Paşa Kərimov 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib. 1982-ci ildən Əlyazmalar İnstitutunda işləyir. 1991-ci ildə «Əlican Qövsi Təbrizinin «Divan»ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni» mövzusunda namizədlik, 2012-ci ildə isə «XVII əsr anadilli Azərbaycan lirikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-2003-cü illərdə institutun elmi katibi işləmişdir. 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin 1 noyabrından AMEA Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edib. 2014-cü ildən direktor müavini. 2015-ci ildən həm də Multidistiplinar əlyazmalar və çap kitabları şöbəsinin müdiridir. Nazirlər kabineti yanında Tərcümə Mərkəzinin elmi-bədii şurasının üzvüdür. "Azərbaycan","Multikulturalizm", "Filologiya məsələləri" jurnallarının redaksiya heyətinin üzvüdür. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olur. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Yusif bəy Ustaclu və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirmişdir. Azərbaycan tarixində əhəmiyyətli rola malik bir çox əlyazmaların AMEA Əlyazmalar institutuna gətirilməsinə nail olub. 2016-2017-ci tədris illindən AMEA Əlyazmalar İnstitutunun magistrlarına "Yazılı abidələrin nəşri problemləri" mövzusunda mühazirələr deyir. Dahi Şairimiz Əli Kərimin oğludur.

Ankarada, Daşkənddə, Kabildə, Məzari-Şərifdə, Heratda və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda, 2011-ci ildə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikan və Romada təşkil olunmuş Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmişdir. 2009-cu ildə bir il müddətinə Prezident təqaüdçüsü olmuş, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 3 Noyabr 2015 ci il sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.