Oktyabrın 12-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Multikultural yazılı abidələrin - əlyazmaların tədqiqi məsələləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin beynəlxalq ictimaiyyətin diqqətinin respublikamıza yönəlməsində böyük rol oynadığını söyləyib. Qeyd olunub ki, Bakıda keçirilən V Beynəlxalq Humanitar Forum bu baxımdan layiqli töhfədir. Bu gün Azərbaycan bütün dünyaya multikulturalizmin ən yüksək nümunəsini nümayiş etdirir. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkəmizdəki tolerantlıq mühitindən, multikultural dəyərlərin tarixi köklərindən danışıb. Vurğulanıb ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi elm adamları üzərinə ciddi vəzifələr qoyur. Multikulturalizm Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə yüksəldilib. Multikulturalizm Avropada iflasa uğradığı bir vaxtda Azərbaycanda elmi-nəzəri fikrin əsasına, insanların həyat tərzinə çevrilib. Konfransda Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.