XIX əsrin görkəmli şairlərindən və realist satiranın banilərindən biri olmaqla bərabər, gözəl lirik şair olmuş həmyerlimiz, navahılı Mirzə Baxış Nadimin yaradıcılığının oxucularımıza layiqincə çatdırılması arzularımdan biridir.

Neçə il əvvəl Navahı kənd Mədəniyyət Evində Mirzə Baxış Nadimin yaradıcılığına həsr olunmuş böyük bir tədbir keçirmişdik. O zaman Nadimlə bağlı əldə etdiyim və ərəb əlifbası ilə gözəl xətlə yazılmış bir əlyazmasını sonradan rayonumuzu Milli Məclisdə təmsil edən akademik Rafael Hüseynova vermişdim.

Təqribən 6 ay bundan əvvəl Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, “Təfəkkür” Universitetinin professoru Raqub Kərimovdan mənə bir telefon zəngi gəldi. O bildirdi ki, Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor, mərhum şairimiz Əli Kərimin oğlu Paşa Kərimovla birlikdə Mirzə Baxış Nadimin 200-ə yaxın şeirini, o cümlədən, qəzəl və mərsiyələrini üzə çıxarmışlar.

Bu günlərdə - mərhum Əli Kərimin dünyasını dəyişməsinin ildönümü günündə Paşa və Raqub müəllimlər Hacıqabula gəldilər. Rayon Tarix – Diyarşünaslıq Muzeyinin direktoru, əsl ziyalı Məhəmməd İsayevlə birlikdə Navahı kənd qəbirstanına getdik. Mirzə Baxışın nəticəsi Malik Baxşıyevin göstərdiyi qəbir daşının yazısını oxuyan Raqub müəllim bunun başqa şəxsin qəbri olduğunu bildirdi. Yanaşı qəbirlər də başqalarına aid idi. Vaxt məhdudluğu üzündən və mütəxəssisə ehtiyac olduğundan axtarışlar yarımçıq qaldı.

Qeyd edim ki, həm Paşa müəllim, həm də Raqub müəllim əsl ziyalı, əsl alim olduqlarından, var qüvvələrilə Mirzə Baxışı xalqa tanıtdırmağa çalışırlar.

Qeyri – ixtiyari olaraq, dodaqlarımda böyük şairimiz Əli Kərimin misraları səslənir:
Demədim heç kimə.

Tabutuma oğlanlarımı

yaxın qoymayın!

Təbəssümlərini qoyarlar ora,

Qoymayın onları

həyətdən bir adam çağıra,

Oyuncaqlarını,

oyunlarını gətirib

qoyarlar tabutuma,

Birdən-birə

qocalarlar.

Mənsə aparıram

sizə lazım olmayan

nəyim var.

Allah sənə rəhmət eləsin, Əli Kərim! Sağlığında xalq tərəfindən sevilsən də, layiqli qiymətini ala bilmədin. Sən “Xalq Şairi” olmadınsa da. Xalqın şairi oldun! Səndən sonra da layiqli varisin var: professor Paşa Kərimov.

Mübariz Xəlilov

“Mədəni İrs” Qəzeti