İyunun 23-də AMEA Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Azadə Rüstəmovanın xatirəsinə ithaf olunub. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran və Hindistandan olan mütəxəssislər də iştirak ediblər. Konfransı giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Nəsiminin zəngin irsindən söz açıb, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan danışıb. AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Nəsimi yaradıcılığında insanın fövqəlbəşəri varlıq olması, bəşəri dəyərlər, insana sevgi və insan azadlığı barədə söhbət açıb. Sonra BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova, Gürcüstan Elmlər Akademiyasının akademiki, görkəmli türkoloq Elizbar Cavalidze çıxış ediblər.

Konfransda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov “ Nəsimi ənənələrinin davamçısı Süruri”, Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d. Nəsib Göyüşov “Hürufiliyin mənşəyi və ideyaları”, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d., professor Kamandar Şərifov “Mövla Hafiz Bərdəi”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d. professor Azadə Musabəyli “Əlyazmalarda Nəsimi ardıcıllarının poetik irsi” adlı məruzələrlə çıxış etmişlər.

www.elyazmalarinstitutu.com



Paşa Kərimov konfransdakı aktiv fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən təşəkkürnamə ilə təltif edilib:



Nəsimi ənənələrinin davamçısı Süruri


Paşa KƏRİMOV

Filologiya elmləri doktoru

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu

Açar sözlər: divan, səfəvi, qəzəl, təzkirə

Süruri XV əsrin sonu – XVI əsrin əvvəllərində yaşamış hürufi şairimiz, şeirlərində Nəsimi ənənələrini davam etdirmiş, haqqında çox az məlumata malik olduğumuz, ədəbiyyat tariximizdə ancaq bir neçə şeirindən söhbət gedən sənətkarlarımızdandır. Akademik Həmid Araslı «Böyük Azərbaycan şairi Füzuli» monoqrafiyasında Süruridən Şah İsmayıl Xətai dövrünün görkəmli Azərbaycan sənətkarı, Həbibi, Şahi, Matəmi, Qasimi, Tüfeyli ilə bərabər saraydakı ədəbi məclisdə iştirak edən şair kimi bəhs etmişdir. Məlum olduğu kimi, bunlardan Tüfeyli və Süruri hürufi idilər. Alim göstərir ki, Şah İsmayıl hürufi ideyalarının sərbəst inkişafına imkan yaratmış, hürufilər, bir sıra digər təriqət şairləri Səfəvilər dövləti ətrafında birləşmiş, şiəliklə uyuşmağa çalışmışlar: «Xüsusən amansız surətlə təqib olunan hürufilik Səfəvilər dövründə nəfəs almağa imkan tapmışdı. Odur ki, hürufilər şiələrlə əlbir olaraq mübarizə aparmağı əsas məqsəd kimi irəli sürür və hürufi ideyalarını şiəliklə birləşdirməyə, uyğunlaşdırmağa cəhd edirdilər» (1, s. 57). Sürurini Nəsimi irsinin varisi, onun ideyaları uğrunda mübarizə aparan sənətkar adlandıran H.Araslı qeyd edir ki, Fəzlullahı Allah kimi tanıyan şair Xətai sarayında yaşayarkən hürufi fikirlərini yaymış, bununla bərabər dünyəvi məhəbbət mövzusunda da qəzəllər yazmışdır. Alim Sürurini Füzuliyə və daha çox müasirlərinə təsir edə bilən şair kimi dəyərləndirmişdir. XVI əsrdə «Süruri» təxəllüslü bir neçə şair olduğundan bəzən bu şairləri bir-biri ilə qarışdırırlar. Ehtimal ki, I Sultan Səlim Təbrizi tutduqdan sonra onu da digər sənətkarlarla birgə Türkiyəyə aparmışdır. Onun Türkiyədə böyük nüfuz qazandığı, osmanlı şairlərinə təsir etdiyi, orada vəfat etdiyi göstərilir. Professor Azadə Musayeva «Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı və Xəlilinin «Firqətnamə»si» adlı kitabının «Azərbaycandan Türkiyəyə gedən sənətkarlar və onların əlyazmaları» adlı birinci fəslində ayrı-ayrı təzkirə və əlyazmalarda rast gəldiyi Süruri şeirlərini təhlil etmiş, onlardan nümunələr vermişdir. A.Musayeva göstərir ki, osmanlı müəllifi Lətifi təzkirəsində Sultan Səlimə istinad edilən «Müənbər kakilin xurşidə salmışdır kəmənd» mətləli qəzəlin əslində Süruriyə aid olduğunu birdirir. Tədqiqatçı AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburq Universiteti kitabxanasında saxlanan əlyazmalara, İsmayıl Hikmətin «Azərbaycan ədəbiyyatı tarixi» kitabında verilən şeirin mətninə əsasən əsərin Azərbaycan şairinə məxsusluğunu təsdiq etmişdir (5, s. 19). Qeyd etdiyimiz kimi, mənbələrdə Süruri təxəllüslü ədiblər bir-biri ilə qarışdırılmış, osmanlı müəllifi Sürurinin klassik şairlərdən C.Rumi, Ə.Cami, Hafiz əsərlərinə yazdığı şərhlər də divan müəllifi şairimizə aid edilmişdir. Azərbaycan şairi Süruri barədə bəzi mənbələrin qeydlərini nəzərdən keçirək. Osmanlı müəllifi Səhi bəy (?-1548) 1538-ci ildə tamamladığı «Həşt behişt» təzkirəsində şair barəsində «Sultan Səlim dövründə, şah İsmayıl vəqtində fövt oldu» yazaraq onun yaşadığı dövr barədə təxmini məlumat vermişdir (6, s. 19). Digər osmanlı müəllifi Qəstəmonulu Lətifi (1491-1582) 1546-cı ildə tamamladığı təzkirəsində şairi «Süruriyi-Şərqi» adlandıraraq onun Sultan Səlim və Şah İsmayıl vaxtında həlak olduğunu, bəzilərinin sənətkarı rumlu (osmanlı) hesab etdiklərini göstərmişdir. Lətifi bu əsərində Sürurinin «Qönçədən gül nizə çəkdi şaha yoldaş olmağa», «Çeşmi-pürxunumda xalun əksi, ey arami-can», «Qamətüm qəmdən büküldi sünbüli-pürtab tək» misraları ilə başlanan qəzəllərinin olduğunu bildirmiş, onun «Ta müənbər kakilin xurşidə salmışdır kəmənd» mətləli qəzəlinin səhv olaraq Sultan Səlimə aid edildiyi qeyd etmiş, Sürurinin «Tək» rədifli qəzəlinə özünün yazdığı 5 beytlik nəzirəsini vermişdir (4, s. 126).

