayan məntəqlərdən keçəndə çalışıdıq ki, azərbaycanlı olduğumuzu bildirməyək. Çünki Ermənistan adlanan respublikanın hər yerində antiazərbaycan şüarları, hədə-qorxular, “Rədd olsun türklər!” sözləri səslənməkdə idi. Biz Qərbi Azərbaycanın bir sıra bölgələrini kənd-kənd gəzib əsasən folklor materialı topladıq, qəbirstanlıqlardakı daşlar üzərində yazılmış bayatıları, şeir parçalarını köçürdük, aşıqlara qonaq olub onların əsərlərindən müəyyən qədər yazıya aldıq. Buralarda əlyazma və əski çap kitablarının sayı az idi, olanları da o qədər böyük maraq kəsb etmirdi. Yadımda qalan odur ki, bu gərgin, qorxulu günlərdə belə yerli azərbaycanlı əhali iradəsini, təmkinini, ləyaqətini qoruyub saxlamışdı, bizi də gülər üzlə qarşıladılar. Tanışlıq verdikdən sonra məlum oldu ki, Ağbabanın-Amasyanın ziyalıları məni 1980-ci ildə “Azərbaycan” jurnalında çap edilən şeirlərimdən tanıyırlar. Onların evlərindəki kitab rəflərində jurnalın ayrı-ayrı nömrələri kitab kimi düzülmüşdü. Sevindim ki, bizi “Azərbaycan” jurnalı birləşdirir. Sonrakı illərdə xarici səfərlərimdə ziyalıların evlərindəki kitab rəflərində jurnalın nömrələrinin ən görkəmli yer tutduğynu görmüşəm.

“Azərbaycan” jurnalı çoxları kimi mənim də köhnə dostumdur, hər nömrəsini izləyirəm. Əvvəlcə şeirlərim, sonralar isə məqalələrim, xatirələrim dərginin səhifələrində işıq üzü görüb. Məni junala yaxınlaşdıran bir məqam da var. Atam-şair Əli Kərim Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini bitirdikdən sonra on iki il burada işləyib, şeir şöbəsinin müdiri vəzifəsində çalışıb (Ondan əvvəl bu vəzifədə jurnalın indiki baş redaktoru İntiqam Qasımzadənin atası, həyatdan vaxtsız köçmüş şair, tərcüməçi Böyükağa Qasımzadə çalışmışdır). Jurnalın əməkdaşlarından mərhum İslam İbrahimovu da yaxşı tanıyardım, qonşumuz idi. Atam “Azərbaycan” jurnalında işdən çıxdıqdan sonra yaxın qonşumuz və tələbə yoldaşı (bir neçə kurs fərqləri vardı) Cabir Novruzun baş redaktorluğu ilə “Ulduz” jurnalı nəşr edilməyə başlandı. “Azərbaycan” jurnalında işlədiyi illərdə topladığı təcrübəsinin, dünyagörüşünün, mütaliə dairəsinin köməyi ilə atam “Ulduz” jurnalının nömrələri barədə Cabir müəllimə məsləhətlər verirdi. Hər axşam evimizdə bu mövzuda müzakirələr gedirdi...

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, ədəbiyyatımız necədirsə, “Azərbaycan” jurnalının materialları da elədir. Hansısa bir dəyərli yazının dərgiyə təqdim edilib çap edilməməsi hadisəsi, mən bildiyimə görə, olmayıb. Əksinə, baş redaktorun, redaksiya üzvlərinin ayrı-ayrı müəlliflərin jurnala yeni yazı verməmələrindən gileyləndiklərini görmüşəm.

Sovet dövrünün miflərindən biri də bu idi ki, bəzi yazarlarımız, şairlərimiz senzuranın, rejimin qadağalarına görə dəyərli əsərlərini çap etdirməyib sandıqda saxlayırlar. (Baxmayaraq ki, sovet dövründə də bir sıra çox dəyərli ədəbi nümunələr, hətta senzuranın bəzi tələblərinə də tam cavab verməyən əsərlər belə çap edilmişdi). Müstəqillik dövrü bu mifi ortadan götürdü, məlum oldu ki, sandıqlarda o qədər də çox şey yox imiş. Başqa məsələdir ki, vəziyyəti yaxşı bilən o dövrün müəllifləri yazılarını daxildəki senzuradan keçirdikdən sonra mətbuata təqdim edirdilər. Şair və yazarlar yaşadıqları dövrə münasibətlərini bildirərkən eyhamlardan, işarələrdən istifadə edirdilər. yazıçı ilə anlayan oxucu arasında xüsusi anlaşma dili var idi (Qeyd edək ki, orta əsrlər ədəbiyyatımızda da bir çox “təhlükəli” fikirlər rəmzlər, alleqoriyalar dili ilə anladılırdı). Müstəqillik dövrü gəldi və bütün bu eyhamlara ehtiyac ortadan götürülürdü (Bəlkə belə demək lazımdır: eyhamların çoxuna ehtiyac ortadan götürüldü). Məncə, indi yazıçı və şair olaraq yazıb-yaratmaq əvvəlki dövrlərdən daha çətin olubdur. Nədən və necə istəyirsə yazmaq imkanı əldə edən müəllifin qarşısında duran çətinlikləri biz indi-indi anlamağa başlamışıq. Əvvəlki romantika yoxdur. Və əslində yaranmış indiki vəziyyətə görə taleyimizə minnətdar olmalyıq. Bu günkü “Azərbaycan” jurnalının danılmaz bir təqdirəlayiq cəhəti var: Mövqeyindən asılı olmayaraq hər kəsin bu dərgidə əsərlərini çap etdirmək imkanı vardır. Yetər ki, əsər kefiyyətli olsun. Jurnalın səhifələrində tarixə, ədəbiyyat tarixinə, teatrşünaslığa, sənətşünaslığa aid məqalələrə də, publisistik yazılara da rast gəlmək olar. Jurnalın bu təkrarsız simasının yaradılmasında, materiallara obyektiv, yalnız yüksək bədii zövq baxımından yanaşaraq onları təqdim edən, yeganə meyarı ideya və bədii xüsusiyyətlər olan, müəlliflərlə və oxucularla səmimi, təmənnasız münasibət qura bilmiş redaksiya kollektivinin-baş redaktor İntiqam Qasımzadənin, baş redaktor müavini Südabə Ağabalayevanın, Vaqif Yusifli və başqalarının xüsusi xidmətlərini qeyd etmək istərdim. Bizim “Azərbaycan” jurnalına bu yüksək səviyyəni saxlamaqla yeni-yeni yaradıcılıq uğurları, redaksiya əməkdaşlarına sağlamlıq, uzun ömür arzulayıram.

Paşa Kərimov

Filologiya elmləri doktoru

"Azərbaycan" jurnalı