AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri aşkar etmişdir. Xətainin Ankara Milli Kitabxanasındakı Əlyazma məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə gedən əsərləri qəzəl və qoşma janrlarında yazılmışdır. Onun bəzi mətbu şeirləri ilə bu əlyazmadakı şeirlər arasında fərqlər vardır.

Şairin əsərlərinin gələcək nəşrlərində bu fərqlər nəzərə alınmalıdır. I Şah Təhmasib aşkar edilmiş ana dilindəki qəzəlində Osmanlı imperatoru Sultan Süleyman qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir. Maraqlıdır ki, həmin məcmuədə Sultan Süleymanın da bu şeirə nəzirə olaraq yazdığı cavabı verilmişdir. Beləliklə, Şah İsmayıl Xətai və I Sultan Səlim arasında olan mükaliməni onların övladları I Təhmasib və Sultan Süleyman Qanuni ana dilində müşairə formasında davam etdirmişlər.

elyazmalarinstitutu.com