Martın 18-i Gəncə Şəhərində yerləşən Xocalı Rayonu Əli Kərim adına Başkənd kənd tam orta məktəbində görkəmli şair Əli Kərimin anadan olmasının 86 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Rayon Təhsil şöbəsinin müdiri Şakir Əliyev, Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin direktoru Məhəmməd Məmmədov, bir sıra ziyalılar, mədəniyyət evinin əməkdaşları, məktəbin müəllim, şagird kollektivi iştirak etmişlər. İlk öncə qəsəbədə Xocalı şəhidlərinin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olundu. Daha sonra tədbir məktəbin akt zalında davam etdirildi. Şairin oğlu, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı, şair, müəllim Azər Hacıbəyli və digərləri şairin həyat və yaradıcılığı haqqında çıxış etdilər. Tədbirin iştirakçısı olan ziyalılar və şairin oğlu Əli Kərimin xatirəsinin əziz tutulmasından məmnunluqlarını dilə gətiriblər.

Qeyd edək ki, bugün şairin anadan olmasının 86 illiyidir. Əli Kərim 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. 1948-ci ildən Teatr İnstitutunun teatrşünaslıq fakültəsində 3 il təhsil aldıqdan sonra Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. İlk nəşr olunan əsəri 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində çıxmış «Təzə müəllim» şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan «İki sevgili» kitabı olmuşdur. Bakıya qayıtdıqdan sonra «Azərbaycan» jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.