AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun “Qasim bəy Zakir: həyatı, dövrü, mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyasının seminar iclası keçirilib. İclasda AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov çıxış etmişdir. Çıxışın tam mətnini təqdim edirik.

Raqub Kərimovun “Qasim bəy Zakir: həyatı, dövrü, mühiti və müasirləri” mövzusunda yazdığı doktorluq dissertasiyasına rəy

Bizdə və dünya xəzinələrində saxlanan mənbələrin aşkar edilərək surətlərinin əldə edilməsi, nəşri və müqayisəli tədqiqi, yazılı abidələrimizin elmi-tənqidi mətnlərinin tərtibi ədəbiyyat tariximiz qarşısında duran ən vacib məsələlərdəndir. Ədəbiyyatşünaslıq elmimizin müasir mərhələsində ayrı-ayrı şair və yazıçılarımızın portret-oçerklərindən onların elmi tərcümeyi-hallarına keçid də çox önəmli bir məsələdir. Təəssüf ki, bu vəzifələri yerinə yetirəcək kadrların, xüsusilə də gənc kadrların kifayət qədər olmaması, ədəbiyyat sahəsində çalışan gənclərin ilkin mənbələrlə, əlyazmalarla işləməyə həvəs göstərməməsi, hazır tədqiqatları, nəşr edilmiş əsərləri araşdırmaq istəməsi günümüzün reallığıdır. Belə olan halda əsas yük daha yaşlı nəslin nümayəndələrinin üzərinə düşür. Filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov artıq sovet dövründə XIX əsr ədəbiyyat tariximizin tədqiqatçısı kimi formalaşmışdı, o, həmin dövr şairlərimizin on bir əsərini tərtib və tərcümə edərək ön sözlə nəşr etdirmiş, üç kitab və üç monoqrafiya yazaraq çap etdirmişdir. Tədqiqatçının müdafiəyə təqdim etdiyi “Qasım bəy Zakir: həyatı, dövrü, mühiti və müasirləri” mövzusunda yazdığı dissertasiya bir sıra cəhətlərinə görə diqqətimizi cəlb edir. İlk öncə qeyd etməliyik ki, kitabda Qasım bəyin həyat və yaradıcılığına, ünsiyyətdə olduğu əsas şəxsiyyətlərə, əsərlərinə dair, demək olar ki, bütün mənbələr, tədqiqat işləri nəzərdən keçirilərək müqayisə edilmiş, bir sözlə şairin elmi bioqrafiyasının tərtibi üçün çox vacib addım atılmışdır. R. Kərimov qarşısına qoyduğu vəzifənin necə geniş və əhatəli olduğunu (ən azı ona görə ki, Zakirin dost-tanışlarının sayı çox olmuşdur) dərk etdiyinə görə elmi işin əvvəlində yazır: “Məlumdur ki, XIX əsrdə Qarabağın ictimai-siyasi mühitində yüksək elitanın nümayəndəsi hesab olunan Qasım bəy Zakirin dostluq əlaqələri çox geniş olmuş, o, ictimaiyyətin öndərləri sırasında getmişdir. Qasım bəy Zakir Qarabağ xanları nəslindəndir. Onun M.F.Axundzadə, Mehdiqulu xan, İ.Qutqaşınlı, X.Natəvan, Baba bəy Şakir, Mirzə Camal və onun oğlu Rzaqulu bəy Vəzirov, Rəhim bəy Uğurlubəyov, Mirzə Adıgözəl bəy, İ. Orbeliani, İ.A.Silvitski, A.Berje, M.P.Kolubyakin, Məhəmməd bəy Aşiq, Cəfərqulu xan Nəva, Böyük bəy, Mirzə Mehdi, M.M.Miklaşevski, Şeyxülislam Əhməd Hüseynzadə, Gövhər ağa, Mirzə Həsən, Hacı Yusif, Canı oğlu Abdulla və bir çox başqa şəxsiyyətlər, yazıçı və tarixçilər, hərbi və ictimai xadimlər, eləcə də sadə peşə sahibləri ilə yaxından tanışlığı dediklərimizi sübut edir. Zakir bu şəxslərin əksəriyyəti ilə sıx əlaqədə olmuş, əsərlərində dönə-dönə onların adını çəkmişdir.

Təsadüf deyil ki, Zakirin ictimai satiralarının çoxu onun adını çəkdiyimiz dost və tanışlarına məktub və ya xitab şəklində yazılmışdır.

