Ədəbiyyatımız zaman və şəxsiyyət işığında


Akademik İsa Həbibbəylinin tədqiqatları, iri həcmli əsərləri və məqalələri bir daha sübut edir ki, müstəqillik dövrü ədəbiyyatşünaslığımız, ədəbiyyat tarixçiliyimiz bir çox məsələlərə yeni gözlə baxmalı, hətta bir sıra məlum faktaları belə tamamilə fərqli şəkildə nəzərdən keçirilməlidir. Alimin hələ sovet illərində yazdığı əsərlərində stereotiplərlə razılaşmamaq, haqqında artıq söz deyilmiş məsələləri daha dərindən, milli mədəniyyətin, ədəbiyyatın mənafeyi baxımından yenidən araşdırmaq meyli açıq-aydın nəzərə çarpırdı. Elmin çətin yolları ilə inamla addımlayan görkəmli tədqiqatçının araşdırıcı kimi bir neçə səciyyəvi cəhətini xüsusi olaraq qeyd etmək istərdik: yüksək faydalı iş əmsalı, məhsuldarlıq, əməksevərlik, məsələləri daha geniş müstəvidə, milli və dünya ədəbiyyatı səviyyəsində nəzərdən keçirmək qabiliyyəti. Xırda bir faktda belə ədəbiyyatın, mədəniyyətin, ümumiyyətlə, tarixin özəl cəhətlərini axtaran akademik İsa Həbibbəylinin tədqiqatlarında arxiv materiallarından, əlyazmalardan ciddi surətdə istifadə çox vacib şərtdir. Ədəbiyyat tariximizin müxtəlif problemləri ilə məşğul olan alimləri araşdırma formasına görə bir neçə növə ayırmaq olar: yalnız hazır materialların, artıq çap edilmiş kitab və məqalələrin köməyi ilə çalışmanlar, əsasən arxiv və əlyazma qaynaqlarını ortaya çıxaranlar, arxiv və əlyazma qaynaqlarını ortaya çıxarmaqla bərabər bu tapıntıların köməyi ilə elmi-nəzəri əsərlər yazanlar. Onilliklər ərzində İ.Həbibbəylinin elmi fəaliyyətinə qaynaqları ortaya çıxarmaq-mənbəşünaslıq da, əldə edilmiş faktların köməyi ilə ədəbiyyatşünaslıqda, ədəbiyyat tarixində yeni söz demək də daxil olmuşdur. Onun ən kiçik yazısında da bütövlükdə ədədəbiyyata, ictimai-fəlsəfi fikir tarixinə, tarixə ümumiləşdirilmiş baxış vardır. Bu yaxınlrda elmi ictimaiyyətə təqdim etdiyi ədəbiyyat tariximizin yeni dövrləşdirilməsi variantı alimin tədqiqatlarının geniş miqyasından xəbər verir.

Akademik İsa Həbibbəylinin araşdırmalarında ədəbiyyat zamanın, zaman isə ədəbiyyatın şahididir. Ədəbi şəxsiyyətlər, onların əsərləri zamanı, dövrü qeydə alan, milli varlığı, mənəvi-mədəni yüksəklişi təsdiq edən sənədlərdir. Nizami Gəncəvi, Marağalı Əvhədi, Şəms Təbrizi, Məhəmməd Füzuli, Saib Təbrizi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə, Səməd Vurğun, Rəsul Rza və bir sıra başqalarının əsərləri zamanın, tarixin mövcudluğunun vəsiqələridir. Əgər bunlar olmasa, sadəcə tarix kitablarına əsaslanıb keçmişimizdən danışsaq, çox şeyi itirərik. Çünki bizim kimiliyimiz və mənliyimiz ədəbiyyatımızdadır. Alimin bu yaxınlarda çapdan çıxmış iri həcmli “Ədəbi şəxsiyyət və zaman” kitabı bu dediklərimizi bir daha təsdiqləyir.

