Modern.az saytının “Atalar və övladlar” layihəsində tanınmış ziyalılar-elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə... Həmçinin, dünyadan köçmüş hər hansı tanınmış ziyalının övladı atası haqqında xatirələrini bölüşür. Bu dəfəki qonağımız kimi…

Layihəmizin növbəti qonağı mərhum şair Əli Kərimin oğlu, filologiya elmləri doktoru, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimovdur:

“İki sevgi”

-Əli Kərimin bu gün də sevilməyinin iki səbəbi var: birincisi, Əli Kərimin öz şəxsiyyəti; atam cəmi 38 il yaşadı. Amma onun vəfatından sonra hədsiz sayda adamlarla rastlaşdım ki, onlar “mən Əli Kərimin ən yaxın dostuyam” dedilər. İnsanın bir-iki yaxın dostu ola bilər. Amma “Əli Kərimin ən yaxın dostu mənəm, o birilər yox” deyən bir çox adamlar gördüm. Həmçinin, onların hər birindən özümə qarşı həddindən artıq səmimi münasibətin şahidi oldum. Məndə belə təəssürat yarandı ki, Əli Kərimdə də bunlara qarşı belə səmimi münasibət olub. Onda insanları özünə cəlb edən bir çox məqamlar var idi. İkincisi, yaradıcılığı; onu görməyən adamlar təbii ki, Əli Kərimi yaradıcılığına görə dəyərləndirirlər. Onun ünvanına bir çox şeirlər yazılıb, hamısı da çox səmimi. Bu cür şeirlərin sayı həddindən artıq çoxdu. Əli Kərim bu mənada Azərbaycan poeziyasının digər nümayəndələri ilə müqayisəyə gəlmir.

Yeni dalğa… Axına qarşı

-O dövrün-ötən əsrin ortalarının-ədəbiyyatının üstündən xətt çəkmək istəmirəm. Əli Kərim də sözsüz ki, özündən əvvəl gələn ustadlardan çox şey öyrənib. Amma o şeyləri ki, yuxarı dairələrin, dövrün ədəbi diktəsinin tələbi ilə yazmaq olmazdı, Əli Kərim məhz onları qələmə alardı… Yaradıcılığında sosializm-realizmə uyğun yox, zidd gedən məqamlar var idi. Buna görə cəzalanma olmasa da, çap prosesinə mınfi təsirini göstərən amillər yaranırdı. Əli Kərim şeirlərində hər hansı möcüzənin axtarılması, klassik ədəbiyyatdan gələn təşbehlərin müasir dövrə uyğunlaşdırılması var. Bunlarla bərabər, başqa poetik yenilikləri də var idi ki, bunlar da Əli Kərimi həmin dövrün poeziyasında xüsusilə fərqləndirirdi. Bir şeirindən sitat:

“Külək qarı sovurur,

Yerdən Göyə yağır qar”.

Dövrünün ədəbi diktəsi elə idi ki, adicə qarı Göydən Yerə yağdırmaq belə, qeyri-adi qarşılanırdı… Yaradıcılığında bax beləcə, çox azad adam idi. Elə bu cəhəti ilə də oxucuların diqqətini cəlb edirdi. Bu saat Əli Kərimin yaradıclığı ədəbiyyat tarixidir, çağdaş ədəbiyyat deyil. Ancaq biz istənilən şeiri oxuyanda onun yazıldığı dövrü də nəzərə almalıyıq. Yalnız bu zaman həmin şeir müəllifinin dövrünə, müasirlərinə görə ədəbiyyata yeni nə gətirdiyini görə bilərik. Əli Kərimin poeziyası məhz bu cəhətlərinə- yeniliklərinə, poetik kəşflərinə görə oxunur, şəxsiyyəti də unudulmur. Əli Kərimi incidən, narazı salan məqamlar dövrünün bütün yaradıcı insanlarını incidirdi. Bu, ən birinci yaradıcılıq azadlığının olmaması idi; insan istədiyi şeyi yaza bilmirdi. Həmin dövrün poeziyasında da, nəsrində də yazıçı-şairlər nəyi yazmaq olmazı, nəyə toxunmaq olmazı yaxşı bilirdilər. Məcbur idilər ki, bununla barışsınlar. Başqa əlac yox idi.