Tədqiqatçı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, müxtəlif arxivlərdə mühafizə edilən sənədləri, tədqiqat əsərlərini müqayisəli şəkildə nəzərdən keçirərək Zakir həyatının əsas tarixlərini dəqiqləşdirmiş, müxtəlif məqamlara dair ziddiyyətli baxışlara münasibətini bildirmiş, şairin kökü İbrahimxəlil sultandan gələn, Qarabağ xanlığının əsasını qoyan əsilli-nəcabətli Cavanşir əmirlərinin nəslindən olduğunu sübut etmişdir. Ən diqqətəlayiq məqam isə ondan ibarətdir ki, tədqiqat işində Zakirin elmi cəhətdən əsaslandırılmış ətraflı nəsil şəcərəsi ilk dəfə olaraq tərtib edilmişdir. Məlum olduğu kimi, hətta XX əsrdə yaşamış bir çox sənətkarlarımızın belə nəsil şəcərəsi ortada yoxdur ki, bunsuz da əlbəttə, elmi bioqrafiyadan danışmağa dəyməz. Monoqrafiyada göstərilir ki, şair həyatında üç dəfə evlənmiş, yeddi oğul, bir qız atası olmuşdur. Tədqiqatçı Qarabağ xanı Mehdiqulu xanla, X.Natəvanla yaxın münasibətlərdə olmuş Zakirin şəxsi insani keyfiyyətlərini, dostluqda sədaqətini, mərdlik və şücaətini konkret faktlarla üzə çıxarmışdır. Mənbələr əsasında şairin zahiri görünüşü barədə məlumatlar dəqiqləşdirilmişdir. Şairin həyatından müxtəlif faktlar, dostluq və düşmənçilikləri, həbsə düşməsi, ailə üzvlərinin incidilməsi və s. sənədlər əsasında işıqlandırılmışdır.

Dissertasiyanın “Zakir irsinə yeni baxış” adlı birinci fəsli elmi işin ən diqqətəlayiq hissələrindəndir. Şairin irsinə yaxından bələd olan milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə hələ XIX əsrin 40-50-ci illərində onun əsərlərini nəşr etdirməyə cəhd göstərmişdir. Hüseyn Əfəndi Qayıbov da Zakirin əsərlərini çap etdirmək istəmişdir. Zakirin əsərləri ilk dəfə olaraq əsaslı şəkildə 1925-ci ildə Salman Mümtazın tərtib və redaktorluğu ilə işıq üzü görmüşdür. R.Kərimov şairin 230 şeirindən ibarət bu toplunun bütün müsbət cəhətlərini və qüsurlarını ətraflı şəkildə nəzərdən keçirmişdir. Tədqiqatçı Zakir əsərlərinin 1936, 1947, 1953, 1957, 1964, 1984, 2005-ci illərdəki nəşrlərində gedən təkmilləşmə, orijinala yaxınlaşma prosesini izləyərkən əsl mətnşünas-əlyazmaçı kimi fəaliyyət göstərmişdir. O, belə hesab edir ki, şairin əsərlərinin nəşrində hələ də nöqsanlı cəhətlər vardır. Bütün bu çatışmazlıqları aradan götürmək üçün bütün əlyazma mənbələrini-cüng, məcmuə və fraqmentləri bir-bir diqqətlə nəzərdən keçirmək lazımdır: “Onu da qeyd etmək lazımdır ki, bu nüsxələrin hər birində, kamil nüsxə hesab olunan sonuncu nəşrində də müəyyən qüsurlar, qeyri-dəqiqliklər mövcuddur. Son illərin araşdırmaları onu göstərir ki, görülmüş bu işlərlə yanaşı zakirşünaslıqda araşdırılması və tədqiqi vacib olan bir sıra məsələlər gündəmdə durur. Bunlardan ən vacibi hələ də ayrı-ayrı cüng, bəyaz, fraqment və şeir dəftərlərində şairin elm aləminə məlum olmayan əsərlərinin tapılıb üzə çıxarılmasıdır”.

“Zakirin xan nəslindən olan şair qohumları” adlı ikinci fəsildə Ağabəyim ağa Ağabacı, Əbülfət xan Tuti, Gövhər ağa, Baba bəy Şakir, Mirzə Mehdi və Məhəmməd bəy Aşiqdən bəhs olunur.Tədqiqatçı xan qızı Ağabəyim ağanın İrandakı həyatını yeni materiallar əsasında tədqiq etməklə yanaşı, onun “Məluli” təxəllüsü ilə şeirlər yazdığını və ədəbi ictimaiyyətdə böyük şöhrət qazandığını xüsusi olaraq nəzərə çatdırır. Baba bəy Şakirin yeni tapılan şeirləri və Zakirin Mirzə Mehdiyə yazdığı qeyri-mətbu mənzuməsi də ilk dəfə olara bu fəsildə tədqiq edilir.