Nizami yaradıcılığının bütün dünyaya mənsub olduğunu, onun əsərlərində Şərq xalqlarının hərəsinə müəyyən pay düşdüyünü deyən tədqiqatçı bununla bərabər göstərir ki, şairin Azərbaycan xalqına mənsub sənətkar olması da şəksizdir: “O, bu dünyanın böyük şairi, Şərqin qüdrətli sənətkarı olmaqla bərabər, həm də konkret olaraq bir xalqın görkəmli şairi və mütəfəkkiridir. Şairin atası Yusif Zəki və anası Rəisə xanım türk idilər. Nizaminin əsərlərində fars dilində yazılmış “Rəiseyi-qord” kəlməsi igid, yaxud vüqarlı, qürurlu Rəisə mənasını daşıyır”.Ən vacibi odur ki, Nizami Gəncəvi ilə bərabər onun yetişdiyi, böyüyüb boya-başa çatdığı, fəaliyyət göstərdiyi mühit, ədəbiyyat aləmi, xidmətlərindən istifadə etdiyi kitabxanalar da mövcud olmuş və bütün bunlar birlikdə XII əsr Azərbaycanının ayrılmaz tərkib hissəsi, Azərbaycan türklüyünün mənəvi yüksəlişinin sübutudur.

Akademik İsa Həbibbəylinin ədəbiyyatşünaslıq, ədəbiyyat tarixçiliyi fəaliyyətindəki bir məqami da nəzərə çatdırmaq istərdik. Bu onun son dövr araşdırmalarında daha çox diqqəti cəlb edir. Onun tədqiqatlarında ədəbiyyat tariximizin müxtəlif mərhələləri arasındakı keçidlərə xüsusi fikir verilir. Keçid dövrü ədəbiyyatının, bu dövrün aparıcı şəxsiyyətlərinin ətraflı nəzərdən keçirilməsi alimin ədəbiyyat tarixi konsepsiyasının, onun ədəbiyyata baxış fəlsəfəsinin ən vacib tərkib hissəsidir. Təbii ki, bu məsələ İ.Həbibbəylinin ədəbiyyat tarixini yenidən dövrləşdirmə variantını ortaya qoyması ilə səsləşməkdədir. Tədqiqatçı ədəbiyyatımızda M.P.Vaqifdən öncəki yeniləşmə meylləri barədə yazır: “Artıq XVII əsrdə ənənəvi şeir dövrünün arxada qaldığını görməmək mümkün deyildir. XVII əsr poeziyası Məhəmməd Füzulidən Molla Pənah Vaqifə keçid ədəbiyyatının əsas təzahürlərini özündə əks etdirir. Aydın surətdə görünür ki, XVII əsrdə ədəbiyyatın yeniləşməyə doğru prosesləri genişlənmişdir”. XVII əsr şairi Saib Təbrizini Azərbaycan ədəbiyyatında Məhəmməd Füzulidən sonrakı və Molla Pənah Vaqifdən əvvəlki poeziyanın görkəmli yardıcısı adlandıran alim onu klassik romantik şeirin realist ədəbiyyata doğru keçdiyi təkamül prosesinin əsas hərəkətverici qüvvəsi hesab etdiyini bildirmişdir. Onun “Molla Pənah olan şair” adlı məqaləsində Vaqif ədəbiyyatımızda yeni dövrün banisi, əsas siması kimi səciyyələndirilir: “Azərbaycan ədəbiyyarında lirika istiqamətində yeni şeir Molla Pənah Vaqifdən başlanmışdır... Molla Pənah Vaqif realist ədəbiyyatı yaratmaqla Azərbaycan ədəbiyyatını çoxəsrlik Şərq ədəbiyyatı dairəsindən çıxararaq, modern Avropa və dünya ədəbiyyatı səviyyəsinə çıxarmışdır”. İ.Həbibbəylinin “Xoş gördük, Mirzə Fətəli Axundzadə!” adlı məqaləsində M.F.Axundzadənin ədəbiyyatda oynadığı keçid mərhələsi rolu belə dəyərləndirilir: “Beləliklə, Mirzə Fətəli Axundzadənin yaradıcılığı ilə Azərbaycan maarifçi realizmi kamillik mərhələsinə çatmış, bətnində tənqidi realizmin rüşeymlərini hazırlamışdır. Nəticə etibarilə, Molla Pənah Vaqiflə başlanan Azərbaycan realizmi mollanəsrəddinçi tənqidi realizm səviyyəsinə Mirzə Fətəli Axundzadənin mükəmməl maarifçi realizm körpüsündən keçərək gəlib çatmışdir”.

