30 yanvar 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında XIX-XX əsrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi Mirzə Ağadadaş Münirinin anadan olmasının 155 illiyi ilə əlaqədar nəşr olunmuş "Mirzə Ağadadaş Müniri. Əsərlər" adlı kitabın təqdimat mərasimi keçirilib. Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, M.A.Münirinin zəngin və çoxcəhətli yaradıcılıq diapazonuna malik bir sənətkar olduğunu, qəzəl, rübai, təxmis və digər klassik janrlarda şeir yazmaqla bərabər, dövrün ictimai ab-havasını əks etdirən mənzum məktublar və məqalələr müəllifi olduğunu diqqətə çatdırıb. Paşa Kərimov şairin yubileyi ərəfəsində belə bir kitabın işıq üzü görməsini onun xatirəsinə yüksək ehtiram əlaməti kimi dəyərləndirib.

Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfzadə Münirinin öz dövründə tanınmış bir qələm sahibi olduğunu, ötən əsrin əvvəllərində onun “Bahar ağlayışı” adlı kitabının nəşr olunduğunu bildirib. Ə.Nəcəfzadə daha sonra şairin 155 illiyinə həsr olunmuş kitabın ərsəyə gəlməsi prosesindən danışıb. O, Ağadadaş Müniri irsinin tanınmış tədqiqatçısı, kitabın tərtibçisi və ön sözünün müəllifi Sona Xəyalın kitabla bağlı gərgin əməyi barədə məlumat verib.

Əlyazmalar İnstitutunun böyük elmi işçisi Rauf Şeyxzamanlı, Füzulişünas alim, filologiya ü.f.d. Vərağa Almasov, Əlyazmalar İnstitutunun şöbə müdiri Qutiyera Cəfərova və digərləri şairin Əlyazmalar İnstitutunda saxlanılan şeirləri, publisistik məqalələri, nəsl şəcərəsi və s. barədə danışmışlar. Kitabin tərtibçisi, Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sonaxanım Hadiyeva (Xəyal) Mirzə Ağadadaş Müniri ilə bağlı uzun illərdən bəri tədqiqat apardığını, müxtəlif qəzet və jurnallarda onun haqqında silsilə məqalələr çap etdirdiyini bildirib. O, şairlə bağlı tədqiqatlarını gələcəkdə də davam etdirəcəyini deyib. Tədbirdə iştirak edən şairin ailə üzvləri və həmyerliləri təqdimata görə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq bildiriblər.

elyazmalarinstitutu.com