Dissertasiyanın “Zakirin dostları və məsləkdaşları” adlı üçünci fəsli XIX əsrdə Qarabağın, bütövlükdə Azərbaycanın ədəbi mühitinin öyrənilməsi baxımından böyük maraq kəsb edir. Müəllif burada Zakirin Cəfərqulu xan Nəva, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı, eləcə də tarixçi müasirləri, rus və gürcü dostları ilə münasibətlərini əlyazma mənbələri, əski mətbuat nümunələri əsasında araşdırmış, xüsusilə də şairin Nəva ilə münasibətlərinin işıqlandırılmasında ədəbiyyat tarixlərində formalaşmış stereotipləri aradan götürməyə çalışmışdır. Bir sıra tədqiqatçılar 1849-cu ildən Zakirlə barışmaz düşmənə çevrilmiş əmizadəsi Cəfərqulu xan Nəvanı tarixdə mənfi bir şəxsiyyət kimi dəyərləndirmişlər. R.Kərimov bu məsələyə aydınlıq gətirmək üçün mənbələrə müraciət etmiş, belə bir nəticəyə gəlmişdir ki, Cəfərqulu xanı yalnız qara rənglərlə təsvir etmək haqsızlıqdır: “İgidliyi,cəsarəti və prinsipiallığı ilə məşhur olan Cəfərqulu xanın haqqında sovet rejiminə qədər yalnız xoş sözlər deyilsə də, inqilabdan sonrakı dövr tədqiqatçılarının əsərlərində o, dünyanın ən qəddar, qaniçən, zülmkar şəxsiyyəti kimi xarakterizə olunmuşdur”. Tədqiqatçı Cəfərqulu xanın keşməkeşli həyat yolunu nəzərdən keçirir, göstərir ki, dövrünün savadlı, mütərəqqi görüşlü ziyalısı olan Nəva ilə Mehdiqulu xan, Zakir arasındakı ziddiyyətləri süni surətdə çar üsuli-idarəsi yaratmışdır. Kitabı oxuduqca Qarabağ əhalisinin-xan və bəylərinin, ziyalılarının XIX əsrdə bölgədə cərəyan edən hadisələrdən, Çar Rusiyası ilə Qacarlar dövləti arasındakı ziddiyyətlərdən, müharibələrdən nə qədər əziyyət çəkdiklərini, “iki od arasında” qaldıqlarını görürük.

“XIX əsr Qarabağ ədəbi mühiti və Zakir” adlı dördüncü fəsildə şairin klassik irsə münasibəti, indiyədək araşdırmalardan kənarda qalmış dini şeirləri, eləcə də Zakirin ədıbi ənənələrin davamçısı və novator şair olması, mövcud nəzirəçilik ənənələrinin mənfi və müsbət cəhətləri tədqiqata cəlb edilir.

Dissertasiyanın sonunda əlavə olaraq AMEA Əlyazmalar İnstitutunda saxlanan əlyazmalarda, Mir Mehdi Xəzaninin “Xəyalat məcmuəsi”ndə rast gəlinən, indiyədək şairin mətbu əsərlərinə daxil edilməmiş şeirləri verilmişdir.

Raqub Kərimovun “Qasım bəy Zakir: həyatı, dövrü, mühiti və müasirləri” adli dissertasiyasını dəyərləndirərkən əsərin ən diqqətəlayiq cəhətinin onun şairin elmi bioqrafiyasının tərtibinin özülü olduğunu qeyd etmişdik. Ümid edək ki, gənc tədqiqatçılar bu nümunəni əsas götürərək digər şair və yazıçılarımızın elmi tərcümeyi-hallarının tərtibi işinə girişəcəklər. Elmi işin digər faydalı cəhəti isə ondan ibarətdir ki, müəllifin əlyazmalar üzərində səbrlə apardığı iş nəticəsində Qasım bəy Zakir əsərlərinin gələcək nəşrləri üçün yeni materiallar üzə çıxarılmışdır. Əvvəlki nəşrlərdə gedən bəzi səhvlər düzəldilmiş, bir sıra yeni şeirlər təqdim edilmişdir.

Belə hesab edirik ki, Raqub Kərimovun təqdim etdiyi “Qasım bəy Zakir: həyatı, dövrü, mühiti və müasirləri” mövzusunda dissertasiyası Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktorluğu qarşısında qoyduğu tələblərə tam cavab verir.

Paşa Kərimov

filologiya üzrə elmləri doktoru

19 iyun 2017-ci il.