Alimin tədqiqatında Sabir dünya ədəbiyyatında insan haqları uğrunda mübarizə aparan, əsarət əleyhinə çıxan görkəmli sənətkarlarla bir sıradadır, anadilli poeziyamızda satirik şeirin böyük nümayəndəsi kimi ədəbiyyatımızda yeni bir mərhələ onun adı ilə bağlıdır: “Həqiqətən də azərbaycandilli satirik şeir Mirzə Ələkbər Sabirlə kamala çatır: zarafatdan məzhəkədən yüksəlib, masqaradan, həcvçilikdən çıxıb, mükəmməl ictimai-estetik vüsət qazanır; ötəri, əyləndirici gülüşdən sarsıdıcı gülüşə, yumşaq yumordan sərt satiraya keçir”.

İ.Həbibbəylinin araşdırmalarında ədəbiyyatdakı müxtəlif keçid mərhələlərini təşkil edən şəxsiyyət və əsərlər eyni zamanda da mövcud ola bilər. Yeni bir keçid mərhələsinin ortaya çıxması üçün digərlərinə son qoyulması vacib deyil. Sabirin müasiri olan Hadinin “Əlvahi-intibah” poemasını təzə epoxanın intibah göstəricisi sayan alim onun yaradıcılığını klassik poeziya ilə çağdaş poeziya arasında xüsusi bir mərhələ kimi qiymətləndirir: “Məhəmməd Hadinin yaradıcılığı Azərbaycan şeirində Füzuli ilə Səməd Vurğun arasında xüsusi mərhələ təşkil edir. Bütün bənzərsiz cəhətləri, özünə məxsusluqları ilə bir sırada Hadi şeiri klassik lirikadan yeni şeirə keçidə hazırlıq baxımından da mühüm əhəmiyyət kəsb edir”.

“Ədəbi şəxsiyyət və zaman” kitabına daxil edilmiş məqalələrdə Səməd Vurğun və Rəsul Rzanın yaradıcılığı da yeni bir mərhələ baxımından nəzərdən keçirilir. Səməd Vurğun yaradıcılığı ona görə ədəbiyyatımızda yeni bir mərhələdir ki, o, XX əsrdə heca vəznli şeiri ədəbi məktəb səviyyəsinə qaldırmışdır. “Xalq şairi Səməd Vurğun haqqında söz” adlı məqaləsində alim şairin yaradıcılığında elmi təfəkkürün, elmiliyin mühüm rolu barədə diqqətəlayiq fikirlər söyləyir. “Rəsul Rzanın sənət qüdrəti” adlı məqaləsində onun “Rənglər” silsiləsi dünya ədəbiyyatı müstəvisində, eyni zamanda, poeziyamızda yeni bir mərhələnin göstəricisi kimi gözdən keçirilir: “Məşhur “Rənglər” silsiləsi dünya sərbəst şeirinin Azərbaycanda yaranan böyük sənət şedevrlərindən biridir. “Rənglər” sərbəst şeirləri, ümumiyyətlə, XX əsr sərbəst şeirində yeni və böyük sənət hadisəsidir. Rəsul Rzanın “Rənglər” şeirləri ilə geniş mənada dünya sərbəst şeiri yeni rəng, yeni səviyyə qazanmışdır”.

