Ingiltərə “Pen club”unun, Suriya Yazıçılar İttifaqının və İran Yazıçılar İttifaqı Idarə heyətinin üzvü, Azərbaycanın dostu, “Əl-ərabiyə” və “Əl-cəzirə” kanalında mütəmadi olaraq respublikamızı təbliğ edən tanınmış yazıçı, tərcüməçi və tədqiqatçı Yusif Əzizi Bənitorof AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Qonağı institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifov qarşılamışlar.

Qonaq Əlyazmalar İnstitunun sərgi salonunda olmuş, qədim ərəbdilli əlyazmalarla, o cümlədən ayrı-ayrı şöbələrdə aparılan tədqiqat işləri ilə tanış olmuşdur. Qonağa əlyazmaların elektron resurslarına oturdulması və bu sahədə görüləcək işlər barədə məlumat verilmişdir. Yusif Əzizi insititutun xatirə kitabına öz ürək sözlərini yazmışdır. Qeyd edək ki, Bənitorof kimi tanınan Yusif Əzizi 1951-ci ildə Əhvazın Xəfaciyə şəhərində anadan olub. Tehran Universitetini bitirən yazıçı 1978-ci ildən İran Yazıçılar Birliyinin üzvü seçilmiş, 2008-ci ildən isə sədr vəzifəsini icra edir. O, 2009-cu ildə Britaniya Qələm Cəmiyyətinin fəxri üzvü, 2012-ci ildə Suriya Yazıçılar Birliyinin üzvü seçilmişdir.

Yusif Əzizi ərəb və fars dillərində yazır, indiyədək 25 kitabı, yüzlərlə məqaləsi çap olunmuşdur. O, jurnalistlik, yazıçılıq, tədqiqatçılıqla bərabər, tərcüməçiliklə də məşğul olur. O, müasir ərəb yazıçı və şairlərinin bir çoxunun əsərlərini farscaya çevirmişdir.

elyazmalarinstitutu.com