Osmanlı müəlliflərindən Aşiq Çələbi (1520-1572) 1568-cı ildə tamamladığı «Məşairüş-şüəra» adlı təzkirəsində Sürurinin Diyari-Əcəmdən (Azərbaycan və İrandan) Osmanlı dövlətinə gəldiyini, bir sıra elmlərdən xəbərdar olduğunu bildirmiş, onun «Ta ki, sevdayi-səri-zülfün məkanıdır könül», «Çeşmi-pürxunumda xalın əksi, ey arami-can», «Səlx oldu mahi-ruzəvü göstərdi tabi-eyd» misraları ilə başlanan qəzəllərindən nümunələr vermişdir. XVI əsrdə yaşamış digər müəllif Qınalızadə Həsən Çələbi (1546-1604) 1586-cı ildə tamamladığı «Təzkirətüş-şüəra» əsərində Sürurinin Əcəm vilayətindən gəldiyini, I Sultan Səlim zamanında vəfat etdiyini, çox şeirinin olduğunu göstərir, onun «Dideyi-pürnəmdə xalın əksi, ey arami-can» misrası ilə başlanan qəzəlini xatırladır (2, s. 474).

Görkəmli türk alimi İsmayıl Hikmət 1928-ci ildə Bakıda nəşr etdirdiyi «Azərbaycan ədəbiyyatı tarixi» kitabında Süruri barədə təzkirələrdə rast gədiyi məlumatları nəzərdən keçirərək onu XV-XVI əsrlərdə yaşamış, özünəməxsus üsluba, istedada malik qüvvətli şair, divan müəllifi kimi səciyyələndirmişdir. Alim onu Şərq ədəbiyyatının formalaşmış qəlibləri, klişeləri çərçivəsində hisslərini ifadə edə bilən, ədəbiyyata yenilik gətirən sənətkar kimi təqdim edir: «Şairin ifadəsində çox coşqun olmasa da, bir rübabilik, bir hissilik var. Klişe olan o təbirlərin, o istiarələrin içində bir könül sığışdırmağa, bir hiss gizlətməyə çalışır» (3, s. 260). İ.Hikmət Sürurinin qəzəlinə Lətifi, Şəm’i, Zati, Vəsfi, Rəvani, Məsihi, Nitqi kimi osmanlı şairləri tərəfindən yazılan nəzirələri nəzərdən keçirmiş. Süruri qəzəlinin üstünlüyünü göstərmiş, onun bir neçə şeirinin mətnini vermişdir.