“Ədədi şəxsiyyət və zaman kitabında ədəbiyyat tariximizdə yaradıcılığı tam bir mərhələ təşkil edən səkkiz sənətkarın adı çəkilmişdir: Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun və Rəsul Rza. Orasını da qeyd edək ki, haqqında danışdığımız kitabda ədəbiyyatımızdakı mərhələlər arasındakı “uzaq məsafəli” əlaqələr də qeydə alınmış, məsələn, Füzuliyə mollanəsrəddinçilərin, Cəlil Məmmədquluzdə və Mirzə Ələkbər Sabirin münasibəti barədə söz deyilmişdir.

İsa Həbibbəylinin yazı üslubunun bir cəhətni qeyd etmək istərdik: faktların hərtərəfli təhlilini, dəyərləndirilməsini sərrast, aforizm səciyyəli ifadə və kəlamlar, cümlələr müşayiət edir. Bu kəlamlar, cümlələr yüksək bədiilliyi ilə seçilir, fikri tamamlayır və yadda qalır. Belə təsəvvürə gəlir ki, yazı prosesində bu aforistik cümlələr onun özünün də gözləmədiyi halda “ortaya çıxır”. Məsələn, Nizami haqqında oxuyuruq: “Yer kürəsinin ədəbiyyatı və ictimai fikri Nizamisiz özünün nizamını itirər”. “Cahana sığmayan şair” məqaləsində İmadəddin Nəsimi barədə deyilir: “İmadəddin Nəsimi özü də görkəmli bir şair-mütəfəkir olaraq kamil insan obrazının qüdrətli yaradıcısı olan böyük sənətkar abidəsidir. Fikirimizcə, “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə başlanan məşhur şeir İmadəddin Nəsiminin avtoportretidir”. Kitabda Füzuli barədə belə yazılıb: “Bəşəriyyət 500 ildir ki, “bir aşiqin dövranını”, yəni Füzuli dövranını heyranlıqla seyr edir və yaşayır, mənən zənginləşir, kamilləşir, yetkinləşir. Bu mənada aşiqin, aşiqliyin, aşiqanəliyin, Füzulinin dövranı əbədidir”. Yaxud, M.P.Vaqifin şeiri barədə deyilir: “Vaqifin durnaları, Azərbaycan şeirinin durna qatarının önündədir”. Və yaxud, Səməd Vurğun barədə yazılıb: “Səməd Vurğun bədii sözün bütün romantikasını şeirdə əks etdirən qüdrətli sənətkardır. Təsadüfi deyildir ki, Səməd Vurğunun şeiriyyətini əngin səmaları fəth edən qartalla müqayisə edirlər. O, Azərbaycan ədəbiyyatında qartal qanadlı poeziyanın böyük yaradıcısı kimi qəbul olunur”. Rəsul Rza haqqında: “Rəsul Rzanın adı çəkiləndə ilk növbədə Azərbaycan ədəbiyyatının ciddi vətəndaş sözü yada düşür. Sovet dövrünün mövcud çətinliklərinə baxmayaraq Rəsul Rza ədəbiyyatda Azərbaycanın sözünü demək vəzifəsini yerinə yetirməyi bacarmışdı... Dünya, zaman, insan haqqında bənzərsiz düşüncələr Rəsul Rza sənətinin cövhəridir. Rəsul Rza həm də mükəmməl bəşəri poeziya yarada bilmişdir”.

Akademik İsa Həbibbəylinin “Ədəbi şəxsiyyət və zaman” kitabı müstəqillik dövrü ədəbiyyatşünaslığımızın ciddi nailiyyəti kimi diqqəti cəlb edir. Bu nailiyyət həm alimin yeni ədəbi faktaları üzə çıxarmasında, həm də məlum faktların yeni dövrün tələbləri baxımından dəyərləndirməsində ifadəsini tapır. Əsasən son dövrlərdə yazılmış məqalə və oçerklərdən ibarət bu kitab görkəmli tədqiqatçının yüksək elmi məhsuldarlığı barədə də fikir söyləməyə imkan verir.

Paşa Əlioğlu,

filologiya elmləri doktoru

Ədəbiyyat qəzeti