MÜSTƏQİLLİK DÖVRÜ ƏDƏBİYYATININ TARİXİ

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı 2 cildlik kitab AMEA Nizami adına Ədəbiyyat İnstitutunun imza atdığı ən möhtəşəm lahiyələrdəndir. Birinci cild 1990-ci illər, ikinci cild 2000-ci illər Azərbaycan ədəbiyyatının formalaşması, təşəkkül prosesləri , inkişaf yolu, əsas yaradıcıları barədə ciddi elmi sözdür, müasir dövrümüzün ədəbiyyat tarixidir. Cildlərin icmal və portret oçerklərdən ibarət olması bir daha bunu sübut edir. Əlbəttə, ən böyük çətinlik ondan ibarətdir ki, istənilən dövrün tarixi, ədəbiyyat tarixi müəyyən bir vaxt keçdikdən sonra, bütün mətləblər, şəxsiyyətlər barədə qənaətlər tam mənası ilə formalaşdıqdan sonra yazılsa, daha yaxşı olar. Burada isə çox hallarda söhbət hələ yaşanılan ədəbi hadisədən, həyatda olan, yaşayıb-yaradan sənətkardan gedir. Yəni hələ çox məsələlərə nöqtə qoymaq mümkün deyil. Bu, möhtəşəm bir mexanizmin hərəkətdə ikən fotoşəklini çəkməyə bənzəyir. Buna baxmayaraq, bu fikirdəyik ki, müstəqqillik dövrümüzün 25 illiyinin ədəbiyyatının geniş tarixini yazmağın böyük elmi əhəmiyyəti vardır. Ola bilər ki, hər hansı bir mətləb barədə qənaət dəyişsin. Klassik ədəbiyyat tarixlərində də belə hala rast gəlmək olar. Lakin sübut etməyə ehtiyac yoxdur ki, hər hansı bir ədəbi proses cərəyan edərkən, ədib həyatda ikən onlar barədə yazmağin əvəzedilməz üstünlükləri vardır. Bu, gələcəkdə yeni araşdırmalar üçün ən dəyərli material olacaq. Ona görə də, bu layihəni həyata keçirənlərlə, zəhməti keçənlərlə bərabər, ideyanın özünü ayrıca alqışlamaq lazımdır.

Müstəqillik dövrü ədəbiyyatımız iki əsrin, iki quruluşun ayrıcı dövrünün ədəbiyyatıdır. İstər dövrün ədəbi şəxsiyyətlərində, istərsə də əsərlərində bunu görmək mümkündür. Cildlərdə diqqəti cəlb edən ən vacib məsələlərdən biri bu keçid dövrünün mənzərəsinin verilməsidir. Məlum məsələdir ki, ədəbiyyat zamanın aynasıdır. Ədəbi əsərlər əsasında ayrı-ayrı dövrlərin tarixini yazmaq cəhdləri də olmuşdur. Bu cildlərdə müstəqqillik dövrü tariximizin səciyyəvi xüsusiyyətləri ətraflı nəzərdən keçirilmişdir. Burada həm ədəbiyyatın tarixi, həm də ədəbiyyatda əksini tapan tarix geniş elmi araşdırma mövzusudur.

Son 25 il ədəbiyyat tariximizin qanunauyğun inkişaf prosesinin nəticəsi, davamıdır. Lakin müstəqilliklə bağlı olaraq bu dövrün səciyyəvi xüsusiyyətləri də vardır ki, haqqında bəhs etdiyimiz kitablarda bu barədə xüsusi danışılmışdır. Layihənin elmi redaktoru, bir sıra icmal və portret oçerklərin müəllifi akademik İsa Həbibbəylinin bu sözlərinə haqq verməmək olmur və əslində bu sözlər ikicildliyin əhəmiyyəti, özəlliyi barədə də fikir yürütməyə imkan verir: “Ədəbiyyatın inkişafı üçün müstəqillik şəraiti, müstəqilliyin atributları olan sərbəst söz imkanı, yaradıcılıq azadlığı vacib şərtlərdir. Bununla belə ədəbiyyat yeni epoxanın gəlişini təkcə passiv şəkildə əks etdirməklə qalmamış, eyni zamanda müstəqilliyin qazanılmasında fəal şəkildə iştirak etmişdir. Bütün sovet dövrü ərzində ədəbiyyatda müstəqillik ideyalarının yetişməsi və təcəssümü bir neçə şəkildə özünü büruzə vermişdir... Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”. Bu sözlər keçid dövrünü də, müstəqillik dövrünü də xarakterizə edir.

