5 dekabr 2016-cı il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının yığıncağı olmuşdur. Yığıncağın gündəliyinə 1986-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Respublika Əlyazmalar Fondunun Əlyazmalar İnstitutuna çevrilməsinin 30 illiyi, şöbələrin, Gigiyena və Bərpa labarotoriyasının hesabatının dinlənilməsi, institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin mərhum əməkdaşı Firəngiz Xəlilovanın XVII əsr Azərbaycan şairi “Uğurlu Xan Müsahib Gəncəvinin “Divan”ının tekstoloji – filoloji tədqiqi” adlı əsərinin çapa hazırlanması, kitabların nəşri və cari məsələlər daxil edilmişdir. İnstitutun direktor müavini, fil.ü.e.d. Paşa Kərimov Əlyazmalar Fondunun İnstitut kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd etmiş və məhz onun göstərişi ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutunun təsis edildiyini bildirmişdir. O, həmin tarixdən artıq 30 il keçdiyini və adıçəkilən institutun öz istiqaməti üzrə dünyanın mötəbər tədqiqat müəssisəsləri ilə yanaşı durduğunu bildirmişdir. Sonra institutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərlinin və Paşa Kərimovun, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfovun iştirakı ilə şöbələrin hesabatı dinlənilmişdir. Ümumi şəkildə hesabatlar məqbul hesab olunmuşdur. Sonra elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov Farsdilli əlyazmaların tədqiqi şöbəsinin əməkdaşı Firəngiz Xəlilovanın vaxtsız dünyasını dəyişdiyini və onun üzərində çalışdığı “Uğurlu Xan Müsahib Gəncəvinin “Divan”ının tekstoloji – filoloji tədqiqi” əsərinin demək olar ki, tamamlandığını bildirmişdir. Ə.Nəcəfov adıçəkilən şöbənin rəhbəri Nəsib Göyüşovun həmin əsəri redaktə etməyi və çap hazırlamağı təklif etdiyini diqqətə çatdırmışdır. Elmi Şura təklifi bəyənmişdir. Cari məsələlərin müzakirəsi zamanı institut əməkdaşlarının çap olunmuş əsərlərinin akademiyanın rəhbərliyinə təqdim edilməsinin müvafiq qaydaları barədə məlumat verilmişdir. İclasın yekununda Aybəniz Əliyeva - Kəngərli Elmi Şura üzvlərinə uğurlu və məhsuldar fəaliyyətlərinə görə minnətdarlığını bildirmişdir.