9 mart 2017-ci il tarixində Roma Milli Mərkəzi Kitabxanasının Roman və fotoarxiv şöbəsinin doktoru Paola Puqlisi və “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” layihəsinin rəhbəri, rezident tvinninq müşaviri Alessandro Bianki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri, fil.ü.e.doktorları Aybəniz-Əliyeva Kəngərli və Paşa Kərimov qarşılayıb.

Alessandro Bianki adıçəkilən layihə çərçivəsində tarix, mədəniyyət, etnoqrafiya, dilçilik və s. sahələrdə aparılan işlərlə maraqlandığını bildirib. O, Paola Puqlisinin Romada kitabxana sektorunda çalışdığını və Azərbaycandakı arxivlərlə, kitabxanaların elektronlaşdırılması ilə tanış olmaq istədiyini bildirib. İnstitutun direkor müavini fil.ü.e.d A.Əliyeva-Kəngərli institutun funksiyası, burada saxlanılan əlyazma və şəxsi arxivlər barədə qonaqlara ətraflı məlumat verib. O, institutun arxivinin elektronlaşdırılmasının qarşıda duran ən cuiddi vəzifələrdən biri olduğunu diqqətə çatdırıb və görülən işlər barədə qonaqlara məlumat verib.

İnstitutun direkor müavini fil.ü.e.d Paşa Kərimov institutda 12 mindən çox əlyazmanın mühafizə və onların böyük hissəsinin tədqiq olunduğunu bildirib. O, həmçinin qeyd edib ki, institutda Azərbaycanın 32 görkəmli sənət adamının şəxsi arxivi mühafizə edilir. Qonaqlar İnstitutun sərgi zalı, Arxiv şöbəsi və Elektron resurslar şöbəsi ilə tanış olublar.

elyazmalarinstitutu.com