12.12.2016-cı ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir. Tədbir Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmaşdır. Sonra institutun elmi məsələlər üzrə direktor müavini, fil. ü.e.d. Aybəniz Əliyeva-Kəngərli çıxış edərək böyük tarixi şəxsiyyətin Azərbaycan ictimai-siyasi fikrindəki yerindən danışmışdır. O, Ümummilli liderin 1969-1986-cı illərdə sovet hakimiyyətinin ən yüksək eşalonunda təmsil olunarkən Azərbaycanı postsovet məkanında lider respublikaya çevirməsi barədə məlumat vermişdir. A.Əliyeva –Kəngərli dahi şəxsiyyətin ikinci qayıdışının da tarixi bir zərurət olduğunu bildirmişdir. O, demişdir: “Ölkə qarşıdurmalar, hərc-mərclik girdabında idi, xalq yalnız dahi Heydər Əliyevin onu xilas edə biləcəyinə əmin idi. H.Əliyev ona uzanmış əlləri ümidsiz qoymadı, qısa müddətdə ölkəni böhrandan çıxarıb, böyük iqtisadi-siyasi inkişaf yoluna gətirdi. Bugünkü uğurlarımızın müəllifi, baş memarı H.Əliyevdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun müəyyənləşdirdiyi strategiyanı öz fəaliyyəti ilə daha da zənginləşdirməkdədir. Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx birləşmişdir.” A.Əliyeva-Kəngərli daha sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Heydər Əliyevin xatirsəi ilə bağlı çap olunmuş yeni kitablardan danışmışdır. O, həmin kitabların bir biblioqrafik göstərici olaraq H.Əliyevin zəngin irsini araşdaranlara ən yaxşı köməkçi olacağını əmin olduğunu bildirmişdir. Sonra digər tədbir iştirakçıları öz ürək sözlərini və Ümummilli liderlə bağlı xatirələrini söyləmişlər.