AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq Ümummilli Liderin həyat və fəaliyyətindən danışmışdır. O, Ulu Öndərin dövlətçilik təcrübəsinin öyrənilməsinin və təbliğinin bu gün qarşıda duran əsas vəzifə olduğunu bildirmiş və bu sahədə görülən işlər barədə qısa məlumat vermişdir. O, təkcə ötən bir il ərzində Ümummilli Liderə 2500-dən artıq kitab həsr edildiyini diqqətə çatdırmışdır. A.Əliyeva-Kəngərli demişdir: “Sevindirici haldır ki, dahi şəxsiyyətin dövlətçilik təcrübəsinin öyrənilməsi üçün indi Heydər Əliyev məktəbləri yaradılır, artıq ilk belə bir addım Dövlət İdarəçilik Akademiyasında atılmışdır. Hazırda Mədəniyyət və İncəsənət Universitetində də belə bir məktəb yaradılmaqdadır”.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov Heydər Əliyevin həqiqi Milli Lider olduğunu vurğulamışdır. O, tarixdə öz millətini bəla və fəlakətlərdən qoruyan, onu azadlığına qovuşduran şəxsiyyətlərin olduğunu bildirmiş və buna misal olaraq, Şah İsmayılın adını çəkmişdir. O, Heydər Əliyevin həmin tarixi liderlik ənənəsini öz şəxsiyyəti ilə mükəmməlləşdirdiyini, kamilləşdirdiyini bildirmişdir.

P.Kərimov Ümummilli Liderin diplomatik fəaliyyətinə nümunə kimi onun qonşu dövlətlərlə - İranla, Gürcüstanla münasibətləri tənzimləməsini misal göstərmişdir. O, Ulu Öndər hakimiyyətə gələnə kimi İranla Azərbaycan Pespublikası arasında vəziyyətin gərgin olduğunu, Xəzərin statusunun müəyyənləşməsinin ciddi konfliktlərlə izləndiyini bildirmişdir: “Heydər Əliyev bu məsələyə müdaxilə edəndən problemlər aradan qalxmışdır”. P.Kərimov Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdir.

İnstitutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov öz çıxışında Heydər Əliyevi üç prizmadan xarakterizə etmişdir. O, Ulu Öndərin ilahi vergiyə malik bir insan olmaqla bərabər, daim özünü tərbiyə ilə məşğul olduğunu qeyd etmişdir. Ə.Nəcəfov Ulu Öndərlə xalq arasındakı sevginin qarışılıqlı əsaslara malik olduğunu bildirmiş və bu sevginin onu yeni-yeni qələbələrə ruhlandırdığını vurğulamışdir.

Sonda çıxış edən Təhsil şöbəsinin müdiri Kərimulla Məmmədov gənclərin Heydər Əliyev irsinə müraciət etməsinin günün zərurəti olduğunu bildirmişdir: “Əgər biz dövlətimizin daha da qüdrətlənməsini istəyiriksə, Ulu Öndərin irsini daha dərindən öyrənməli, onun xalq, vətən sevgisini qəlbimizdə yaşatmalıyıq”.

elyazmalarinstitutu.com