İkicildliyə daxil edilmiş icmal xarakterli məqalələrdə haqlı olaraq göstərilir ki, 1990-cı illər ədəbiyyatı sovet ideologiyasından uzaqlaşma, vətənpərvərlik, milli azadlıq ideyalarının ön plana keçməsi prosesini yaşamışdır. Hələ müstəqillik rəsmən elan olunmamışdan əvvəl ədəbiyyat xalqı bu istiqamətdə yönəltmək sahəsində aktiv fəaliyyət göstərmişdir. Sonradan dövlət ideologiyasına çevriləcək azərbaycançılıq düşüncəsi də əvvəlcə ədəbiyyatda əksini tapmışdı. Milli İstiqlal, Qanlı yanvar, şəhidlik, Qarabağ savaşı, qaçqınlıq və köçkünlük həmin dövr ədəbiyyatında bədii ifadəsini tapmışdır. Sosialist realizmi ədəbi metodu yerini çoxmetodluluğa, çoxsəsliliyə vermişdir. Postmodermizm, dekadentizm, magik realizm, sürrealizm, avanqardizm kimi cərəyanlara meyl artmışdır. 1990-cı və 2000-ci illər ədəbiyyatımız doğrudan da tipologiya etibarilə fərqli və yeni ədəbiyyatdır, müstəqillik dövrünün yaratdığı bədii dəyərləri özündə əhatə edir. Bu ədəbiyyat dünya ədəbi prosesinə inteqrasiya olunur, dünya dəyərlərini intensiv şəkildə mənimsəyir. Müasir Azərbaycan ədəbiyyatı dünya miqyasında modern və postmodern ədəbiyyatında gedən proseslərin içərisindədir.

Portret oçerklər barədə xüsusi olaraq vurğulamaq istərdik ki, obyektivlik prinsipini əsas tutan müəlliflər dünyagörüşündən, siyasi düşüncələrindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq diqqətəlayiq hesab etdikləri bütün yazıçı və şairlər barədə fikir söyləmişlər. XX əsrdə formalaşmış və yeni dövrdə meydana çıxmış yaradıcı qüvvələrin əsərləri eyni prinsipiallıqla dəyərləndirilmişdir. Portpet oşerklər bir daha sübur edir ki, XX əsrin Anar, Elçin, Mövlud Süleymanlı kimi yazıçıları, Fikrət Qoca, Nəriman Həsənzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı kimi şairləri əvvəlki dövrdə olduğu kimi müstəqillik dövrünün də görkəmli yazıçə və şairləridirlər.

Müstəqillik illərində Azərbaycanın müxtəlif ölkələrlə ədəbi əlaqələri, ədəbiyyatşünaslıq, ədəbi tənqid, ədəbiyyat nəzəriyyəsinin vəziyyəti barədə məqalələr də böyük maraq doğurur. Fikrimizcə, ədəbiyyat tarixçiliyimiz barədə onu demək yaddan çıxıbdır ki, 2015-ci ilin yayında akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Nizami adına Ədəbiyyat və Əlyazmalar İnstitutlarının müştərək elmi şurası keçirilmişdir. Həmin iclasda filologiya üzrə elmlər doktoru Paşa Kərimov müstəqillik illərində Əlyazmalar İnstitutunda ədəbiyyat tarixinin tədqiqi, yazılı abidələrin araşdırılması və nəşri sahəsində görülmüş işlər barədə məruzə ilə çıxış etmişdir. Məruzədən görünür ki, müstəqillik illərində Əlyazmalar İnstitutunda ədəbiyyat tarximizin araşdırılması sahəsində həqiqətən böyük işlər görülmüşdür. Təəssüf ki, bu işlərdən demək olar ki, heç biri ikicildliyin ədəbiyyat tarixçiliyinə dair hissəsində əksini tapmamışdır.Məlum olduğu kimi müstəqillik bizə dünya kitabxanalarındakı yazılı abidələrimizin surətlərinin əldə edilməsi üçün geniş imkanlar açmışdır. İndiki vəziyyəti əvvəlki dövrlərlə müqayisə etmək olmaz. Qarşıda bu qədər materialı araşdıracaq mütəxəssis kadrların, tədqiqatçıların yetişdirilməsi problemi durur. Faktiki olaraq orta əsrlər ədəbiyyat tariximiz ayrı-ayrı müəlliflər, dövrlər üzrə yenidən yazılmaqdadır. ədəbiyyat tarixçiliyimizdə yeni proseslər gedir və yeni tapıntılar, kəşflər gözlənilməkdədir. Bütün bunlarmüstəqillik dövrümüzün reallığıdır. Bu böyük layihəni həyata keçirdiyinə görə ikicildliyin yaradıcı kollektivini təbrik edirik.