Əzablar üzərindəki şair

-Sizə açığını deyim, Əli Kərimin maddi vəziyyəti heç yaxşı olmayıb. Amma maddi sıxıntı onun yaradıcılığına qətiyyən mənfi təsir göstərmədi. Yaradıcılığında, yazı prosesində elə şeyləri vecinə alan adam deyildi. Odur ki, nə maddi sıxıntı, nə də xəstəlik onun yaradıcılığına təsir edə bildi. Yazı prosesində tam azad idi. Elə adamlar var ki, maddi, sosial çətinlik çəkəndə daha yaxşı yazır, yaradıcılığa daha dərindən pərçimlənir. Əli Kərim də o adamlardan oldu..

Başdaşına dönən xatirələr…

-Əli Kərimlə bağlı daha çox xoş anları xatırlayıram. Onunla bağlı ən üzücü xatirə isə ölüm gününə aiddir. O zaman cəmi on yaşım vardı… O gün heç xəstəxanaya da getmədi. Çünki bizim ən kiçik qardaşımız, bir neçə il əvvəl vəfat etmiş Orxan çox balaca idi. Atam da deyirdi ki, “o, tək qalacaq, mənsiz yatmayacaq. Ona görə də mən getmək istəmirəm”. Elə həmin gün də vəfat etdi. Onunla bağlı xatirələr mənim üçün hər zaman işıqlıdır. Əli Kərim yaradıcılığa qapanan adam olmasına baxmayaraq, övladlarına da çox vaxt ayırırdı. Bizimlə birlikdə oynayır, kinoya, teatra aparırdı. Yayda mütləq harasa dincəlməyə gedərdik- əsasən də Şimali Qafqaza… Başqa vaxtlarda da həmçinin, müxtəlif yerlərə gedər, təbiətə tamaşa edərdik. Yadımdadır, bir dəfə Şimali Qafqazda istirahət edirdik. Atam yuxudan erkən durmağı çox sevirdi. İdmançı və çox sağlam idi. Yerli adamlardan fərqli olaraq soyuq havaya mayka ilə də çıxıb, idman edirdi. Soyuqdan heç qorxmazdı. Beş il Moskvada oxumuşdu. Özünün soyuq iqlimı uyğunlaşdırmışdı. Yerli əhali də atamın bu xarakterinə təəccüblə yanaşırdı. Bəzi yerlərdə qəbiristanlıqlar gözəl ərazilərdə, mənzərəli yerlərdə, təbiət qoynunda salınır. Biz orada olanda qəbiristanlığa da baş çəkdik. Başdaşıların hamısının üzərində kədərli misralar həkk olunmuşdu. Bir-bir onları oxuyurdum. Atam isə onları sırf ədəbi mətn kimi oxuyur, qeydlər aparırdı. Qayıdanda da deyirdi ki, “filan qəbirdə necə təsirli sözlər yazılmışdı. Elə bil gözəl şeirin bir parçası idi”. Bu hadisəni sonralar yenidən xatırladım. 1980-ci illərin sonunda erməni istilaçıları Azərbaycan əhalisini doğma yurd-yuvalarından qovurdular. Biz də Ədəbiyyat İnstitutundan bir yoldaşla getdik ki, görək, oradakı əlyazmalardan, folklor, tarixi materiallardan nəsə qalıbmı? Onsuz da yerli əhalini qovub, hər şeyi mənimsəyiblər, heç olmasa, bunları qoruyaq. O zaman şəxsən mənə oradakı bir qəbiristanlıqda məzar daşlarına yazılan misralar çox təsir etdi. O qədər gözəl poetik nümunələr idi ki… Çoxusu da bayatı formasında yazılmışdı. Mən həmin bayatıları köçürdüm. Bu mədəniyyəti mənə atam təlqin etmişdi; qəbirüstü yazılar ən vacib mətnlərdəndir.

