Oktyabrın 23-də AMEA-nın Əsas binasında Nizami adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə böyük dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr olunan "Hüseyn Cavid və müasir gənclik" mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Əvvəlcə iştirakçılar ədibin Hüseyn Cavid parkında ucaldılan heykəlini ziyarət ediblər. Türkiyə, Misir, İran, Özbəkistan və digər ölkələrin alim və mütəxəssislərinin iştirak etdiyi tədbiri giriş nitqi ilə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açıb. Alim konfransın H.Cavid irsinin tədqiqi və təbliği baxımından önəmini vurğulayaraq dramaturqun zəngin yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirib ki, H.Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub. Onun dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan müxtəlif janrda əsərləri qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.

"H.Cavid Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub" - deyə bildirən akademik T.Kərimli qeyd edib ki, H.Cavidin dramaturgiyası ümumilikdə ictimai ədalətsizliyə, dünyanı parçalamaq və bölüşdürmək istəyən imperiyaların müstəmləkə siyasətinə, ana dilinə sevgiyə, saf mənəviyyata, insanın mənəvi ucalığına həsr olunub.

Sonra “Kaspi” təhsil şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Hüseyn Cavidin "Topal Teymur" əsəri: tarix və müasirlik" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi ədibin Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanına yeni məzmun gətirdiyini və onun "Ana", "Uçurum", "İblis", "Şeyx Sənan" kimi əsərlərinin bu günün reallıqları ilə səsləşdiyini bildirib. Qeyd edib ki, H.Cavid tarixi əsərlərə bədiilik qatmaqda peşəkarlıq göstərərək "Topal Teymur" əsəri ilə sosializm ideologiyasına qarşı türkçülük məfkurəsini gətirib. S.Vəliyeva H.Cavidin ömrünün son günlərinə qədər milli məfkurəyə bağlı qaldığını, "Topal Teymur" əsərinə qarşı yönəldilən haqsız tənqidlərə susduğunu və zəngin yaradıcılığını davam etdirdiyini söyləyib.

Daha sonra Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri, Hüseyn Cavidin qohumu Tağı Əhmədov cavidlər ailəsinin faciəli taleyindən söz açıb, böyük ədiblə bağlı eşitdiyi xatirələri bölüşüb. Bildirib ki, ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin səyi və qətiyyəti sayəsində Hüseyn Cavidin nəşi uzaq İrkutskdan doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib. T.Əhmədov böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağını və tədqiq ediləcəyini vurğulayıb.

Tədbirdə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun "Hüseyn Cavid dramaturgiyasında çoxcəhətli mələk obrazı", Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının "Hüseyn Cavidin bədii-fəlsəfi irsində "dünya obrazı", Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Saminin "Hüseyn Cavidin ortaq türk ədəbi dili uğrunda mübarizəsi" və digər mövzularda məruzələr dinlənilib.

science.gov.az