İnstitutun Akt zalında keçirilən görüşü elmi məsələlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov açaraq eyni profilli tədqiqat müəssisəsinin rəhbərini Bakıda görməkdən məmnun olduğunu bildirib. O, Ərəb Ölkələri Liqası kimi məşhur qurumun nəzdində fəaliyyət göstərən bir institutla M.Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanması barədə danışıqları yüksək qiymətləndirib. Sonra P.Kərimov sözü Feysəl əl Hafyana verib. Misirli qonaq Ərəb Əlyazmaları İnstitutunun 1946-cı ildə yarandığını, Misirdə yerləşməsinə baxmayaraq, Misir hökumətinə deyil, Ərəb Ölkələri Liqasına tabe olduğunu bildirmişdir. O, institutda əlyazmaların bərpasının, kataloqlaşdırılmasının və elektronlaşdırılmasının həyata keçirildiyini qeyd edib. O, institutun məqsədinin ərəb əlyazmalarının dünyaya açılması olduğunu bildirib. Qonaq Ərəb Əlyazmaları İnstitutunun hazırladığı bir neçə kitabı və kataloqu M.Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə edib. Sonra institutun elmi işlər ürə direktor müvini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli çıxış edərək M.Füzuli adına Əlyazmalar İnstitutunun uzun müddət Əlyazmalar Fondu kimi fəaliyyət göstərdiyini, 1986-cı ildə umummilli lider Heydər Əliyevin təşəbbüsü ilə instituta çevrildiyini bildirib. O, ölkə başçısı İlham Əliyevin bu gün instituta xüsusi qayğı və diqqətlə yanaşdığını vurğulayıb. İnstititun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov Əlyazmalar İnstitutunun strukturlarından, institutda aparılan bərpa, kataloqlaşdırma, elektronlaşdırma və tədqiqat işlərindən danışmışdır. Ə.Nəcəfov M.Füzuli adına Əlyazmalar İnstitutunda əsasən üç dildə-fars, ərəb və türk dillərində tədqiatlar aparıldığını qeyd edib. Görüşdən sonra qonaq institutun sərgi salonu, Gigiyena və bərpa laborotoriyası ilə tanış olmuşdur.