Əli Kərim üçün ən böyük hədiyyə

-O zaman biz birinci sinifdə oxuyanda bir adət var idi, yəqin, indi də qalıb- birincilər onunculara, onlar da balacalara hədiyyə verib - hədiyyə alırdılar. Atam da hər zaman bizim məktəbimizlə çox ciddi maraqlanırdı. Evdən mənə çiçək aldılar ki, bir onuncuya verim. Onunculardan hər uşağın bəxtinə bir oyuncaq düşdü. Mənə isə üstü karandaşla yazılı bir kitab… Kor-peşman evə gəldim. Atam soruşdu ki, bəs sənə nə verdilər? Dedim, hamıya təzə oyuncaqlar düşdü, mənə isə bu qaldı. Atam kitabı məndən alıb baxdı. Mən hələ kitabın üzünə də baxmamışdım. Atam o kitaba baxdı və oxumağa başladı. İnanın, kitabı bir həftə əlindən yerə qoymadı - Lev Tolstoyun hekayələr kitabı idi. Hərçənd Tolstoyu çox yaxşı oxumuşdu. Sonradan başa düşdüm ki, bəlkə də həmin birincilər arasında ən yaxşı hədiyyə elə mənə verilib, amma o zaman bunu anlamamışam. Atam bir həftə o hədiyyəni əlindən yerə qoymadı. Kitaba münasibəti də mənə belə təlqin edirdi.

“Paşanın ilk uçuşu”

-Birinci sinifə getdiyim günü çox yaxşı xatırlayıram. Mərhum şair Cabir Novruzla qonşu idik. Hər iki ailə yarımzirzəmi şəraitdə yaşayırdı. Onun oğluyla yaşıd idik. Atam o günü çox həvəsli idi. Bir gün qabaq bərbərxanaya apardı, saçımı səliqəyə saldırdı, daha sonra isə məktəbli üçün lazım olan bir-iki ləvazimatı çox böyük ürəklə aldı. Məktəbə də özü gətirdi. Müəllimlərlə söhbətləşdi. Sonralar bütün bunlarla bağlı “Paşanın ilk uçuşu” adlı gözəl şeir yazıldı. Bir dəfə də məni dərsdən götürmək üçün məktəbə gəlmişdi. Axşamüstü idi... Gördüm ki, ağacın altında tək-tənha dayanıb. Dərin fikrə gedib. Elə bil, məni məktəbdən götürmək üçün yox, o cür fikrə dalmaq üçün bura gəlib. Mən “Paşanın ilk uçuşu” şeirini oxuyanda atamın həmin anda yaşadıqlarını anladım. Sən demə, o, o zaman öz məktəb illərini, uşaqlığını yada salırdı. Uşaqlığına çox bağlı adam idi. “Mavi nəğmənin sahili” povesti və bir çox şeirlərində uşaqlığından maraqla bəhs edir. Bir növ, öz uşaqlığı ilə yaşayırdı.

Çörək ətirli xatirələr

-Bir dəfə Göyçaya getmişdik. Orada həyətdə bir keçi gördü. Uşaqlar keçi ilə oynayırdılar. Dedi ki, siz bunu qorxutmusunuz. Sonra öz uşaqlığından bir epizodu danışdı. Özünün də keçisinin olduğunu , onu necə sevdiyini dedi. Uşaqlar üçün yazdığı şeirlərin birində bu keçidən bəhs etmişdi. O yadına düşdü, çox kövrəldi. Atası ilə bağlı yaxşı xatirələri vardı. Bəzən, danışanda gözləri yaşarardı. Atasını çox istəyirdi. “Atamın xatirəsinə” adlı şeirində yazırdı:

“Sevgisi də soyuq idi, təzə əkini hər bəladan hifz eləyən qalın qar kimi”...

Qarın, buzun özünün də müdafiə etmək qabiliyyəti var. Atam babamın sərt xarakteri ilə yanaşı, mühafizəkarlığını qarla, buz arasındakı apardığı paralellikdə çox əks etdirmişdi. Yəni o, nə qədər sərt olsa da, yenə də övladlarını hifz edir, qoruyurdu.

“Övladına bircə dəfə can söyləməkdən, övladıyçün can vermək asandı ona”- tək bu misra ilə atasının xarakterini çox gözəl açmışdı. Babam dünyasını dəyişəndə son nəfəsinə gəlib çıxa bilməmişdi. O zaman sonuncu kursda idi, hər şey də indiki kimi asan deyildi, gəlib-çıxmaq çox çətin idi. Bu hadisə onu hər zaman çox kövrəldirdi.

“Mavi nəğmənin sahili” povestinə də atasının obrazını yaradıb. Babam faytonçu olub. İkinci Dünya Müharibəsi zamanı çörəyi faytona yükləyib cəbhəyə göndərilmək üçün bir yerdən digər yerə aparırdı. Amma o qədər vicdanlı olub ki, həmin çörəklərdən heç zaman bircə dənəsini də evinə gətirməyib. Lakin çörək daşıdığna görə faytondan çörək iyi gələrmiş. Bu iy gəlməsin, yarıac-yarıtox uşaqlar bu iyi duymasın deyə, evə bir məhəllə qalmış faytonun qaplarını açar, qoxunu qovandan sonra evə gələrmiş.