İndiyə qədər təzkirələrdə, müxtəlif əlyazmalarda Sürurinin bir neçə qəzəlinə rast gəlsək də, onun divanı əldə olmadığından şairin yaradıcılığı barədə ətraflı fikir söyləmək imkanından məhrum idik. Vatikanın Apostol kitabxanasında adı «Süruriyi-Əcəm» kimi gedən sənətkarın bizim şair olduğunu ehtimal edirdik. Lakin son vaxtlara qədər həmin kitabxanadan onun divanının surətini əldə edə bilməmişdik. Heydər Əliyev fondunun yardımı və Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elimləri doktoru Fərid Ələkbərlinin vasitəçiliyi ilə axırı ki, Süruri divanının surətini əldə edə bildik. Qeyd etmək istərdik ki, Sankt-Peterburq Universitetindəki məcmuədə də şairin adı «Süruriyi-Əcəm» kimi getmişdir.

Süruri divanının surətini Vatikanın Apostol kitabxanasından əldə etdiyimiz nüsxəsini nəzərdən keçirdikdə görürük ki, 192 vərəqlik əlyazmanın 184 vərəqində şairin şeirləri köçürülmüşdür. Nüsxə rikabə-Şərq paginasiyası ilə səhifələnmişdir. Yəni hər səhifənin sonunda növbəti səhifədə yazılacaq ilk söz qeyd edilmişdir. Bu səhifələmə üsulunun qüsurlu cəhəti ondan ibarətdir ki, ortadan neçə səhifənin düşdüyünü bilmək mümkün deyil. Qeyd etdiyimiz kimi, əlimizə 184 vərəq həcmində çatan divandan naməlum sayda səhifələr düşmüş, bir sıra şeirlər natamam qalmışdır. 6 və ya 5 misradan ibarət səhifələrdən bəziləri oxunmaz hala düşmüşdür. Bəzi səhifələrin kənarında xalq təbabətinə dair müxtəlif qeydlər, əlyazmanın sonunda mətnə aid olmayan yazılar köçürülmüşdür. 931 beyti əlimizə çatmış bu divan nüsxəsində Lətifi, Qınalızadə, Aşıq Çələbi təzkirələrində, İsmayıl Hikmətin «Azərbaycan ədəbiyyatı tarixi» kitabında Azərbaycan şairi Süruriyə aid edilən aşağıdakı mətləli şeirlər aşkar edildi:

Çeşmi-pürxunimdə xalın nəqşi, ey arami-can,

Miskə bənzər kim, qızıl valadə eylərlər nihan.

Ta ki, sevdayi-səri-zülfün məkanıdır könül,

Şahbazi-laməkanın aşiyanidir könül.

Könlümü zülfinlə çək zəncirə, şeydalanmasun,

Sinəmi çak et ki, səndən özgə məvalanmasun.

Bu bir daha sübut edir ki, Vatikanın Apostol kitabxanasından surəti əldə edilmiş divan osmanlı müəlliflərinin «Süruriyi-Şərqi», «Süruriyi-Əcəm» adlandırdıqları şairimizə aiddir. Qeyd etmək istərdik ki, bu şeirlər toplusu çox böyük maraq doğurur, XV-XVI əsr ədəbiyyatımızda hürufi ideyalarının hərarətlə təbliğ edildiyini, Nəsimi ənənələrinin davam etdirildiyini sübut edir. Məlum olur ki, H.Araslı haqlı olaraq ehtimal etmişdir ki, Süruri əsərlərində hürufilik ideyalarını açıqcasına təbliğ etmiş, Fəzlullahı Allah kimi tanımışdır. Qeyd etdiyimiz kimi, Sürurinin həyatı barədə məlumamımız çox azdır. Onun divanındakı şeirlərin hürufiləri də sarayına cəlb etmiş Şah İsmayıl Xətainin yanında olarkənmi, yoxsa I Sultan Səlimin Səfəvilər üzərində qələbə çalmasından sonra Türkiyədəmi yazıldığını demək mümkün deyildir. Onu deyə bilərik ki, şairin şeirlərində hürufilik ideyaları, Nəsimi təsiri ilkin nəzərə çarpan cəhətlərdir.