İşsizliyin o üzündə

-“Azərbaycan” jurnalında 12 il işlədi. Uzun müddət şeir şöbəsinin müdiri oldu. Amma oradan işdən çıxandan sonra yaradıcılıq baxımından çox irəli getdi. “Heykəl və heykəlin qardaşı” və bir sıra şeir, poemalarını yazdı, nəzərdə tutduğu yaradıcı planları həyata keçirdi. Özü də özündən razı idi ki, oradan çıxandan sonra daha çox işləyib. “Nə yaxşı ki, evdə oturdum və bütün günü yazdım”. Bu faktı sizə dəqiq deyirəm.

Göyçaylılar...

-Atam dünyasını dəyişəndə Rəsul Rza onun dəfni ilə bağlı çox işlər gördü. Amma onların dostluğu barədə az söz deyə bilərəm. Buna dostluq demək də doğru olmazdı. Birincisi, yaş fərqləri böyük idi. Əli Kərimin özündən böyük yaşlılara dərin hörməti vardı. Bunların arasında Rəsul Rza da olub, Əhməd Cəmil də, başqaları da... Rəsul Rza ilə aralarında məsafə saxlayırdı, ona yaxın dostdan çox, bir ağsaqqal kimi yanaşırdı. Belə bir fikri vardı: hər kəsdən, küçədə gördüyün hər insandan, bağda gördüyün ağacdan da nəsə öyrənmək olar. Bu, Əli Kərimin prinsipi idi. Ona görə də, yaradıcılıq tərzini də qəbul etmədiyi şairlərdən nəsə öyrənmək istəyirdi. Rəsul Rza ilə cəmi bir neçə dəfə görüşdüyünü görmüşəm. Bir dəfə şeir gecəsində, məni də özü ilə aparmışdı. Orda Rəsul Rza, Vaqif İbrahimlə bir yerdə idik, maşınla gedib-qayıtdıq. Əli Kərim də Rəsul Rzanın bir çox tədbirlərinə qatılıb, o, deputat olanda bəzən, onunla birlikdə bölgələrə gedib. Yəni, aralarında bu cür həmrəylik olub. Rəsul Rzanın xüsusi rolu Əli Kərimin ölümündən sonra oldu. Onun cənazəsinin Göyçaya aparılmasında, oradakı parkda dəfn olunmasında - hamısında Rəsul Rzanın əməyi var.

“Şeirli, musiqili” vəsiyyət

-Vaqif küçəsi 30-da çox böyük həyətimiz vardı. Atam dünyasını dəyişəndə həmin həyətdə qələbəlik yaşandı; bütün yazıçılar, gənclər toplaşmışdılar. Əli Kərimin bir “Vəsiyyət” şeiri var,. deyir ki, “şeirlə musiqinin möcüzəsi ilə ayılmağa çox dəli bir ümidim var”. Bunu nəzərə alaraq, onun dostları bir jest etdilər: “Vəsiyyət” şeirini yuxarıda-ikinci mərtəbədə böyük aktyorumuz Yusif Vəliyev səsləndirdi, tarzən də ifa etdi. Bir növ, vəsiyyətini yerinə yetirdilər. Daha sonra isə dəfn etmək üçün Göyçaya apardıq.

HAŞİYƏ - Söhbətin bu yerində bir haşiyə çıxırıq. Bir müddət əvvəl Əli Kərimin Göyçaydakı parkda məzarının hasara alınması və heykəlinin yerinin dəyişilməsi barəsində yazılar gedirdi. Paşa müəllim də mətbuatda bu barədə etirazını bildirmişdi. Söz düşmüşkən elə o barədə də danışırıq:

“Mən ona görə şikayət də etdim, mətbuatda da danışdım. Bircə ziyalı da səsimə səs vermədi. Əvvəlcə icra başçısı ilə danışdım. Onların planı var idi ki, qəbrin yerini dəyişsinlər. İstəyirdilər ki, parkın ərazisini genişləndirib, orada atraksion qoysunlar. Mən özüm ona zəng vurub etiraz etdim. Dedilər, “bizə məlumat verilib ki, siz buna etiraz etmirsiz”. Dedim, qəti etiraz edirəm! Amma yenə də öz fikirlərində qalıblar: qəbrin üstün örtüblər, Əli Kərimin parkın girişində olan heykəlini götürüb arxa tərəfə qoyublar. Bu barədə dəfələrlə şikayət elədim, mətbuatda da səsləndirdim. Amma heç bir ziyalıdan reaksiya görmədim...

Ədəbi estafet və Əli Kərim yadigarları

-İndi də sevinirəm ki, nə yaxşı ki, o zaman atamın yolunu davam etdirdim. Başqa ixtisasa yox, filologiyaya qəbul olundum. Doğrudur, mən şeir yazmıram, yaradıcılıqla məşğul olmuram, amma ədəbiyyat sahəsində atamın davamçısıyam. O, kənd yerindən gələn, Bakıda heç kəsi olmayan bir gənc idi. Universitetin Filologiya fakültəsinə qəbul olunmuşdu. Amma yataqxanada yer olmadığından, məcbur qalıb Teatr İnstitutuna getdi. Orada bir müddət oxuduqdan sonra ondakı istedadı görüb Moskvaya köçürdülər. 60-cı illərin Moskva ədəbi mühiti Əli Kərimi çox yetişdirdi. Xruşşovun hakimiyyətə gəldiyi ilk illər, nisbətən azadlıq qoxusu, nəfəs alan ədəbi ovqat... Bütün bunlar atamın ədəbi dünyagörüşünün formalaşmasına müsbət təsir etdi. Orada beş il oxudu və fərqlənmə diplomu ilə bitirdi. Təsəvvür edin, kənddən Bakıya gələn və burada qəbul olunmasına baxmayaraq, yataqxanada yer tapa bilmədiyi üçün oxuya bilməyən Əli Kərim Moskvada rus dilində fərqlənmə diplomu ilə bitirir. SSRİ-nin bütün dövlət mükafatlarını alan Yeqor İsayev Bakıya gələndə Əli Kərim haqqında xoş sözlər demişdi. Həmin ədəbi mühitdə o, Tvardovskini oxuyub, Pasternakı görmüşdü. O mühitin özünəməxsus əhval ruhiyyədi hər zaman Əli Kərimdə qaldı.

Mən də Filologiya fakültəsinə daxil olanda elə ilk olaraq bunu düşündüm- nə yaxşı ki, bundan sonra atamın yolunu davam etdirəcəyəm.

Qardaşım Azər Kərimov hazırda Ankarada Bilkənd Universitetinin professorudur, riyaziyyatçıdır. Atam onun riyaziyyata olan marağını erkən görmüşdü və bunu çox dəyərləndirirdi. Azəri istedadına görə çox sevirdi. Azər də atamın bütün ümidlərini doğrultdu. Atamın ən yaxın dostlarından biri, görkəmli dramaturqumuz Altay Məmmədov onun ölümündən sonra bizim ailəyə çox kömk etdi. O da çalışırdı ki, Azər həyatda öz yolunu doğru tapsın. Altay Məmmədov atamın bəlkə də ən yaxşı dostu oldu. Ölümündən sonra da bu dostluğa sadiq qaldı. Son nəfəsində atan haqqında xatirələrini yazandan sonra dünyasını dəyişdi. İndi mən onun oğlu ilə dostluq edirəm, həm də qonşuyuq.

Azər 8-ci sinifdə oxuyanda Moskva Dövlət Universitetinin fizika-riyaziyyat yönülmü istedadlı uşaqların cəm olduğu akademik Kolmoqorovun məktəbinə getdi. 9-10-cu sinifləri orada oxudu, daha sonra Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirdi. Elə sovet dövründə Türkiyənin Bilkənd Universitetindən təklif aldı və ora getdi. Türk gənclərinin beynəlxalq riyaziyyat olimpiadalarında iştirakının əsas təşkilatçısı odur. Barəsində Türkiyənin “Milliyət” qəzetində çox yaxşı bir yazı yazıldı. Bir neçə il əvvəl Türkiyə beynəlxalq riyaziyyat olimpiadasında çox yaxşı yer tutmuşdu. Qəzet də əsas səbəbkar kimi Azəri göstərdi.

Qardaşımın oğlu da riyaziyyatçıdı. ABŞ-da doktorantura oxuyur. Mənim övladım da əmisinin yolu ilə getdi, tətbiqi-riyaziyyat fakültəsində oxudu. İndi görək, bəlkə bizim nəvələrdən kimsə, atamın yolunu davam edib, şair ola...

E.Nihad

modern.az