Nəsimi kimi Süruri də insan surətində ilahi əlamətlərin təzahür etdiyini iddia edir:

Kainatı məst edib Qurani-natiq bilməgə,

Xətti-saqi sureyi-ümmül-kitab oldu mana.

Şair məşuqənin saçını Quran ayəsinə, qaşını «şəqqül-qəmər» möcüzəsinin şərhinə bənzədir. Hürufi sənətkar insan könlünün Allahın ən qədim məkanı olduğunu deyir:

Kəbə istərsən könül mülkünü abad eylə kim,

Həqq-Təalanın qədimi xanədanıdır könül.

Nəsimi kimi Süruri də insanı bəşər surətli Həqq adlandırır:

Zülfü qaşü kipriyindən, ey bəşər surətli Həqq,

Kaşifi-sirri-tilismü gənci-Quran olmuşam.

Allahın insanda təzahür etdiyini deyən şair şeirlərindən birində Nəsimi kimi Fəzlullah Nəimini ilahi saydığını açıq ifadə edir:

Çünki Həqqi surəti-adəmdə gördüm zahirən,

Mən Məsihəm, qatili-Dəccali-şeytan olmuşam.

Ol Süruriyəm ki, Fəzlin bəndəsi olalidən,

On səkkiz min aləmin varına sultan olmuşam.

Süruri qəzəllərində Nəsimi ruhu, Nəsimi ədası, onun şeirlərinin ritmi özünün ifadəsini tapmışdır. Nəsimi kimi o da hürufi ideyalarını ifadə edərkən özünü, öz şəxsiyyətini ön plana çəkir:

Ol mənəm ki, kaşifi-gənci-tilismi-aləməm,

Vaqifi-sirri-kəlamullahü vəchi-adəməm…

«Küntü kənz»in gövhəri nitqimdən olmuşdur zühur,

Dürri-vəhdət məndədir, yəni ki, gənci-mübhəməm…

Ol Süruriyəm ki, mən ruzi-əzəldən ta əbəd,

Fəzli-Həqqin bəndəsiyəm, padşahi-aləməm.

Əminik ki, şairin surəti yeni əldə edilmiş divanı XV-XVI əsrlər ədəbiyyat tariximizin tədqiqinə yeni töhfələr verəcəkdir.

Ədəbiyyat: 1. Araslı Həmid. Böyük Azərbaycan şairi Füzuli. Bakı: Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatı, 1958.

2. Hikmət İsmayıl. Azərbaycan ədəbiyyatı tarixi. Birinci cild. Bakı: Azərnəşr, 1928.

3. Kınalızade Hasan Çelebi. Tezkiretüş-şüara. Ic., Ankara, 1978.

4. Latifi. Tezkireyi-Latifi. Dersaadat, 1314.

5. Musayeva Azadə. XV-XVI əsrlər Azərbaycan mühacirət ədəbiyyatı və Xəlili “Firqətnamə”si. Bakı: Elm, 2007.

6. Sehi bey. Tezkire. Heşt behişt. İstanbul, 1980.

Паша Керимов

Сурури – продолжатель тадиций Насими

Резюме

Азербайджанский поэт XV-XVI вв. Сурури был хуруфитом, продолжателем традиций Имадеддина Насими. До сих пор нам были известны лишь некоторые стихи поэта из разных тазкире – средневековых антологий. Недавно удалось получить копию ватиканского списка дивана – сборника лирических стихов поэта, который состоит из 931 бейтов. Из стихов Сурури мы узнаем, что он в своих стихах смело пропогандировал хуруфитские идеи, считал основателя хуруфизма Фазлуллаха Наими создателем. Ключевые слова: диван, сефеви, газель, тазкире

Pasha Karimov

Sururi – the successor of the traditions of Nasimi

Summary

Sururi, the Azerbaijani poet of 16-17th centuries was the follower of Hurufis, the continuer of traditions of Imadaddin Nasimi. Until now, we were only known to a few verses of the poet from different tazkira - medieval anthologies. Recently we have succeeded to obtain a copy of the Vatican's list of the Divan - a collection of lyrical poems of the poet, which consists of 931 couplets. Based on the poems by Sururi we learn that he has boldly propagated hurufis’ ideas in his poems and he considered Fadlullah Naimi as creator and founder of Hurufism.

Key words: divan, Safavi, gazelle, tazkira